Modern.az

Mehriban xanımın ən böyük mükafatı xalqın sevgisidir

Mehriban xanımın ən böyük mükafatı xalqın sevgisidir

19 Fevral 2022, 17:12

Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi həyatında , eləcə də dünyada  Azərbaycanın nüfuzunun artmasında müstəsna xidmətlər göstərmişdir. Bütün bu xidmətləri nəzərə alaraq Prezident cənab İlham Əliyevin 2017 ci il 21 fevral tarixində imzaladığı Sərəncamla Mehriban Əliyeva  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu.  Birinci vitse-prezident seçildikdən sonra da Mehriban xanım mütəmadi olaraq ölkəmizdə  həssas təbəqədən olan insanların problemlərini həll etməyə, ana nəvazişindən məhrum uşaqları sevindirməyə, qədim və zəngin mədəniyyətimizi təbliğ etməyə ikiqat zəhmətlə fəaliyyət göstərməyə davam etdi. Bu gün kiçikdən böyüyə qədər hər bir Azərbaycan vətəndaşı Mehriban xanımı sevir və böyük hörmət bəsləyir.

 

Azərbaycan musiqisinin və mədəniyyətinin dünyada təbliğində və layiqli  yer tutmasında Mehriban xanımın xidmətləri əvəzsizdir. Məhz Mehriban xanımın sayəsində bir çox tarixi və mədəniyyət nümunələrimiz  Ümumdünya  İrs siyahısına daxil edilmişdir. Bütün bəşəriyyəti heyrətə salan Azərbaycan muğamının da dünyada tanınmasında Mehriban xanım Əliyevanın müstəsna xidməti olmuşdur. Birinci vitse-prezident ölkəmizdə idman hərəkatının genişlənməsini təmin edir, ekoloji problemlərin həllinə böyük dəstək göstərir. İşğaldan azad edilmiş torpaqlarımızda tarixi, dini, mədəni abidələrimizin bərpasında da Mehriban xanım böyük xidmət göstərməkdədir.

 

Mehriban Əliyeva yüksək idarəçilik təcrübəsinə malik, dövlət idarəetməsini, eləcə də beynəlxalq siyasəti mükəmməl bilən, liderlik bacarığına malik xanımdır. Mehriban xanım Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, 2005-2017 ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO və İSESCO nun Xoşməramlı səfiridir. Yüksək peşəkarlıq və effektiv qərarlar qəbul etmək  Mehriban xanıma xas ən üstün xüsusiyyətlərdən biridir. Mehriban xanım Əliyeva rəhbərlik və təşkilatçılıq etdiyi beynəlxalq tədbirlərdə hər zaman dünyaya Azərbaycanın güclü dövlət olduğunu nümayiş etdirir. Azərbaycan və dünya ictimaiyyəti 2017 ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək peşəkarlıq qabiliyyətinin şahidi oldu. UNESCO nun Ümumdünya İrs Komitəsinin 43 cü sessiyasının məhz Mehriban xanımın təşəbbüsü və iradəsi nəticəsində Azərbaycanda keçirilməsi tarixi bir hadisə oldu.

 

Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai-sosial fəaliyyəti dövründə başladığı və rəhbərlik etdiyi bütün işlərin öhdəsindən böyük bacarıqla gəlir. Bu gün dünyada Azərbaycanın nüfuzu durmadan artır. Azərbaycana dost dövlətlərin sayının artmasında Birinci vitse-prezidentin müstəsna xidmətləri var.  Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu neçə illərdir Azərbaycanın humanitar və mədəni diplomatiyası səlahiyyətlərini yerinə yetirməklə məşgul olur.

 

Mehriban Əliyevanın xarici siyasətdəki vacib missiyalarından biri də dövlətlərarası dostluq münasibətlərinin qurulmasıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya, Ukrayna, İtaliya, Türkiyə və bir çox dövlətlərin Birinci xanımları və dövlət idarəetməsində yüksək vəzifə tutan xanımlarla keçirilən görüşlər və əməkdaşlıq etdiyi müxtəlif platformalar ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Mehriban Əliyeva həmişə Heydər Əliyev siyasi kursuna sadiqliyi ilə diqqət çəkmişdir. 

 

YAP sədri cənab İlham Əliyevin Sərəncamı ilə 2021 ci il 5 mart tarixində Mehriban Əliyeva partiya sədrinin birinci müavini təyin edilmişdir. Azərbaycanın dövlət siyasətində bu təyinat Heydər Əliyev siyasi kursunda qadına göstərilən böyük etimaddır. Bu gün YAP ın çox sayda qadın üzvü qanunverici, icraedici orqanlarda və digər yüksək vəzifələrdə ləyaqətlə dövlətə xidmət edirlər.

 

Azərbaycanın ictimai-siyasi həyatında göstərdiyi əvəzsiz xidmətlərə görə Mehriban Əliyeva Azərbaycanın ən ali dövlət mükafatına "Heydər Əliyev " ordeninə, Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Mehriban Əliyeva bir çox xarici dövlətlərin və beynəlxalq təşkilatların ən ali ordenləri, medalları və fəxri mükafatları ilə təltif edilmişdir. Bu gün Mehriban Əliyeva dünyanın ən nüfuzlu qadın siyasətçisi kimi tanınır. Mehriban xanımın ən böyük mükafatı isə Azərbaycan xalqının ona olan sevgisidir.

 

Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərinin dünyada tanıdılması işində Mehriban Əliyevanın xidmətləri ölçüyə gəlməzdir. Fransada, İtaliyada, Rusiyada və bir sıra böyük dövlətlərdə keçirilən tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi, onun mədəniyyətini və incəsənətini yaxından tanımağa və öyrənməyə başladılar. Azərbaycanda müxtəlif dinlərə məxsus insanların dost və qardaş halında yaşamalarına və sərbəst şəkildə öz dini ayinlərini yerinə yetirmələri üçün onlara məxsus dini abidələrin inşa etdirilməsində Mehriban Əliyevanın böyük dəstəyi olmuşdur. Bu gün müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsində müsəlman uşaqlarının təhsil almaları  və sağlamlıqları ilə bağlı layihələrin həyata keçirilməsi də Mehriban Əliyevanın adı ilə bağlıdır.

 

İşğaldan azad edilmiş ərazilərdə məscidlərimizi və dini abidələrimizi ziyarət edərək oraya Quran kitabını hədiyyə etməsi və məsciddə Ulu Tanrıya dua etməsi Mehriban xanımın öz dininə nə qədər sadiq olduğunu sübut edir. Mehriban Əliyeva öz xalqını sevdiyinə, onun dinini, dilini və adət ənənələrini yaşatdığına görə xalqın böyük rəğbətini və məhəbbətini qazanmışdır. Mehriban Əliyeva dünyada Azərbaycan xanımını güclü siyasətçi, diplomat olmaqla yanaşı xeyirxah, sülhsevər və nəcib bir qadın obrazı kimi tanıtdı.

 

Kamilə Əliyeva

Milli Məclisin deputatı,

professor

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi