Modern.az

“Parlament xalq qarşısında məsuliyyət daşıyır” – Məlahət İbrahimqızı

“Parlament xalq qarşısında məsuliyyət daşıyır” – Məlahət İbrahimqızı

Parlament

1 Aprel 2022, 13:57

“Prezidentin zəngin təcrübəsi hər bir deputat üçün örnəkdir”

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı Modern.az-ın suallarını cavablandırıb.  Deputatla müsahibəni sizə təqdim edirik:

 

- Məlahət xanım, Milli Məclisin diplomatiya müstəvisindəki fəaliyyətini necə qiymətləndirirsiniz?

 

- Məlum olduğu kimi, 2020-ci ildə Azərbaycan Parlamentinə növbədənkənar seçkilər keçirildi və Milli Məclis altıncı çağırış əsasında yenidən formalaşdı. Cənab Prezident həmin ilin mart ayında parlamentin ilk iclasında önəmli çıxış etdi. Prezidentin çıxışı əsasında parlamentin növbəti beş illik yol xəritəsi müəyyən edildi. 

 

Hesab edirəm ki, altıncı çağırış Milli Məclis Azərbaycanın müstəqillik dövründə, çağdaş dövlətçilik, qanunvericilik tarixində ən yaddaqalan çağırışlardan biri oldu. Altıncı çağırışın ilk ilində əsas məsələ koronavirus pandemiyası meydana gəldi. Pandemiya dövründə ölkələr arasında əlaqələr demək olar ki, minimuma endi. Bütün beynəlxalq təşkilatlar - BMT, NATO, AŞPA və başqaları pandemiyanın ilk dövründə bütün tədbirləri təxirə saldı. Görüşlər onlayn formatda təşkil olundu. 

 

Eyni zamanda, altıncı çağırış Milli Məclisin ilk ilinə 44 günlük Vətən müharibəsi təsadüf etdi. Pandemiya təhlükəsinin mövcudluğuna baxmayaraq, parlament beynəlxalq əlaqələrdə böyük uğurlar əldə etdi. Xüsusilə də, parlamentin sədri Sahibə xanım Qafarova  beynəlxalq arenada, xarici səfərlərdə Azərbaycanı, Azərbaycan Parlamentini çox yüksək səviyyədə təmsil edirdi. İstər Azərbaycan, istərsə də ingilis və rus dillərində beynalxalq səviyyədə çıxışlar, məruzələr təqdim olunurdu. Spiker bir sıra hallarda beynəlxalq səviyyəli çoxtərəfli formatlarda keçirilən tədbirlərdə sədrlik edirdi. Bu da Azərbaycanın, Azərbaycan Parlamentinin xarici arenada təqdimatı və təbliğatı deməkdir. Eyni zamanda, Azərbaycan Parlamentinin beynəlxalq əlaqələrə verdiyi töhfədir. 

 

Bildiyiniz kimi, Azərbaycanın üzv olduğu təşkilatlarda, xüsusilə də, Avropanın beynəlxalq təşkilatlarında işğalçı Ermənistan da təmsil olunur. Dəfələrlə Ermənistanın parlament rəhbərliyi Azərbaycana qarşı təxribat xarakterli çıxışlar etməyə cəhd göstərib. Azərbaycan parlamentinin sədri Sahibə xanım Qafarova onları tutarlı dəlillərlə susdurub. Daha doğrusu, arqumentlərlə onları ifşa edib.

 

Parlamenti təmsil edən nümayəndə heyətləri də dəfələrlə Ermənistan təmsilçilərinin absurd iddialarına layiqincə cavab verib. Hər səfərdən sonra spiker nümayəndə heyətinin tərkibində olan deputatları məhsuldar fəaliyyətinə görə dəyərləndirib. Bu mənada Azərbaycan parlamentinin rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirirəm.

 

- Bu yaxınlarda Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın iclasında erməni spikerə cavab verərək, Ermənistan tərəfinin səsləndirdiyi iddiaları faktlar əsasında ifşa etdi. Bu barədə fikirlərinizi bilmək istərdik.

