Modern.az

Qarabağda Novruz belə qeyd olunurdu – Deputatların XATİRƏLƏRİ

Qarabağda Novruz belə qeyd olunurdu – Deputatların XATİRƏLƏRİ

Parlament

18 Mart 2022, 10:35

Novruz bayramına sayılı günlər qalır. Baharın gəlişini özündə canlandıran bu bayram xalqımız tərəfindən xüsusi adətlərlə qeyd olunur. Bayram münasibətilə tonqallar qalanır, küsülülər barışır, subay qızlar fala baxır və qapılara papaq atılır.

 

Azərbaycanın milli bayramı olan Novruz ölkənin bütün bölgələrində təmtəraqla, sevinclə qarşılanır. Kimi bu bayramı öz evində, doğmaları, yaxınları ilə, kimisi də fürsətdən istifadə edib ölkə xaricində keçirməyə üstünlük verir. Lakin bu bayramın özəlliyi həm də ondadır ki, bölgələrimizdə fərqli adət-ənənələrlə keçirilir. 

 

Maraqlıdır, illər öncə doğma Qarabağımızda Novruz bayramı necə qeyd olunub? Həmin günlər necə xatırlanır?

 

Qarabağdan olan deputatlar bununla bağlı təəssüratlarını Modern.az-la bölüşüblər.

 

 

Kəlbəcər rayonunun deputatı Aqil Məmmədovun sözlərinə görə, sovet dövründə qadağa qoyulsa da,  xalqımız Novruz bayramından imtina etməyib:

 

“Milli adətləri xalq bu günə kimi qoruyub saxlayıb. Kəlbəcərdə bayramı adətlərə uyğun şəkildə qeyd edirdik. Bizim el-oba bayramı, toyu sevən olub. Böyükdən kiçiyə hamı bayram yox, elə bil toy qarşılayırdı. İndi də bayramları çalışırıq ki, o adətlərlə qeyd edək. Papaq atmaq yaşım keçib, ancaq papaq atmağı sevən biri olmuşam.

 

Novruz atributları olan şəkərbura və paxlavanı da həyat yoldaşım evdə bişirir. O vaxtı Kəlbəcərdə hündür tonqallar qurar, axşam düşən kimi yandırıb başına yığışardıq. Novruzun bir adəti də qohumlarla görüşmək, pay tutub bir-bir hamını təbrik etmək idi. Çərşənbə vaxtı Bakıda olduğum üçün qohumları telefonla təbrik etdim. Ancaq bayramda Gəncəyə gedib, başda anam olmaqla bütün qohumlarla bayramlaşacam”.

 

 

Cəbrayıldan olan deputat Ceyhun Məmmədov doğma rayonunda Novruz bayramının xüsusi qeyd olunduğunu söyləyib:

 

“Azərbaycanın dilbər guşəsi kimi Cəbrayılda hər il Novruz bayramı yüksək səviyyədə, təntənəli şəkildə qeyd olunub. Rayon mərkəzində müxtəlif tədbirlər keçirilirdi. Qadınlar qulaq falına çıxar, uşaqlar papaq atardı. Səhnələrdə Keçəlin obrazı səhnələşdirilərdi. Qohum-əqrəbalar bir-biri ilə görüşər, xonça tutub pay aparardılar. Qaçqın rayonları olaraq biz adət-ənənələri daha çox qorumağa çalışmışıq. Ənənələri nə qədər qorumağa çalışsaq da, bayramlar indi təntənəli qeyd olunmur. Ümid edirəm ki, Cəbrayıla qayıtdıqdan sonra Novruz  bayramı əvvəlki ab-havada keçiriləcək. Çalışmalıyıq ki, adət-ənənələrimizi azad olunmuş torpaqlarda keçmişdə olduğu kimi yaşadaq”.

 

 

Xocalıdan olan deputat Elman Məmmədov deyib ki, Novruz bayramını həmişə dədə-baba qaydası ilə qeyd edib:

 

“Bütün çərşənbələrdə tonqal qalanırdı, qohumlar bayramlaşmağa gedirdi. Hər evdə bayram aşı bişirilərdi. İlaxır çərşənbəni bütün adətlərə uyğun qeyd edərdik. Bəzən olurdu ki, Novruz bayramı ilə İlaxır çərşənbə üst-üstə düşürdü. 1991-ci ilin Novruz bayramı Xocalıda sonuncu bayram oldu. Mənim tapşırığımla bütün həyətlərdə tonqallar qalanmışdı. Bakı-Şuşa avtomobil yolunun kənarında da tonqallar qalamışdıq. Yolun kənarına səməni ilə yanaşı xonçalar qoyulurdu. Bunu ona görə edirdik ki, rus hərbçiləri görsünlər bizim eldə bayramdı və sovqatlardan götürsünlər".

 

Deputat yaxın vaxtlarda Novruz bayramını Xocalıda qeyd etməyi arzulayır:

 

“Öz kökümüzdən ayrılmırıq, bayramı indi də keçmiş adətlərlə qeyd edirik. Adətləri yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Adətə uyğun olaraq qohumlarla bayramlaşırıq, uzaqda olanlara isə bayram payı göndəririk”.

 

 

Ağdamlı deputat Aqil Abbas işğaldan əvvəl milli bayramların Qarabağda təntənəli şəkildə keçirildiyini vurğulayıb:

 

“Çərşənbə günü tonqallar qurulardı. Bir neçə gün əvvəldən qadınlar qovurğa hazırlayardılar. Səməniləri isə İlaxır çərşənbədən cücərtməyə başlayardılar. Bayramda ən çox sevinən uşaqlar olardı. Yumurta döyüşər, papaq atardılar”.

 

 

Milli Məclisin Füzulidən olan deputatı Vüqar Bayramovun fikrincə, Novruz bayramını bütün xalq sevərək qeyd edir:


“Füzulidə Novruz bayramı xüsusi şəkildə qeyd olunur. Novruz uşaqlıqda ən çox sevdiyimiz və səbirsizliklə gözlədiyimiz bayram olub. İlaxır çərşənbəni də bayram qədər təntənəli qeyd etmişik. Yumurta döyüşmək, papaq atmaq kimi adətlər Füzulidə də var idi. Xüsusilə kəndlərdə insanlar bir-birinə qonaq gedirdilər, bu adət indi də var. Artıq Füzuli bütövləşib, torpaqlarımız azad olunub, bayramlarımız daha fərqli qeyd edilir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi