Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən deputat Aykut Erdoğdunun Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmağa hesablanmış açıqlaması qardaş ölkədə etirazla qarşılanıb. Onun təxribatçı çıxışına Türkiyə iqtidarından cavab gecikməyib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Modern.az-a açıqlamasında bildirib ki, Aykut Erdoğdunun səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir:
“Bunlar Azərbaycan və Türkiyə arasında əlaqələrin pozulması üçün atılmış adddımlardır. Təbii ki, buna iki tərəfdən də icazə verilməyəcək. Deputatın iddiaları Şuşa Bəyannaməsinin qəbul edilməsindən əvvəl ortaya atılıb, amma dünəndən gündəmə gətirilib. Burada maraqlı məqamlar var. İki ölkə üçün vacib olan sənəd Türkiyə Böyük Millət Məclisində dörd partiyanın ortaq qərarı ilə qəbul edilib. Həmin deputat Şuşa Bəyannaməsini qəbul edən partiyalardan birinin - CHP-nin üzvüdür. Bu gün deyə bilərəm ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycana güclü dəstək var. Hətta həmin şəxsin (Aykut Erdoğdunu nəzərdə tutur-red) partiyası da Azərbaycanı dəstəkləyir. Əslində biz onun fikirlərinə o qədər də önəm vermirik. Bizim üçün əsas Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olmasıdır. Vacib olan budur. Ona artıq lazımi cavab verilib”.
Qeyd edək ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasıının (CHP) üzvü, millət vəkili Aykut Erdoğdu öz sosial şəbəkə hesabında Azərbaycan - Türkiyə münasibətlərinə kölgə salacaq fikirlər səsləndirib. O, Azərbaycan və Türkiyə əlaqələrində guya bir sıra qaranlıq məqamların olduğunu iddia edib.
Həmçinin oxuyun:
Təxribatçı çıxışlar edən CHP-li deputat KİMDİR...