Modern.az

Siyavuş Novruzdan Gövhər Baxşəliyevaya sərt cavab: “20 ildir siyasətdəyəm...”

Siyavuş Novruzdan Gövhər Baxşəliyevaya sərt cavab: “20 ildir siyasətdəyəm...”

21 Dekabr 2012, 14:30

Milli Məclisin bugünkü iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Şərqşünaslıq İnstitutunun direktoru, deputat Gövhər Baxşəliyevanın onun ünvanına səsləndirdiyi “diletant”, “naşı” sözlərinə etiraz edib və Gövhər Baxşəliyevaya cavab verib.

Modern.az-ın məlumatına görə, S.Novruzov bildirib ki, Fəzail İbrahimli və Gövhər Baxşəliyeva Azərbaycan məktəblərində tarix kitablarının hansı səviyyədə olduğunu görəndən sonra bu suallara cavab tapmalıdır. Siyavuş Novruzov Gövhər Baxşəliyevanın onun ünvanına səsləndirdiyi “elm adamları partiya funksionerlərindən daha çox xeyir verir” ifadəsinə etiraz edərək bildirib ki, YAP-ın funksioneri olmaqdan qürur duyur.

“Partiya funksioneri olmağı özümə şərəf hesab edirəm. Heydər Əliyevin çörəyini yeyənlər, atalı, balalı, analı qaçıb gizlənəndə YAP-ı yaradanlar əziyyət çəkiblər. Gövhər Baxşəliyevanın çıxışına etirazımı bildirirəm. Yeni Azərbaycan Partiyasının sıralarında çox sanballı elm adamları olub. Elə Şərqşünaslıq İnstitutunun keçmiş direktoru, mərhum Ziya Bünyadov məhz belə adamlardan olub”.

Siyavuş Novruzov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının sıralarında çoxlu adlı-sanlı alimlər var. “Abel Məhərrəmovun elmi işlərini yüksək qiymətləndirmişik və hakim partiya onu Nobel mükafatın təqdiminə irəli sürmüşdü”.
S. Novzurov bildirib ki, hər hansı fikri deyərkən onun əsaslandırılması vacibdir. Deputatların çıxışları ilə bağlı belə əsassız ifadələrin işlədilməsi yolverilməzdir.

“Bu gün kimsə ya zəlzələdən, ya vəlvələdən Şərqşünaslıq İnstitutunda direktor işləyir. Məlumdur ki, orada normal seçki keçirilsə, kim direktor olacaq.  Azərbaycanın şərəfli və tarixi elmi keçmişi var. Qara Qarayev, Üzeyir Hacıbəyov, Ziya Bünyadov və digərləri var. Gəlin görək Şərqşünaslıq İnstitutu Ziya Bünyadovdan başqa kimi yetişdirib ortaya qoyub? İnternetə baxdıqda Qafqazda Albaniya, Atropatena, Nizami ilə bağlı çox araşdırmaların ortaya qoyulduğunun şahidi ola bilərik. Bəs siz hansı əsərləri yazıb ortaya qoymusunuz? Bunun hesabatı hardadır? Kimsə Firdovsidən müdafiə edib alim adı alıbsa, bu yanaşma deyil axı”, – deyə S.Novruzov vurğulayıb.

YAP-çı deputat qeyd edib ki, istənilən adamla onun öz sahəsində polemika aparmağa hazırdır.

“Əgər indi bu adam direktordursa, sabah başqası ola bilər. Kimsə bu vəzifədə əbədi deyil. Bu gün biridirsə, sabah başqası ola bilər. Bəzən kimisə tənqid edirsən. Nazirlikdən cavab gəlir. Elə bilir ki, ömürlük orada oturub. Yanaşma tərzi, polemika düzgün olmalıdır. Mən 3 ali təhsil almışam, kim deyir ki, savadsızam. Naşılıq deyirlər. Mən 20 ildir ki, siyasi həyatdayam, nə danışdığımı yaxşı bilirəm. O danışanlar 20 ildə hansı əsəri ortaya qoyub? Bu məsələləri müzakirə etmək lazımdır. Kimsə çıxış edirsə, öz fikrini desin. Deputatın fikirlərini diletantlıq ifadələri saymaq yolverilməzdir. İstənilən adamla onun sahəsində müzakirə etməyə hazıram”, – deyə S.Novruzov əsəbi şəkildə çıxışını yekunlaşdırıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım