Milli Məclisin deputatı Jalə Əhmədova ilin yekunları ilə bağlı Modern.az-a müsahibə verib.
- Jalə xanım, Azərbaycan ötən il 30 ildir işğal altında olan torpaqlarını azad etdi, şanlı qələbə qazandı. Bu il xalq, dövlət olaraq bizim üzərimzə daha ağır və məsuliyyətli iş düşürdü. Azad olan torpaqlarımızı bərpa etmək, minaların təmizlənməsi, böyük qayıdışa hazırlıq və s. Ümumiyyətlə, 2021-ci il xalqımız üçün hansı hadisələrlə əlamətdar oldu?
- 2021-ci il - 30 illik işğaldan qurtulmuş Şuşada cənab Prezidentin və Mehriban xanımın Novruz tonqalını qalaması, Şuşada şəhidlərimizin xatirəsinə həsr edilmiş “Xarı Bülbül” festivalının keçirilməsi, Bakıda Hərbi Qənimətlər Parkının açılışı, dövlət başçımızın qətiyyəti sayəsində Ermənistanın minalı ərazilərin xəritəsini Azərbaycana verməsi, Füzuli Beynəlxalq Hava Limanının açılışı və Bakıdan ilk sərnişin təyyarəsinin sınaq uçuşunun həyata keçirilməsi, 15 İyun - Milli Qurtuluş Günündə Şuşada Türkiyə Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamənin imzalanması ilə yadda qaldı. Cənab Prezidentin Sərəncamı ilə 2021-ci il - “Nizami Gəncəvi ili” olaraq yaddaşlara yazıldı.
- Azərbaycanda qanunverici orqan olaraq Milli Məclisin fəaliyyəti olduqca vacibdir. Bu il parlament fəaliyyəti hansı hadisələrlə yadda qaldı, beynəlxalq əlaqələrin qurulmasında hansı yeni addımlar atıldı?
- 2021-ci il ərzində Azərbaycan parlamenti öz fəaliyyətini uğurla həyata keçirdi, Qanun layihələrinin geniş müzakirələri təşkil edildi. Yüzlərlə qanun və qərarlar qəbul olundu. Bu il, iyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan arasında hərtərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyan Bakı Bəyannaməsi imzalandı, hər üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Üç Qardaş 2021” birgə təlimləri keçirildi.
- Postmüharibə dönəmində Azərbaycanın xarici siyasəti vacib məsələlərdəndi. Bu il, həmçinin, bir neçə tərəfin iştiraki və vasitəçiliyi ilə müxtəlif görüşlər keçirildi. Bu görüşlərin xarici siyasətimizə təsirləri nə dərəcədə əhəmiyyətlidir?
- 2021-ci ildə cənab Prezidentin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci Zirvə Görüşündə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi hər birimizi qürurlandırdı. Prezidentin Aşqabad şəhərinə səfəri və İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirakı, keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın xarici siyasətinin uğurlu nəticələrindən xəbər verdi. Prezident İlham Əliyevin Soçi və Brüssel görüşləri Azərbaycanın növbəti uğurları kimi dəyərləndirildi.
- Bu il həmçinin şanlı qələbəmizin birinci ilini qeyd etdik. Qalib xalqın deputatı kimi müharibə qəhrəmanlarımızın unudulmaması, problemlərinin həll olunması üçün hansı işləri gördünüz?
- 2021-ci ildə 8 noyabr tarixinin əzəmətini yaşadıq, möhtəşəm Zəfərimizin birinci ilini qeyd etdik. 44 gün ərzində şəhid ailələrini ziyarət edərək Azərbaycanın suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ildönümlərində iştirak etdik, onların dərdinə şərik olduq.
Yola saldığımız 2021-ci il, Salyan rayonunda şəhidlərin xatirəsinə həsr edilmiş anım tədbirləri keçirdik. Həm 59, həm də 60 saylı Salyan seçki dairələrinin ərazisində yaşayan 62 nəfər şəhidin valideynləri, həmçinin 32 nəfər qazinin dəvət olunduğu mərasimdə şəhidlərin valideynlərinə təşəkkürnamələr təqdim etdik.
- Seçiciləriniz qəbullar zamanı daha çox hansı problemlərlə sizə müraciət edirlər?
- 2021-ci il Salyan rayonunun Gilan qəsəbəsinə, Beştalı, Cəngan kəndlərinə təbii qazın verilməsi ilə əlamətdar oldu. İllər idi qaz problemindən əziyyət çəkən salyanlıların arzusu yerinə yetdi ki, buna görə də dövlətimizin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.
Seçicilərimi narahat edən bəzi məsələlər ilə bağlı mədəniyyət, meliorasiya və su təsərrüfatı, rabitə, kənd təsərrüfatı nazirləri ilə görüşdüm. Bir sıra QHT rəhbərləri ilə görüş keçirdik.
59 saylı Salyan seçki dairəsi üzrə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq vətəndaşlarla fəaliyyətinə dair onu deyə bilərəm ki, 2021-ci il ərzində vətəndaşlar tərəfindən 211 müraciət daxil olub ki, onlardan yekun olaraq 131-i müsbət həll edilib, 33-ü qanunvericiliyin tələblərinə uyğun olmadığına görə əsassız sayılıb, 47-i isə aidiyyatı üzrə icraatdadır. 2021-ci il dövründə tərəfimizdən baxılması üçün aidiyyatı orqanlara 34-ü deputat sorğusu olmaqla 263 məktub göndərilib. Şifahi müraciətlərin sayı 464, deputat tərəfindən qəbul edilmiş vətəndaşların sayı isə 562 nəfər olub.
Onu da qeyd edim ki, daxil olan vətəndaş müraciətlərinin baxılması üçün aidiyyatı orqanlara göndərilməsi ilə yanaşı, eyni zamanda problemlərin şifahi həllinə də üstünlük verilib. Hər bir müraciət müəllifinə xüsusi diqqət və həssaslıqla yanaşılmış, onların üzləşdikləri problemlərin səlahiyyətlərimiz çərçivəsində həllinə çalışmışıq. Həlli deputatdan asılı olmayan müraciətlərin müəlliflərinə isə tövsiyə xarakterli cavab məktubları göndərilmiş, onlara hüquqları izah olunmuşdur.
- Bir çox əlamətdar hadisələrlə yadda qalan 2021-ci ili artıq yola salırıq və qarşıdan 2022-ci il gəlir. 2022-ci ildə Azərbaycanımız, dövlətimiz və xalqımız üçün nələr arzu edirsiniz?
- 2022-ci ilin Azərbaycanımız, dövlətimiz və xalqımız üçün xeyirli, uğurlu olmasını arzulayıram. Azərbaycan xalqını, seçicilərimi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edir, hər kəsə sağlam ömür və firavanlıq diləyirəm.