Terrorçuları sülhməramlıların nəzarətindəki ərazilərdə yaşayan erməni əhali maraqlandırmır...
Ermənistan Xarici İşlər Nazirliyi martın 24-də guya bölgədə vəziyyətin gərginləşdiyi barədə bəyanatla çıxış edərək, yenidən Azərbaycana qarşı yersiz ittihamlar səsləndirib. Rəsmi Bakı İrəvanın açıqlamasını cavabsız qoymayıb. Azərbaycan XİN bəyan edib ki, Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltməyə cəhd edir.
XİN-dən bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı isteriyaya əsas yoxdur. Ermənistan tərəfi isə dezinformasiya yaymaqla məsələni süni şəkildə şişirtməyə çalışır.
Bu barədə Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevin sözlərinə görə, hazırda əsas məsələ Ermənistanın özünün daxilində baş verən hadisələr, müxalifət və iqtidar arasında olan problemlər, “Qarabağ klanı”nın birmənalı şəkildə hakimiyyətdən uzaqlaşdırılmasına cəhddir:
“Son prezident seçkiləri zamanı Vaaqn Xaçaturyanın hakimiyyətə gəlməsindən sonra bir daha aydın oldu ki, Robert Koçaryan və Serj Sarkisyan illərlə “Qarabağ klanı”nın vəziyyətindən, 30 illik müharibədən istifadə edərək, tam şəkildə iqtisadi, siyasi cəhətdən varlanıb, böyük vəsaitlər, diaspordan gələn pullar hesabına ciddi vəsait toplamışdılar. Bu gün həmin pulların hamısı əllərindən çıxır. 44 günlük müharibədəki məğlubiyyətin araşdırılması üçün yaradılmış komissiyada müxalif qüvvələr iştirak etmirdi. Bu da prinsipial məsələ idi ki, kim günahkardırsa, üzə çıxarılmalıdır.
Baş nazir Nikol Paşinyan strukturlarda təmizləmələr aparıb, ətrafına loyal şəxsləri topladıqca, bütün istiqamətlərdə dəyişikliklər baş verir. Hətta Araik Arutyunyanın həbsi də gündəmdədir. Ona görə, mövcud durumu saxlamaq üçün guya insan haqlarının tapdandığını iddia edirlər. Son məqam kimi Ermənistandan Xankəndinə gələn qaz kəmərinin guya partladıldığı, kəmərin təmiri məsələsi ortaya atıldı. Qondarma vəziyyətdə humanizmdən danışaraq, özlərini yenə yazıq kimi göstərməyə çalışırlar”.
Arzu Nağıyev qeyd edib ki, sülhməramlı qüvvələr öz mandatına uyğun olaraq, atəş aça bilməzlər. Lakin onların nəzarət etdikləri ərazilərdəki silahlıların təxribatları göz önündədir:
“Ərazilərimizdəki erməni silahlı tör-töküntülərin təxribatları Ermənistandakı qeyd etdiyimiz siyasi vəziyyətin təzahürüdür. Azərbaycan ordusu plana uyğun olaraq, yerdəyişmələr, hündürlüklərin təyin olunması, postların yerinin dəyişməsi istiqamətində addımları atır. Təbii olaraq, bu, oradakı tör-töküntülərə xoş gəlmir. 10 noyabrda imzalanan üçtərəfli bəyanata görə, silahlı dəstələr ərazilərimizi dərhal tərk etməli idilər. Bu proses gecikir. Terrorçular oradakı mövcudluğunu saxlamaqla gələn yardım və vəsaitləri mənimsəyirlər. Onlar humanitar dəstəkdən sui-istifadə etməyə çalışırlar.
Sülhməramlıların nəzarətindəki ərazilərdə olan silahlıları erməni əhali maraqlandırmır. Əsas öz gəlirlərini güdürlər. Ona görə, Azərbaycan ordusunun yerdəyişmə məsələlərinə qeyri-adekvat cavablar verməyə çalışır, silaha əl atır, atəşkəsi pozurlar. Bu proses demarkasiya və delimitasiya prosesinin qarşısını almağa, sülh sənədinin imzalanmamasına yönəlmiş addımlardır. Bunlar baş tutan deyil. Biz öz ərazi bütövlüyümüzü təmin etmişik, ərazilərimizi minalardan təmizləyərək, “Böyük qayıdış”a hazırlaşırıq. Haqq Azərbaycan tərəfdədir. Bütün beynəlxalq qanunlara riayət edirik. Azərbaycanın öz ərazisində hətta antiterror əməliyyatı keçirməyə belə haqqı var”.
Xatırladaq ki, martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.
Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.