Modern.az

Sahibə Qafarova parlamentin işini yüksək səviyyədə qurub

Sahibə Qafarova parlamentin işini yüksək səviyyədə qurub

Parlament

12 Mart 2022, 19:40

Spiker Sahibə Qafarovanın rəhbərlik etdiyi VI çağırış parlamentin fəaliyyətə başlamasından iki il keçir. Bu müddət ərzində yeni çağırış parlament istər daxili nizam-intizamı, istər qanunvericilik fəaliyyətində müstəsna rolu, istərsə də beynəlxalq əlaqələrin gücləndirilməsi baxımından seçilməyi bacardı.

 

Son iki ildə önəmli işlərə imza atıldı...

 

Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov Modern.az-a açıqlamasında bildirib ki, spiker Sahibə Qafarova sədr olandan parlamentdə aşkarlıq, demokratiya, deputatlara xüsusi diqqət ayrılıb.

 

 

“İclasların hər birində deputatlar nə qədər istəyirlərsə, o qədər danışa bilir, seçildiyi rayonla əlaqədar fikirlərini, təkliflərini, digər məsələləri qeyd edirlər. Parlament danışmaq yeridir. Xalqın sözünü deməliyik, buna da şərait yaradılır.

 

Sahibə xanım parlamentə çox yüksək səviyyədə rəhbərlik edir. Beynəlxalq təşkilatlarda nüfuzumuz artır. Elə gün olmur ki, Sahibə xanım hansısa ölkənin səfirini qəbul etməsin, xarici qonaqla görüşməsin. Yüksək səviyyədə beynəlxalq təşkilatlarla işimizi qurub, özü də işləyir. Təşkilatlarda təmsil olunan deputatlarımız Azərbaycanın haqq işini dünyaya çatdırırlar.

 

İki illik fəaliyyət dönəmində Sahibə xanımın çoxlu önəmli işlərə imza atdığını görürəm və sevinirəm. Çünki Sahibə xanım kimi sanballı, məhsuliyyətli, savadlı xanım deputatımız gecə-gündüz yorulmadan işləyir. O, intellekti, qabiliyyəti ilə seçilən parlament sədridir. Dünya ölkələri arasında böyük nüfuza sahibdir. İngilis dilini, dünya siyasətini dərindən bilir", - deputat Milli Məclisin fəaliyyətilə bağlı deyib.

 

Onun sözlərinə görə, iki ildə spiker Sahibə Qafarova parlamentin aparatında da böyük dəyişikliklər edib, işlək şöbələr yaradıb. Parlamentin işini yüksək səviyyədə qurub:

 

"Mən xanım sədrin fəaliyyətini çox yüksək qiymətləndirirəm, yaxşı ki, Sahibə xanım kimi sədrimiz var, parlamentə məhz o rəhbərlik edir. Mən spikerin işindən çox razıyam. Arzu edirəm ki, hələ uzun illər Sahibə xanım bizim sədrimiz olsun”.

 

Nizam-intizam yüksək səviyyədədir...

 

 

Milli Məclisin deputatı, professor Anar İsgəndərli Bakı Dövlət Universitetinin auditoriyasından Milli Məclisə deputat seçildiyini vurğulayıb. O, parlamentdə bir müəllimin ürəyincə olan nizam-intizamın formalaşmasından razılığını ifadə edib:

 

“Müəllim üçün əsas olan nizam-intizam, ədalət, münasibət və səmimiyyətdir. Bakı Dövlət Universitetində bunlara xüsusi diqqət edirdim və parlamentdə bundan da üstün məqamlar gördüm. VI çağırışdan əvvəlki parlament haqqında heç nə deyə bilmərəm. İndi hər şeydən əvvəl parlamentin intizamı, müzakirələrdə spikerin ədaləti özünü göstərir. Hər iclasda gündəliklə bağlı deputatların fikir və düşüncələri, onlar üçün şərait yaradılması və Azərbaycanın taleyüklü məsələləri müzakirə olunur. 44 günlük müharibə parlamentin fəaliyyəti dönəmində davam edirdi. Bu dönəmdə spikerin deputatlara, Azərbaycan cəmiyyətinə münasibəti və parlamentdəki tövsiyələri göz önündə idi.

 

Sahibə Qafarovanın Milli Məclisə rəhbərliyi zamanı kübar, ziyalı, savadlı, təşkilatçı bir qadının fəaliyyətini gördüm. Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasında tarixi çıxışı oldu. Mənə elə gəlir ki, bu çıxışı hər bir deputat özü üçün əsas götürüb, bu istiqamətdə uğurla fəaliyyətini qurmağa çalışdı.

