“Qiyamət günü”, “dünyanın dağılması” kimi qeyd edilən 21 dekabra artıq sayılı günlər qalıb. Bir çox insan buna inanmasa da, Azərbaycanda inanıb “qiyamət şamları”, eləcə də yemək tədarükü görənlər də az deyil. Belə bir zamanda Milli Məclisin payız sessiyasının son iclasının 21 dekabra – “qiyamət günü”nə düşməyi də maraq doğurur. Bəs həmin günlə bağlı millət vəkillərimiz diskomfort hiss etmirlər ki?
Deputat Fazil Mustafa qeyd edir ki, Azərbaycan narahatlıqlar gözlənilən cəmiyyətdir. “İnancların çox zəif olduğu, insanların Allahdan başqa daşa, pirə, mayya təqviminə inandığı bir cəmiyyətlərdə insanların ağır xəstəliklər tapmadığına şükür etmək lazımdır. Azərbaycan insanı bu məsələdə 3 kateqoriyaya bölünür. Birinci kateqoriya dekabrın 21-də dünyanın dağılacağına, yaxud hansısa problemin həll olunacağına inanan, ikincisi nə axirəti, nə bu dünyanın gəlişini-gedişini ciddiyə alır, laqeydliklə öz həyatını sürür, üçüncüsü Allah-Təalanın İslam inancına görə axirət sisteminə və qiyamətin haqq olduğuna inananlardır. Təbii ki, biz üçüncü meyarı özümüzə aid edirik və hesab edirəm ki, ümumiyyətlə azacıq həyat varlığı haqqında təsəvvürü olan insanlar üçün hər hansı şübhə yeri olmamalıdır ki, Qiyamət gününün vaxtını Allahdan başqa heç kim bilmir. Ona görə də məncə, bu mənasız iddia müəyyən dərəcədə inancları zəif olan insanların inana biləcəyi bir şeydir”.
F.Mustafa bildirir ki, Milli Məclisin iclasının həmin tarixə düşməsi həm də onu göstərir ki, qanunvericilik orqanı səviyyəsində təsadüfdən, ya qanunauyğunluqdan bu məsələnin əhəmiyyətsiz olduğu bir işarədir.
Millət vəkili Jalə Əliyeva da bu məlumatları necə gündür oxuyur. Bu barədə konkret bir şey deyə bilməyəcəyini qeyd edən J.Əliyevanın fikrincə, planetlərin bir səviyyəyə, bir nöqtəyə düzülməsi müəyyən bir dəyişiklik göstərə bilər. “Amma qaragüruhcasına xəbərlər, dünyanın sonu, dünyanın necə gün qaranlıq içərisində qalması barədə iddialar düşünürəm ki, absurd fikirlərdir. Sadəcə bütün dünyada cəmiyyətləri narahat etmək üçün atılan məsələdir, həqiqətlə heç bir uyğunluğu yoxdur. Biz millət vəkilləri göründüyü kimi, bu məsələyə çox optimist yanaşırıq ki, dekabrın 21-də Milli Məclisdə iclasda olacağıq”.
Deputat Aqil Abbas bu barədə fikirlərini belə qeyd edib: “Düşük adamların çıxardığı düşük iddialar, şoularla bağlı cavab verməyin özünü də düşüklük sayıram. Mənasız bir şeyə şərh verirəm. Şənbə günü “Ədalət” qəzetində bunu yazmışam: “A düşüklər, gedin işinizlə məşğul olun. Bunlar düşük söhbətlərdir”. 21 dekabr sadə iş günlərindən biridir. Milli Məclis üzvləri düşüklərlə oturub durmur axı? Düşük nəsə desin, biz də Milli Məclisin iclasının gününü buna görə təxirə salaq?”.
Millət vəkili Kamilə Əliyeva isə 21 dekabr tarixi ilə bağlı gəzən söz-söhbətə heç bir reaksiya göstərmir. “Boş, cəfəngiyat, kimsə tərəfindən atılmış bir xəbərdir. Heç buna reaksiya da vermirəm, inanmıram. Öz əvvəlki həyatımı davam edirəm. 21 dekabrda Milli Məclisin iclasıdır və buna hazırlaşıram. Hər bir şüurlu insan bu məsələyə belə yanaşmaz ki, nəsə hazırlıq işi görüm”.
Aytən Əliyeva