2022-ci il yanvarın 1-dən minimum əmək haqqı, minimum pensiya, müavinət və təqaüdlər artırılıb.
Bu barədə Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib ki, Prezident İlham Əliyevin 2003-cü ildən həyata keçirdiyi dövlət siyasətinin təməlində sosial yönümlülük, ədalət və humanizm dayanır.
Onun sözlərinə görə, ötən dövrə nəzər saldıqda, bunun bir daha şahidi oluruq:
"Xüsusən ötən dövrdə dünyada bir neçə dəfə baş verən və bu gün də davam edən maliyyə böhranı zamanı Prezident dövlətimizin bütün resurslarından istifadə edərək, əhalinin bu böhrandan minimum zərərlə çıxmasına nail oldu. Aztəminatlı və əhalinin həssas qrupunun, eləcə də xüsusi imtiyazları olan vətəndaşlarımızın banklardakı yüz minlərlə borcu dövlətimizin imkanları ilə silindi. Bir milyondan çox qaçqın və köçkünlərə, Birinci və ikinci Qarabağ savaşı şəhid və qazilərinə, veteranlarımıza olan yüksək dövlət qayğısı məhz İlham Əliyevin həyata keçirdiyi siyasətin nə qədər ədalətli və humanist olduğunu sübut edir. Xüsusi qeyd etmək istərdim ki, Azərbaycanda şəhid, qazi və müharibə veteranlarına göstərilən dövlət qayğısını dünyanın heç bir dövləti ilə müqayisə etmək olmaz".
Deputat qeyd edib ki, keçmiş Sovet respublikalarından bəzilərində hərbi münaqişələr hələ də var:
"Bu ölkələrdə də şəhid, qazi və veteranlar var. Amma onların heç birində əhalinin bu qrupu ölkəmizdəki kimi dövlət qayğısı ilə əhatə edilmir. On minlərlə şəhid, qazi ailələrinin mənzil və minik maşınları ilə təmin olunmasını sözsüz ki, ancaq humanizm adlandırmaq olar.
Minnətdarlıqla qeyd etməliyik ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həm ölkəmizdə, həm də xaricdə gerçəkləşdirilən genişmiqyaslı sosial və humanitar layihələr beynəlxalq aləmdə dövlətimizin sosial yönümünü nümayiş etdirir. Hər il dünyada gedən maliyyə-bank sistemində, eləcə də iqtisadiyyat sahəsində baş verən böhranın yaratmış olduğu infilyasiyanı nəzərə alaraq, Prezident tərəfindən əmək haqqları, pensiya və təqaüdlər artırılır. 2021-ci ilin sonuncu günündə Azərbaycan xalqını təbrik edərkən Prezident İlham Əliyev xalqımızın rifahının onun siyasətində hər zaman prioritet olmasını xüsusi vurğulayaraq, sosial problemlərin onun diqqətində olmasını bir daha bildirdi. O, təbrikində 2021-ci ildə ölkəmizdə vergi xidmətinin səmərəli fəaliyyətinin nəticəsində dövlət büdcəsinə əlavə 1,4 milyard vəsaitin daxil olmasını bildirərək, yığılmış vəsaitin bütövlükdə əhalinin sosial qrupunun pensiya, təqaüd və əmək haqqının artırılmasını sərf edildiyini qeyd etdi. Heç də təsadüfi deyil ki, 2021-ci ilin son ayının son on günündə onun imzaladığı fərman və sərəncamların əksəriyyəti aztəminatlı ailələrin, əhalinin sosial qrupunun rifahının yaxşılaşdırılması, əmək haqqlarının , pensiya və təqaüdlərin, minimum əmək haqqının artırılması məqsədini daşıyır".
M.İbrahimqızı Prezidentin imzaladığı sərəncamların, dünyada 2022-ci ildə də davam edəcək maliyyə böhranının əhalinin rifahına mənfi təsirinin qarşısının alınmasında kompensasiyaedici rol oynayacağını bildirib.