 

Parlamentin ən böyük uğurlarından biri son iki ildə beynəlxalq təmsilçilikdə güclü aktivlik idi. Parlament heç zaman Azərbaycanın maraqlarını xaricdə bu qədər uğurla təmsil etməmişdi. Spiker başda olmaqla deputatlar bütün ölkələrdə Azərbaycanın maraqlarını, haqq-ədaləti müdafiə etdilər. Bütün bunlar bizim hər birimiz üçün prioritet sahə oldu. Dövlət başçısının qarşımıza qoyduğu tövsiyələri müdafiə edə bildik və bundan sonra da edəcəyik. Çünki bu gün qalib Azərbaycan xalqı var. 30 il mübarizə apardığımız Qarabağ problemi artıq tam başa çatmaq üzrədir. Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti ilə bərabər, parlamentin və onun spikerinin, üzvlərinin səyi bizi bu qələbəyə apardı. Əminəm ki, bundan sonrakı fəaliyyətimizdə də Azərbaycan parlamenti olaraq ölkəmizin uğrunda mübarizə apardığı haqq işini müdafiə etmək istiqamətində səylərimizi davam etdirəcəyik”.

 

Qanunvericilik təşəbbüsləri artıb...

 

 

Deputat Fatma Yıldırım isə qeyd edib ki, Sahibə Qafarovanın rəhbərliyi ilə ötən iki ildə parlament öz fəaliyyətini uğurla həyata keçirib:

 

“Milli Məclisin qanunvericilik təşəbbüsləri artıb, o cümlədən parlamentdə qadınların və gənclərin geniş təmsil olunması demokratik inkişafın mühüm göstəricisi kimi qanunvericilik fəaliyyətinə də öz töhfələrini verməkdədir. Qeyd edim ki, VI çağırış Milli Məclis çətin dövrdə fəaliyyətə başladı. Dünyanı koronavirus pandemiyası cənginə aldı. Parlament pandemiya səbəbindən bir sıra sahələrdə məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, davamlı və fasiləsiz surətdə öz işini davam etdirib, qanun layihələrinin geniş müzakirələrini təşkil edib. Bu müddət ərzində ölkəmizin sosial-iqtisadi, siyasi inkişafı ilə bağlı bir çox mühüm qanunlar qəbul olunub, ictimai dinləmələr təşkil edilib. Faydalı diskussiyalar şəraitində dövlətimizin və xalqımızın maraqlarına, mənafeyinə və rifahına xidmət edən mühüm dövlət sənədlərinə, məcəllə və hüquqi aktlara müvafiq dəyişikliklər edilib.

 

Eyni zamanda, fəaliyyətimizin bir hissəsi Vətən müharibəsini əhatə etdi. Çətin, ağrılı anlar yaşasaq da, qürurluyuq ki, millət vəkili kimi bu tarixi hadisələrə şahidlik etdik. Milli Məclisin sessiyaları çərçivəsində deputatların xaricdəki həmkarları ilə videokonfrans formatında bir sıra görüşlər keçirməsi, müxtəlif məsələlərlə bağlı məhsuldar danışıqlar aparması parlamentimizin diplomatik uğurlarda mühüm rol oynadığını təsdiqləyir. Xüsusilə, Vətən müharibəsi dövründə deputatlarımız öz fəaliyyətlərini daha da gücləndirib, parlament rəhbərliyi səviyyəsində, eləcə də dostluq qruplarının rəhbərləri və beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimiz tərəfindən xarici ölkələrdəki həmkarlarımızla fəal təmaslar qurulub. Mən də Səudiyyə Ərəbistanı Krallığı ilə parlament dostluq qrupunun sədri kimi qarşı tərəflə onlayn görüşlər keçirmiş, GUAM Parlament Assambleyasında nümayəndə heyətinin üzvü olaraq Azərbaycanın haqq səsinin çatdırılması işində öz mövqeyimi bildirmişəm. Eləcə də, parlament adından dünya ölkələrinin parlamentlərinə çoxsaylı müraciətlər ünvanlanıb. Məqsəd Ermənistanın terrorçu mahiyyətini ifşa etmək, Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdan ibarət idi. Sevindirici haldır ki, parlament olaraq bu işin öhdəsindən layiqincə gələ bildik.  Bütünlüklə, bu konteksdə Milli Məclisin ötən dövr üzrə fəaliyyətini qənəatbəxş hesab etmək olar. Parlamentin deputatları qanunvericilik fəaliyyətində fəal iştirak etməklə bərabər, daim öz seçiciləri ilə sıx təmasda oldular, xüsusilə şəhid ailələri və qazilərlə davamlı görüşlər keçirildi, onları narahat edən məsələlər dinlənildi və problemləri Milli Məclisin iclaslarında qaldırıldı, aidiyyəti orqanların rəhbərlərinə çatdırıldı. Biz bundan sonra da qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvəmizlə çalışacağıq”.

 

Parlament diplomatiyası...

 

 

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də saytımıza açıqlamasında spiker Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin beynəlxalq əlaqələrinin qurulmasında mühüm addımlar atıldığını vurğulayıb:

 

“Parlament diplomatiyası daha aktiv həyata keçirilir. Eyni zamanda Milli Məclisin toplantılarında millət vəkillərinə öz fikirlərini ifadə etmək üçün daha çox imkanlar yaradılır və mühitin faydalı olduğunu görürük. Məsələn, bilavasitə biz jurnalistlərə aid sahə olduğu üçün xatırladıram, "Media haqqında" qanunun gündəliyə salınması ilə geniş müzakirəyə imkan yaradıldı. Bu imkan bilavasitə Milli Məclis rəhbərliyinin təşəbbüsü ilə formalaşmışdı.

 

Daha önəmli bir məqam da Milli Məclisin rəhbərliyində və komitələrdə müxalifət partiyalarının nümayəndələrinin təmsil olunmaları idi. Bu təqdirəlayiq addımdır. Tənqidi fikirlərin səsləndirilməsinə, alternativlərin yaradılmasına imkan yaradılır. Şübhəsiz ki, Milli Məclisin fəaliyyətində müsbət dəyişikliklər çoxdur və bunun davamlı olacağını düşünürəm”.

 

Milli Məclisin fəaliyətinə jurnalist baxışı...

 

 

"Ədalət" qəzetinin əməkdaşı Nicat Novruzoğlu VI çağırış Milli Məclisin ötən iki il ərzində kifayət qədər məhsuldar və səmərəli fəaliyyət göstərdiyini düşünür. Parlament müxbirinin fikrincə, bu iki il pandemiya dövrünü əhatə etməsinə baxmayaraq, demək olar, parlamentin fəaliyyətinə heç bir mənfi təsir göstərməyib:

 

“İki il müddətində qanunverici orqanın müzakirə və qəbul etdiyi qanunverici aktların sayı, keyfiyyəti bunu deməyə əsas verir. Həmçinin, parlamentin iki illik fəaliyyəti dövründə 44 günlük Vətən müharibəsini də yaşadıq. Bu dövr ərzində Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament öz fəaliyyətini uğurla həyata keçirib. Yüksək səviyyəli beynəlxalq səfərlər, deputatların xaricdəki həmkarları ilə videokonfrans formatında görüşləri, pandemiya qaydalarına uyğun şəkildə Milli Məclisdə xarici qonaqların qəbulu və s. parlamentimizin fəaliyyətinin aktivliyinin göstəricisidir.

 

Azərbaycan parlamenti çoxpartiyalı parlamentdir. Burada müxalif partiyalarının nümayəndələrinin təmsil olunması, onların parlament və komitə rəhbərliyinə gətirilməsi siyasi müstəvidə münasibətlərə yeni baxışın təzahürü kimi qiymətləndirilə bilər. Milli Məclisdən danışarkən gənc deputatların fəaliyyətini də qeyd etmək lazımdır. Onların media ilə qurduğu işi, ölkə əhəmiyyətli məsələlərdə aktiv iştirakı, cari məsələlərin müzakirəsində fərqli baxışları parlamentin fəaliyyətinə rəng qatır.

 

VI çağırış parlamentin əvvəlki çağırışlardan aktivliyi ilə seçilməsi, plenar iclasların müzakirəsinin canlılığı, demək olar, hər bir deputata çıxış üçün söz verilməsi birbaşa spiker Sahibə Qafarovanın effektiv idarəçiliyinin nəticəsidir. Sahibə Qafarova bu iki ildə Milli Məclisdə daxili nizam-intizamı, parlamentin fəaliyyətinin yüksək səviyyəyə qaldırılmasını təmin edə bilib. Düşünürəm ki, xanım sədrin bundan sonrakı fəaliyyəti də həm parlament, həm də bütövlükdə Azərbaycan xalqı üçün uğurlu olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi