Modern.az

Milli Məclisdə yaradıcı təşkilatlar tənqid olundu: “Bunlar millətin kökünü belə, tapa bilmirlər”

Milli Məclisdə yaradıcı təşkilatlar tənqid olundu: “Bunlar millətin kökünü belə, tapa bilmirlər”

21 Dekabr 2012, 13:42

Milli Məclisin bugünkü iclasında “Mədəniyyət haqqında” qanunun müzakirəsi zamanı çıxış edən deputat Siyavuş Novruzov Azərbaycanda fəaliyyət göstərən yaradıcı təşkilatları ciddi tənqid edib. Deputat qeyd dib ki, ölkədəki yaradıcı təşkilatlar 1960-cı ildəki mühiti xatırladır. S.Novruzov bu qurumlarda ciddi islatahlara ehtiyac olduğunu bildirib.

“Milli Elmlər Akademiyası da daxil olmaqla bütün təşkilatları nəzərdə tutaraq deyə bilərəm ki, dünyanın heç bir yerində belə bir şey yoxdur ki, bu cür dövlət qurumları olsun. Məgər Cek London yaradıcılıq ittifaqının üzvü olub?”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, dövlətin maliyyələşdirdiyi yaradıcı təşkilatlar ortaya müsbət heç nə qoya bilmirlər. “Kinematoqrafçılar İttifaqı vardı, iki il ərzində dövlət tərəfindən maliyyələşdi. Bu təşkilat nə Qarabağla bağlı, nə də dövlətlə bağlı ortaya bir şey qoya bildilər. Amma bir balaca üstlərinə gedən kimi, qışqırıqları başdan aşdı. Bu baxımdan ciddi islahatlar vacibdir. Bizim yazıçılarımızın biri bibisindən yazır, biri xalasından yazır, adını da qoyur ziyalı başlayır çıxış eləməyə”, - deyə deputat narazılıq edib.

Millət vəkilinin fikrincə, dünyada özəl yaradıcı təşkilatlar var ki, istənilən şəxs bu təşkilatlara üzv ola bilərlər. “Mədəniyyət təşkilatları ilə bağlı yeni yanaşma tapılmalıdır. Mədəniyyətin, incəsənətin inkişaf etməsi üçün bu vacibdir”, - deyə deputat vurğulayıb.

O, qeyd edib ki, elmlə məşğul olmaq üçün yeni nəsil bu təşkilatlara gəlmir. Elmi araşdırmalarla məşğul olan institutları ciddi tənqid edən deputat bildirib ki, elmi titullarını sovet dövründə alan şəxslər hara gedirlərsə, SSRİ-də ali məktəb, konservatoriya bitirdiklərini vurğulayırlar.

“SSRİ qutardı da, indi ortaya yeni bir şey qoymaq lazımdır. Elm adamlarına stimul vermək lazımdır” – deyə deputat vurğulayıb:

“Onlar hansı nailiyyətlər əldə ediblər? Son dövrdə dünyaya çıxacaq hansı nailiyyətləri var?  Hesabat olmalıdır, biz bilməliyik ki, bu pullar hara xərclənir. Ortada nə var? Bununla bağlı dövlət pul ayırır. Elmin bu səviyyədə olması ciddi problemlər yaradır. Bu adamlar millətin kökünü belə, tapa bilmirlər. Biri deyir türkdü, biri deyir farsdır. Bunu ortaya çıxartmaq lazımdır”.

Onun çıxışından sonra söz alan Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Siyavuş  Novruzovun fikirləri ilə razı olduğunu deyib. Deputat bildirib ki, Siyavuş Novruzovun dedikləri yalnız ideal vəziyyət üçün düzgündür.

İslahatların vacib olduğunu deyən N.Cəfərov bildirib ki, hər hansı dəyişikliyin edilməsi birdən-birə mümkün deyil. 

“Sovet dövründə yazıb-yaratmış nəsillərə birdən çəkil demək mümkün deyil”, - deyən deputat qeyd edib ki, elmin dövlət dəstəyinə böyük ehtiyacı var.

Milli Məclis bugünkü iclasında “Mədəniyyət haqqında” qanunu nəhayət sonuncu - üçüncü oxunuşda qəbul edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım