Prezident İlham Əliyevin ölkədə minimum əməkhaqqının artırılması ilə əlaqədar sərəncam 800 mindən çox insanın maaşına təsir göstərəcək.
2022-ci il yanvarın 1-dən minimum əmək pensiyasında, müavinət və təqaüdlər də artırılıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov Modern.az-a bildirib ki, dövlətin əsas siyasəti insanların rifah halının yaxşılaşdırılmasına yönəlib.
Onun sözlərinə görə, son illəri təhlil etsək, minumum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin artırılması, şəhid və qazi ailələrinin mənzillərlə, minik avtomobilləri ilə təmin olunması, qazilərin reabilitasiya xidmətlərinin yüksəldilməsi və s istiqamətdəki işlərini aydın görərik:
“Dövlətimizin bu işdə saysız uğurlu addımları var. 2021-ci ilin sonunda Prezident İlham Əliyev 2022-ci ilin yanvar ayından minimum əmək haqlarını, pensiyaları, müəyyən sahədə çalışan işçilərin əməkhaqlarını 20 faiz artırdı. Bu cür sosialyönümlü tədbirlər mütəmadi xarakter daşıyır. Bu, dövlətimizin əsas siyasi xətlərindən biridir. Prezidentimiz üçün bir nömrəli məsələ vətəndaşların rifah halının günü-gündən yaxşılaşdırılmasıdır. Təbii ki, bəzi məsələləri nəzərə almaq lazımdır.
2019-cu ildən dünyanı cənginə almış pandemiya Azərbaycandan da yan keçmədi. COVID-19 pandemiyası bütün ölkələrin iqtisadiyyatına ciddi təsir göstərib. Bəzi ölkələr hətta bunun qarşısında aciz qaldı. Amma Azərbaycan iqtisadiyyatının gücü və ölkə rəhbərinin uğurlu siyasəti nəticəsində çevik, qabaqlayıcı tədbirlər görüldü. Bütün bunlar təbii ki, vəsait tələb edən işlərdir, elə-belə olmur. 10 min çarpayılıq modul tipli xəstəxanaların və yaxud digər dövlət xəstəxanaların bu istiqamətdə xidmət göstərməsi bunun bariz nümunəsidir.
Pandemiyanın ilk vaxtlarında iş yerləri bir müddət fəaliyyətini dayandırdı. Amma buna baxmayaraq, dövlət bütün əməkhaqlarını ödədi, aztəminatlı ailələrə müavinətlər verildi. Bütün bu görülən işləri dəyərləndirmək lazımdır. İnsanlar nəzərə almalıdır ki, pandemiya Azərbaycan iqtisadiyyatına öz təsirini göstərdi. Eyni zamanda unutmayaq ki, Azərbaycan 30 ilə yaxın zamanda işğal altında olan torpaqlarını azad etdi.
Müharibədən yeni çıxmış ölkəyik. 44 günlük müharibədə çox böyük vəsait xərcləndi, 3000 şəhidimiz oldu. Onların ailələrinin təminatı, qazilərimizin müalicəsi, sağlamlıqlarının yenidən bərpası üçün vəsaitlər sərf olundu. Təkcə bərpa olunmuş dövlət sərhədlərimizin möhkəmlənməsi üçün 700 km-dən artıq yol çəkilib. Təbii ki, bunlar dövlət vəsaitləri, büdcəsi hesabına həyata keçirilir".
Deputat qeyd edib ki, Azərbaycan dünyanın bir parçasıdır və dünya ölkələrində baş verən proseslər istər-istəməz zəncirvari olaraq, bizə də təsir edir:
"Unun və çörəyin qiymət artımı hər kəsə mənfi təsir göstərir. Amma anlamlı yanaşsaq görərik ki, biz taxılı Ukrayna və ən çox da Rusiyadan idxal edirik. Əgər Rusiya, Ukraynada taxılın qiyməti artırsa, bu Azərbaycana da öz mənfi təsirini göstərəcək. Dövlətimiz əhalini nəzərə alaraq qiymət artımını birdən-birə, kəskin şəkildə yox, məcburən artırmalı olur. Minimum əmək haqlarının və pensiyaların artırılması istər-istəməz müəyyən xərclərin qarşısını almaq üçün dövlət tərəfindən verilmiş dəstəkdir. Düşünürəm ki, yaxın gələcəkdə taxılla bağlı öz təminatımızı ödəmək gücündə olacağıq. Çünki dövlətimiz bu istiqamətdə mühüm addımlar atır. İşğaldan azad olunmuş bölgələrdə taxıl əkimi ilə əlaqədar bəzi sahələrin ayrılması nəzərdə tutulur. Belə bir məlumat da var ki, başqa ölkələrdən torpaq icarəyə götürüb, orada taxıl istehsal edə bilərik. Düşünürəm ki, bütün bu problemlər zamanla öz həllini tapacaq. Hər birimiz mövcud vəziyyətlə razılaşmalıyıq".