 

- Bəli, Qazaxstanda MDB Parlament Assembleyasının 30 illiyinə həsr edilmiş tədbirdə Sahibə xanım Qafarovanın həm çıxışını, həm cənab Prezidentin 30 illiklə bağlı müraciətini izlədik. Eyni zamanda, bu tədbirdə bir daha Ermənistan parlamentinin sədrinin ənənəvi olaraq yalana, şantaja, böhtana əl atmağa çalışdığının şahidi olduq. Sahibə xanım Ermənistan parlament sədrinin bütün yalan, böhtanlarını ifşa edib, onu susdurdu. Bu hadisəni, yəni Ermənistan spikerinin yalanının Azərbaycan parlamentinin spikeri tərəfindən necə ifşa olunduğu erməni mediası da işıqlandırdı. 

 

Düzdür, biz daha çox çalışmalıyıq. Çünki xalq qarşısında fəaliyyət göstəririk. Parlament xalqın seçilmiş orqanıdır. 125 deputatın hər biri xalq tərəfindən seçilib və vətəndaşları təmsil edir. Deputat mandatı almaq böyük şərəfdir. Bu mandatı bizə verən xalqdır. Yenə deyirəm ki, parlament həm Azərbaycan dövləti və həm də Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyır.

 

Milli Məclis beynəlxalq aləmdə daha çox fəaliyyətilə seçilməlidir. Bunun üçün potensial mövcuddur. Təbii ki, Azərbaycan Prezidentinin, müzəffər Ali Baş Komandanın beynəlxalq aləmdəki şəxsi nüfuzu, onun güclü, müdrik diplomat olması, zəngin təcrübəsi Azərbaycan Parlamentinə örnəkdir. Hər bir deputatın xarici aləmdə gördüyü, görəcəyi, planlaşdıracağı iş Azərbaycan Prezidentinin bu sahədə, yəni xarici siyasət sahəsində apardığı siyasi kursun dəstəklənməsi deməkdir. Hər bir deputatın borcudur ki, cənab Prezidentin yürütdüyü xarici siyasətdən örnək götürsün və bu minvalda qəti addımlar atsın. 

 

- Bildiyimiz kimi, ötən gün Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olundu. Sizcə, bu qərar Şuşaya nə verəcək?

 

- Dünən TÜRKSOY-un qardaş Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu qərar Şuşanın dünya mədəniyyətinə, dünya mirasına verdiyi töhfələrə qiymətdir. Şuşa sovet dövründə mədəniyyətə, incəsənətə verdiyi töhfələrlə bötövlükdə SSRİ məkanında şöhrətli olub. SSRİ zamanı Şuşada çoxsaylı ittifaq səviyyəsində, beynəlxalq səviyyədə mədəniyyət və incəsənətə aid tədbirlər keçirilib. Şuşa türk dünyası üçün çox önəmlidir.

 

Şuşa yalnız Azərbaycanda türk yurdu deyil, bütövlükdə türk dünyasının bir parçasıdır. Cənab Prezident ötən il "Şuşa ili" elan edib. Bu addım Azərbaycan ictimaiyyətini sevindirdi. Heç də təsadüfi deyil ki, Şuşa azad edildikdən sonra orada Heydər Əliyev Fondu tərəfindən “Xarıbülbül” festivalı keçirildi. Artıq bundan sonra Şuşanın tarixi şöhrətini həm gələcək nəsillərə, həm bütün dünyaya təbliğ edəcəyik.

 

Şuşa Azərbaycana məxsus qədim türk yurdudur. Şuşada Azərbaycan xalqının əcdadları yaşayıb. Bura Bülbül kimi, Üzeyir Hacıbəyli kimi dahilərin yurdudur. Onlar öz fəaliyyətləri ilə dünya mədəniyyətinə töhfələr veriblər.

 

Mən inanıram ki, Şuşa 2023-cü ildə dünyanın mədəniyyət şəhərlərindən birinə çevriləcək. Bu da mədəniyyət siyasətinin çox gözəl bir nümunəsidir. Gələcəkdə UNESCO VƏ İSESCO tərəfindən Şuşanın mədəniyyət mərkəzlərindən biri elan edilməsi erməni faşistləri üzərində növbəti qələbə olacaq. Bir daha təsdiqlənəcək ki, Şuşa Azərbaycana məxsus şəhərdir. TÜRKSOY-un qərarını yüksək şəkildə dəstəkləmək lazımdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək