Modern.az

Xocalı qatilləri Azərbaycan hüququ qarşısında cavab verəcəklər

Xocalı qatilləri Azərbaycan hüququ qarşısında cavab verəcəklər

Parlament

26 Fevral 2022, 08:41

Xocalı soyqırımı ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ən böyük vəhşilikdir. Ermənilər 1992-ci ilin fevralında 25-dən 26-na keçən gecə yüzlərlə günahsızın qanını töküb. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Parlamentdə Xocalını təmsil edən deputat Elman Məmmədov Modern.az-a bildirib ki, bu soyqırımı ermənilər tərəfindən Azərbaycan xalqına və ümumilikdə bəşəriyyətə qarşı törədilmiş vəhşilikdir, amansızlıqdır:

 

“Hesab edirəm ki, tək Azərbaycan yox, bütün dünya ictimaiyyəti bu soyqırımına görə Ermənistana qarşı sanksiyalar tətbiq olunması, Ermənistanın beynəlxalq qurumların, məhkəmələrin qarşısında cavab verməsi, Azərbaycan xalqından üzr istəməsi məsələlərini daima gündəmdə saxlamalıdır. Doğrudur, indi dünyanın 20-yə qədər dövləti, ABŞ-ın 20-yə yaxın ştatı  bu soyqırımına parlament və dövlət səviyyəsində qiymət verərək tanıyıblar. Ancaq biz daha çoxunu gözləyirik və bu istiqamətdə işlər davam etdirilir.  Ermənilərin Xocalıda törətdiyi soyqırımı misli görünməmiş vəhşilikdir, qəddarlıqdır və eyni zamanda bu soyqırım türk müsəlman dünyasına qarşı cinayətdir".


Onun sözlərinə görə, ermənilər 28 il cəzasız qaldılar:


“Ancaq biz ikinci ildir ki, qalib dövlət, qalib xalq kimi bu soyqırımını anırıq. Cavablarını aldılar. Şəhidlərin qanı yerdə qalmadı. Yəni qisas alındı. Ancaq hələ də o soyqırımının törədilməsində rəhbər olmuş, komandir olmuş hərbi qatillər,canilər,  cinayətkarlar cəzasızdılar. Koçaryan, Sarkisyan, Balasanyan və Artunuyan kimi canilər hələ də cəzasız qalıblar. Biz əminik ki, onlar Azərbaycan hüquqları qarşısında cavab verəcəklər və Azərbaycan qanunları qarşısında cəzalanacaqlar”.

Bununla belə deputat onların hansısa beynəlxalq qurum tərəfindən, dünya səviyyəsində cəzalandıracağına inanmır:


“Əgər bunu etmək istəsəydilər, indiyədək edərdilər. Azərbaycan Zori Balayan kimi gorbagor olmuş, türk qanına susamış qaniçəni interpol xətti ilə axtarşa vermişdi. Ancaq Zori Balayan əlini-qolunu sallaya-sallaya bütün dünyanı gəzirdi. Kim həbs etmişdi onu? Heç kim. Bunları da biz həbs edib cəzalandırmasaq, heç kim həbs edib cəzalandırmayacaq. İnşallah, Azərbaycan hüquq-mühafizə orqanları cənab Prezidentin tapşırığı ilə o işlərə təkan verib. Biz o cani cinayətkarların qanunlarımıza cəzalandırılmasını gözləyirik. Biz buna əminliklə inanırıq”.

Turqay Musayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi