“Eyni adamın 30 ilə yaxın siyasətdə qalması bəzən xoş qarşılanmır”
Gürcüstan parlamentinin sabiq azərbaycanlı deputatı Azər Süleymanov siyasətdən uzaqlaşdıqdan sonrakı fəaliyyəti haqqında Modern.az-a danışıb. Keçmiş deputat ehtiyac olarsa, yenidən siyasi sahəyə qayıda biləcəyini söyləyib:
“27 illik siyasi fəaliyyətimdən sonra bir müddət gənclərimizə də imkan yaratmaq istədim. Eyni adamın 30 ilə yaxın siyasətdə qalması bəzən xoş qarşılanmır. Mən 16 il davam etməklə, dörd çağırış parlamentin deputatı seçilmişəm, 5 il Kvemo-Kartli qubernatorunun müavini işləmişəm, 4 il Marneoli şəhər rəhbərliyinin iqtisadiyyat şöbəsinin sədri olmuşam. Düşünürəm ki, bunun gənclərdə qısqanclıq yaratması ola bilərdi. Ona görə də savadlı və dəyərli gənclərimizə imkan yaratdıq ki, siyasi fəaliyyətdə daha da aktivləşsinlər".
A.Süleymanov bildirib ki, 25 il bundan əvvəl Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dilini səlis bilməsi ilə əlaqədar problemlər var idi. Bu gün isə Azərbaycan dövlətinin köməyi, Prezidentin birbaşa təşəbbüsü, SOCAR-ın dəstəyi ilə 3 minə yaxın azərbaycanlı tələbə Gürcüstanın dövlət universitetlərində təhsil alır. Çox gözəl gənclik yetişib.
"Gənclərə yol açırıq, amma həmişə deyirlər ki, gənclərin yanında təcrübəli şəxslərin olmağı yaxşıdır. Gənclərimizin hamısı ilə sıx təmasdayam, görüşürəm. Sadəcə bir müddət siyasətdən uzaqlaşmışam. Xırda işlərimlə məşğulam. Əgər ehtiyac olarsa ki, Azər Süleymanov bir daha siyasətə qayıtsın, əlbəttə, qayıdacağam. Amma ehtiyac olmasa, bugünkü gənclərə hər dəstəyi göstərməliyik.
Açığını deyim ki, mənim heç 55 yaşım da yoxdur, gənc sayılıram. Bir daha bildirirəm ki, hər zaman sıravi əsgər kimi Azərbaycan, Gürcüstan, orada yaşayan soydaşlarımız üçün xidmətə hazıram”, - deyə sabiq deputat söyləyib.
Qeyd edək ki, Azər Süleymanov Gürcüstan parlamentinin sabiq deputatıdır. O, uzun illər keçmiş prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat partiyası sıralarında təmsil olunub. A.Süleymanov ötən ilin yayında partiyadan öz istəyilə ayrıldığını bəyan etmişdi:
“Partiyadan istefa verməyimin səbəblərini sosial şəbəkə hesabımda açıqladım. Detalları qeyd etməyə ehtiyac yoxdur. Siyasətdən uzaqlaşıram. Seçkilərdə iştirak etməyəcəyəm. 20 il çalışdığım partiyadan ayrılmağım birdəfəlikdir. Bəzi liderlərlə dil tapa bilmədik. Ən əsası da odur ki, müxalifətdə təmsil olunsaq belə, azərbaycanlıların kompakt yaşadığı regionlarla bağlı düzgün qərarların verilmədiyinin şahidi olurdum. Hamısı bir-birinin üzərinə yığılmışdı. Ona görə də partiyada qalmağımın yeri olmadığına qərar verdim. Partiyanın daxilində problemlər var idi. Oradakı dostlarıma hörmət naminə detalları açıqlamaq istəmirəm. Bir az dincəlməyə ehtiyacım var”.