“Misilsiz qəddarlıq və cəzasızlıq timsalı olan Xocalı soyqırımı XX əsrdə bəşəriyyətin üzləşdiyi ən dəhşətli kütləvi qırğın aktları ilə bir sırada dayanır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Spiker çıxışında xatırladıb ki, doğma torpağının müdafiəsinə qalxan xalqımızın mübarizə əzmini sarsıtmaq niyyəti ilə törədilmiş qanlı cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın və 70 nəfər qoca milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülən insanlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
“Təkcə bizim xalqımıza qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu cinayət əməlinin təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir”.
Parlament sədri qeyd edib ki, Xocalı soyqırımı son iki yüz ilə yaxın dövrdə xalqımıza qarşı həyata keçirilən qəsbkarlıq və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olub:
“Məlum olduğu kimi, tarixin müəyyən dövrlərində böyük dövlətlər öz geosiyasi planlarını reallaşdırmaq üçün uydurma “erməni məsələsindən” bir alət kimi istifadə etmişlər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni şovinistlərinin “böyük Ermənistan” xülyasına düşməsi Cənubi Qafqazın yerli əhalisinə saysız-hesabsız fəlakətlər gətirmişdir.
XX əsrin əvvəllərində on minlərcə günahsız azərbaycanlı və digər xalqların nümayəndələri etnik və dini mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmişdir. Çar Rusiyasının süqutundan sonra Azərbaycanın əzəli torpaqlarında, yəni keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradılmış, üstəlik, azərbaycanlılara məxsus olan əlavə 20 min kvadratkilometrdən çox ərazi də bu süni dövlət qurumuna qatılıb.
Azərbaycan ərazisində ermənilər üçün sovet hakimiyyəti zamanı qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilib. 1948–1953-cü və 1988–1993-cü illərdə 1,5 milyon nəfərə qədər azərbaycanlı doğma yurdlarından deportasiya edilib və ya qovulub. 30 ilə yaxın dövrdə isə Azərbaycan ərazisinin 20 faizi işğal altında saxlanıb.
Erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı etnik dözümsüzlük və düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılıb”.
Spiker qeyd edib ki, erməni şovinizminə qarşı dövlət səviyyəsində mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ali hakimiyyətə qayıtdıqdan sonra təşkil edilib:
“Ulu öndər Xocalı faciəsinə beynəlxalq aləmdə düzgün siyasi qiymət verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün düşünülmüş tədbirlər həyata keçirmişdir. “Azərbaycanlıların soyqırımı haqqında” ulu öndərin 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan verib. Fərmana əsasən 31 mart günü davakar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət edib, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirib.
Bu gün Xocalı soyqırımının dünyada tanıdılması məqsədi ilə həyata keçirilən işlərin strateji əsasını və hədəflərini də dövlət başçısının fikirləri təşkil edir. Mən cənab Prezidentin bu sözlərini xatırlatmaq istəyirəm: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX–XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
Sahibə Qafarova, həmçinin diqqətə çatdırıb ki, Xocalı soyqırımının ildönümlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən ümumxalq yürüşləri Xocalı soyqırımı ilə bağlı aparılan geniş miqyaslı işin mühüm mərhələlərini təşkil edir.
“Onu da bilirsiniz ki, sabah növbəti yürüş keçiriləcəkdir. Ümumxalq yürüşləri Azərbaycan xalqının Xocalı faciəsini, erməni şovinistlərinin törətdiyi digər cinayətləri bir an belə unutmadığını nümayiş etdirir.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fondun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası ilə bağlı görülən işlər ardıcıl davam etdirilir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər.
Mən düşünürəm ki, neçə illər keçsə də, Azərbaycan xalqı Xocalı faciəsinin ağrı-acısını unuda bilməz və heç zaman unutmamalıdır. Əminəm ki, gec-tez haqq-ədalət öz yerini tutacaq və bu cinayətin ideoloqları, təşkilatçıları və icraçıları layiq olduqları cəzaları alacaqlar”.