Artıq Yeni ilin astanasındayıq. Milli Məclisin deputatları nazirliklərin il ərzindəki fəaliyyətlərini qiymətləndiriblər.
Onlar arasında 2021-ci ildə fəaliyyəti tənqid və qənaətbəxş hesab edilənlər var.
Modern.az deputatların təmsil olunduqları qurumlar üzrə fikirlərini təqdim edir:
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Mədəniyyət Nazirliyindəki kadr dəyişikliyindən sonra ümidlərin böyük olduğunu ifadə edib.
Onun sözlərinə görə islahatlar mövzusunda daha çox işlər görülməli idi:
“Bizdə mədəniyyət sferası daha çox təltiflər üzərində qurulub. Sanki bununla işlər yekunlaşır. Konseptual olaraq ölkədə musiqi məktəblərinin vəziyyətinin yaxşılaşdırılması, bu məktəblərin zəruri yerlərdə açılması, mədəniyyət saraylarının fəaliyyətinin aktuallaşması, əlçatanlığı və orada çoxşaxəli vərdişlərin, mədəni komponetlərin aşılanması və s. kimi məsələlərdə ciddi irəliləyiş baş verməyib. İndi Qarabağın işğaldan azad olunmuş ərazilərilə bağlı müəyyən konsepsiyaların həyata keçirilməsi istiqamətində işlər görüldüyünü müşahidə edirik. Abidələrin qorunması, mühafizəsində olduqca böyük problemlər var. Bu problemlər ildən -ilə daha da çoxalır və narahatlıq yaratmağa başlayır. Eyni zamanda, kadrların hazırlanmasında, kitabxanaların yenidən qurulması, kitab mühitinin yaxşılaşdırılması istiqamətində addımlar daha çox gözləniləndir. Bu il ƏDV -lər götürüldü. Yəni, həl əki gözlədiyimiz effekti verən fəaliyyətdən danışmaq tezdir”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov İqtisadiyyat Nazirliyinin 2021-ci ildə Prezident ilham Əliyevin müəyyənləşdirdiyi priotetlərə uyğun olaraq, islahatların dərinləşməsi, qeyri-neft sektorunun istehsal və ixrac imkanlarının artırılması, güclü iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi və iqtisadiyyatın ağardılması ilə bağlı daha sistemli və ünvanlı tədbirlər həyat keçirməyə çalışıldığını bildirib:
“Nəticə etibarı ilə ilin yekunlarında həm iqtisadi artım tempinin yüksək olması, eyni zamanda, qeyr-neft sektoruna dövlət büdcəsinə daxilolmanın praqnozlaşdırmadan daha çox olmasına gətirib çıxardı”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin il ərzində fəaliyyətini dəyərləndirərkən qeyd edib ki, 2021-ci ildə məqsədyönlü və planlı şəkildə tədbirlər həyata keçirilib.
Onun sözlərinə görə işğaldan azad olunmuş ərazilərdə ağacların əkilməsi, flora və faunasına dəymiş ziyanın hesablanması, həmçinin respublikanın digər ərazilərində ağacəkmə kampaniyasının həyata keçirilməsi, qoruqların fəaliyyətinin düzgün təşkil edilməsi, qanunsuz ov etmə və meşələrin məhv edilməsinin qarşısının alınmasında nazirliyin əməkdaşları uğurla iştirak ediblər:
“Bütün bunlarla yanaşı, Göygöl qoruğunda uzun müddətdir gözlədiyimiz bir yenilik də həyata keçirildi. Belə ki, ziyarətçilər daha sivil formada və daha rahat formada qoruğun ərazisinə daxil ola bilirlər. Orada da qoruqla daha yaxşı tanış olmaları üçün xüsusi olaraq bələdçilər ayrılıb”.
Əmək və sosial siyasət komitəsinin sədi Musa Quliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021 -ci il fəaliyyətini qənaətbəxş olduğunu bildirib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Qafqaz Müsəlmanları İdarəsinin illik fəaliyyətini çoxşaxəli adlandırıb:
“Azərbaycan xalqının dini müstəvidə səfərbər olması və dövlətçiliyə xidmət edilməsində atdıqları addımlar qənaətbəxşdir. Bütün xristian və müsəlman dövlətləri arasında dini müstəvidə Azərbaycan haqqında kifayət qədər ideoloji cəbhədə fəaliyyət göstərilib”.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Kənd Təsərrüfatı Nazirliyinin illik fəaliyyətini təhlil edərkən qeyd edib ki, təsərrüfatın bütün sahələrində yaxşı göstəricilər əldə olunub.
Onun sözlərinə görə, nazirliyin həyata keçirdiyi tədbirlər sayəsində bütün sahələrdə məhsul istehsalı artıb:
“İxrac potensialı yüksəlib. Xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi ötən illə müqayisədə artıb. Heyvandarlıq, əkinçiliyin inkişafı üçün kadr potensialının yüksəldilməsi üçün bir çox tədbirlər həyata keçirilib. Ölkədə heyvandarlığın inkişafı üçün süni mayalanmanın təşkili, heyyvanların cinsinin yaxşılaşdırılması, toxumçuluq təsərrüfatlarının və “Elit” toxumçuluq təsərrüfatlarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər aqrar sahənin inkişafına yönəldilib”.
Parlamentin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyevə bldirib ki, Təhsil Nazirliyi son bir il ərzindəki fəaliyyəti dövründə aparılan islahatlar sayəsində Azərbaycan təhsilinin səviyyəsi keyfiyyətcə yüksəlib.
Səhiyyə komitəsinin üzvü İlham Məmmədov Səhiyyə Nazirliyinin illik fəaliyyətini uğurlu hesab edib.
Onun sözlərinə görə, iki illik pandemiya zamanı sanitar-epidemioloji vəziyyətin nəzarət altında saxlanılması, görülən tədbirləri uğurlu fəaliyyət adlandırmaq olar:
“Təcili yardım il boyu 24 saat ərzində xəstələrin daşınması, vaxtında tibb müəssisələrinə çatdırılması üçün əlindən gələni etdi. Bir il ərzində bu sahədə hansısa ciddi problem aşkar edilməyib”.
Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Ramin Məmmədov 2021 -ci il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini birmənalı şəkildə səmərəli və genişmiqyaslı qiymətləndirib.
“Fəaliyyətə daha dəqiq nəzər salsaq görəcəyik ki, Komitə il ərzində bir neçə istiqamət üzrə öz fəaliyyətini qurmağa nail olub. Regionlarda vətəndaşların maariflənməsi, hüquq və azadlıqlarının, öhdəliklərinin tanınması istiqamətində bir sıra addımlar atılıb”.