Modern.az

Azərbaycan Avropa İttifaqında dostlarına sədaqət nümayiş etdirdi - Deputatlar

Azərbaycan Avropa İttifaqında dostlarına sədaqət nümayiş etdirdi - Deputatlar

Parlament

17 Dekabr 2021, 12:20

Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən toplantının sonunda Avropa İttifaqı ölkələri və Şərq Tərəfdaşlığı Proqramı dövlətlərinin liderləri birgə sənəd imzalayıblar.

Sənəddə Belarusla bağlı ayrıca bənd olub. Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində qəbul olunan bəyannamənin Belarusla bağlı bəndinə qoşulmayıb.

Maraqlıdır, həmin bəndə nə qeyd olub və Azərbaycanın belə mövqe sərgiləməsi Avropaya mesajdırmı?

 

Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı Modern.az-a deyib ki, Prezidentin bu addımı ölkəmizin nə qədər obyektiv olmasından xəbər verir:

“Burada Azərbaycan üçün hansı ölkənin olması vacib deyil. Biz bununla göstərdik ki, Azərbaycan heç bir beynəlxaq təşkilatın və dövlətlərin əlində alət deyil. Həmçinin, Belarusla dostluğu nümayiş etdirdik. Azərbaycan vaxtilə beynəlxalq təşkilatların ikili standartlarının qurbanı olub. Bu da Qarabağ prosesilə bağlı idi. Prezidentimizin bu addımı belə demək olarsa, beynəlxalq təşkilatlar qarşısında etirazı və dur deməsi idi. Eyni zamanda, Belarus ilə necə tərəfdaş və dost olduğunu bir daha sübut etdi”.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov  Azərbaycanın bir çox məsələlərdə konkret mövqe sərgilədiyini deyib:

“Mən hesab edirəm ki, bu addım növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyinin nəticəsidir. Biz bütün platformalarda, beynəlxalq təşkilatlarda ölkələrlə əməkdaşlıq edirik. Amma özümüzün mənafeyi bizim üçün daha vacibdir. Azərbaycan strateji müttəfiq olduğu ölkələrin maraqlarını hər zaman qoruyub. Yəni Azərbaycan qarşılıqlı hörmətin, əlaqələrin tərəfdaşıdır. Bu da Azərbaycan tərəfinin növbəti dəfə yanaşmasının təzahürü idi. Ortaq maraqlarımızı qoruyuruq, amma bu məsələdə mövqeyimizi ortaya qoymalı idik. Azərbaycan və Belarus arasında münasibətlər yüksək səviyyədədir. Tərəflər də bu əlaqələrə sadiq olmalıdırlar”. 


Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib ki, bəyannamədə Belarusla bağlı sənəd Azərbaycanın xarici siyasətinə əks olduğundan rəsmi Bakı tərəfdaşlıq mövqeyini bölüşmədi:


“Bu bəyannamədə Azərbaycan üçün çox mühim məsələlər əks olunmuşdu. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəklədiyini bəyan etmiş oldu. Belarusla bağlı sənəd isə Azərbaycanın mövqeyinə uyğun deyildi. Buna görə də bəyannaməni qeyd-şərtlə qəbul etdi. Həmçinin, Azərbaycanın digər qeyd-şərti birgə bəyannamənin texniki bəndi ilə bağlı idi ki, bu da münaqişənin təsirinə məruz qalan ərazilərlə bağlı olan hissədir. Belə ki, sənəddə bildirilir ki, Avropa İttifaqı paytaxtlardan kənarda münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verəcəkdi. Azərbaycan məhz bu məsələni də qəbul etmədi.

Azərbaycan və Belarus arasındakı əlaqələr əsas dostluq münasibətləridir. Öz xarici siyasətinə uyğun olaraq dəfələrlə bir çox məsələlərdə birgə bəyannamələrə qoşulmayıb və ya onu dəstəkləməyib. Bura həmçinin Ukraynanın Krım, Gürcüstanın Rusiya ilə çətin vəziyyətdə olanda enerji məsələsini aid edə bilərik. Digər məsələlərdə də Azərbaycan öz siyasi xəttinə sadiq qalır  və dostlarına sədaqət nümayiş etdirir. Bu baxımdan da bəyannamənin Azərbayan tərəfindən dəstəklənməməsi normal qarşılanmalıdır və bu, Azərbaycanın öz seçimidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü