«Gülər Əhmədova ilə ilk dəfə parlamentin iclas salonunda tanış olmuşam, o vaxta qədər bu xanımla heç bir şəxsi tanışlığım olmayıb»
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən son vaxtlar ayrı-aryı şəxslərin ünvanına sərt ittihamlar səsləndirilir. Bu günlərdə isə belə bir məlumat yayılıb ki, Elşad Abdullayevin seçki müzakirələrini əks etdirən videogörüntülərdə keçmiş deputat Gülər Əhmədova hazırki millət vəkili Rafael Cəbrayılovu da «öz gücü ilə» deputat seçdirdiyini deyib. Həmin məlumatda deputat Rafael Cəbrayılovun «rüşvət» müqabilində deputat seçildiyi iddiası yer alıb. Milli Məclisin Binəqədi rayonundan seçilmiş deputatı, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov Modern.az-a açıqlamasında məsələyə belə münasibət bildirib:
«Əvvəla onu bildirim ki, Elşad Abdullayev gündəmdə qalmaq üçün primitiv «qara piar» kampaniyasından istifadə edir. O, çox qorxaq və mənəviyyatsız adamdır. Belə olmasaydı indiyə qədər yaydığı sənədləri və videogörüntüləri dolayısı ilə deyil, birbaşa istintaq orqanlarına təqdim edərdi.
Digər bir tərəfdənsə, Elşad Abdullayevin hərəkətlərində cinayət tərkibi var. Ən azından ona görə ki, vaxtilə universitetin rektoru olduğu zaman yüzlərlə gənci TQDK-ın test imtahlarından kənar və vəzifəsindən sui-istifadə edərək qəbul etmişdir ki, həmin gənclər təhsillərini başa vursalar belə diplom ala bilməmişlər. Təbii ki, Elşad Abdullayev həmin gəncləri xeyriyyəçilik məqsədi ilə deyil, rüşvət müqabilində qəbul etmişdi. Bu hamıya bəlli olan bir həqiqətdir. «Ədalət çarçısı» olan Elşad Abdullayev bu məlumatları onun barəsində cinayət işi başlanandan sonra deyil, əvvəldən öz təşəbbüsü ilə qaldıra bilərdi. Belə etsəydi indi özündən guya Azərbaycandakı «qanunsuzluqlara qarşı mübarizə aparan Don-Kixot obrazı» yaratmağa ehtiyac qalmazdı. Bu şəxsin nəzarətində olan klinikalarda isə insan daxili orqanlarının transplantasiyası həyata keçirilmişdir. Gedib xarici ölkədə gizlənərək «qara məni basınca mən qaranı basım» prinsipini rəhbər tutan Elşad Abdullayev utanmadan öz qarayaxma əməllərinin yeni formalarını «icad» edir. Ölkədən qaçıb gizlənən Elşad Abdullayev ayrı-aryı insanlara habelə Azərbaycan dövlətçiliyinə çox böyük xidmətləri olmuş insanlara qarşı qarayaxma əməllərini davam etdirir.
Onun cəfəng, böhtan, uydurma bəyanatları görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər. Hesab edirəm ki, Elşad Abdullayev 2013-cü il prezident seçkiləri öncəsi anti-azərbaycan qüvvələrin tapşırığı ilə bu çirkin kampaniyanı aparır. Onun hətta erməni lobbisi ilə əməkdaşlığı təsdiq olunarsa mən heç də təəcüblənmərəm.
O ki qaldı sabiq deputat Gülər Əhmədovanın mənim barəmdə söylədiklərinə qısaca deyə bilərəm ki, Gülər Əhmədova ilə ilk dəfə parlamentin iclas salonunda tanış olmuşam, o vaxta qədər bu xanımla heç bir şəxsi tanışlığım olmayıb.
Mən bu cür cəfəng fikirlər söyləyən insanlara bildirmək istəyirəm ki, Binəqədi seçicilərinin heysiyyatı ilə oynamasınlar. Binəqədi seçiciləri Elşad Abdullayevdən fərqli olaraq Azərbaycan tarixinin ən çətin dönəmlərində dövlətçiliyə sədaqətlərini qorxmadan nümayiş etdiriblər və sərbəst şəkildə öz iradələrini ifadə edib məni deputat seçiblər. Əgər Binəqədi camaatı Elşad Abdullayev kimi birisinə səs verməyibsə, bunun günahı seçicilərdə deyil Elşad Abdullayevin mənəviyyatı və əqidəsindən qaynaqlanan əməlləridir". Modern.az