Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Prezident müşavirədə çıxışı zamanı ölkə əhəmiyyətli məqamlara toxunub, müxtəlif sahələrdə əldə edilmiş uğurlarla bağlı məlumatları təqdim edib, eyni zamanda qarşıda duran vəzifələrə dair hökumət üzvlərinə tapşırıqlarını verib.
Dünənki müşavirə barədə Modern.az-a danışan deputatların fikrincə, Prezidentin səsləndirdiyi fikirlər gələcək üçün mühüm siyasi mesajlardır.
3 ayın hesabatı və qarşıda duran əsas hədəflər
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov vurğulayıb ki, aprel müşavirəsi təkcə 2022-ci ilin üç ayının yekunlarına həsr edilmiş müşavirə deyil, həm də postmüharibə dövrünün bir illik hesabatı idi:
“Azərbaycan Prezidenti İlham Əliyev əslində son üç ay da daxil olmaqla postmüharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkişafımız kontekstində, həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim etdi. Üzərində durduğu məsələlər isə ayrı-ayrı bloklardan ibarət idi. Prezident əvvəla beynəlxalq məsələlərə nəzər salaraq ərazilərimizin bərpası və böyük qayıdış istiqamətində əsas məsələlərdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsi məsələsini aktuallaşdırdı. Bu, özlüyündə olduqca mühüm məsələdir. Çünki böyük qayıdış, ərazilərimizin yenidən bərpası və regionumuzda sülhün bərqərar olması məsələsi beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Ona görə də Prezident İlham Əliyev ilk növbədə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin davranışlarına diqqət çəkərək, onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. BMT-Azərbaycan münasibətlərinə, xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını isterik adlandırdı. Beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etmələri kontekstində daha sonra Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət, Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi. Bu məqam Azərbaycan xarici siyasətinin müharibə dövründə olduğu kimi, postmüharibə dövründə də strateji uğuru kimi qiymətləndirilməlidir. Eyni zamanda, şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzu və gücü sayəsində artıq yeni reallığın dünya tərəfindən qəbul edilməsi mühüm hadisədir. Bunu tarixi-strateji uğur hesab etmək olar”.
Hikmət Babaoğlu xatırladıb ki, beynəlxalq məsələlərə toxunan Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun de-fakto, etibarsız və qeyri-funksional olduğunu xüsusi vurğulayıb:
“Minsk Qrupu 28 il müddətində sıfır nəticə göstərdiyi kimi, bu gün də faktiki olaraq fəaliyyətsizdir. Çünki onun fəaliyyətinin predmeti artıq yoxdur. Ona görə də Prezident İlham Əliyev ATƏT-ə maraqlı çağırış edərək bildirdi ki, bu təşkilat ictimai diplomatiyanı canlandıraraq regionda etimad mühitinin yaradılması ilə məşğul ola bilər. Yəni vətəndaş cəmiyyəti institutları, media və digər vasitəsilə bu istiqamətdə müəyyən işlər görmək mümkündür.
Avropa İttifaqının mövqeyinə gəldikdə isə Prezident bu vacib qurumun aprel ayının 6-da təşkil etdiyi üçtərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini bildirdi. Bu, regionda sülhlə bağlı proseslərin başlanğıcı kimi qiymətləndirilə bilər.
Prezident çıxışının növbəti hissəsində milli yaddaşımıza tarixi çağırış etdi ki, bu da bu gün və gələcək üçün olduqca vacib çağırışdır. Biz işğalı, Xocalını unutmamalı, daima güclü olmalı, hər cür risklərə həmişə hazır olmalıyıq. Bu kontekstə Prezident İlham Əliyev dərhal ölkəmizdə ordu quruculuğu məsələlərinə toxunaraq Hadrutda yaradaılan komando birliklərinə və xüsusi təyinətlıların formalaşdırılmasına diqqəti çəkdi, eyni zamanda Azərbaycan ordusunun hər zaman güclü olmasının vacibliyini qeyd etdi. Əslində bu fikirlər bundan sonra Azərbaycanda milli ordu modelinin necə olmasına da bir növ istiqamətdir. Ordumuz professional hərbi kadrlardan komplektləşdirilərək Türkiyə ordusu modelində daha da güclü olacaq”.
Deputat əlavə edib ki, Prezidentin toxunduğu növbəti blokda postmüharibə iqtisadiyyatı və onun əsas istiqamətləri öz əksini tapıb. H. Babaoğlu hesab edir ki, bu regionumuzda sülhün və rifahın, Azərbaycanın gələcək inkişafının iqtisadi paradiqmalarını özündə ehtiva edir:
“Növbəti istiqamət regional kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyi dərhal yerinə yetirməsi ilə bağlı idi. Əgər üçtərəfli razılaşmanın tələblərindən biri pozulacaqsa, yəni Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacaqsa, Azərbaycan üçtərəfli razılaşmanın bəndlərinin birinin Ermənistan tərəfindən etibarsızlaşdırıldığını irəli sürərək bütün bəndləri etibarsız hesab edə bilər. Bu, Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi qiymətləndirilir. Nəticədə 12 aprel müşavirəsi ölkədaxili və xarici milli çağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qaldı”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə diqqətə çatdırıb ki, 2022-ci ilin birinci rübündə ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib:
“Ötən 3 ay ərzində ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çox artım olub. Bütün bunlar onu göstərir ki, iqtisadiyyatımız post-pandemiya dövründə yeni inkişaf mərhələsinə daxil olub. Azərbaycanın tədiyyə balansında stabillik formalaşıb, məqsədyönlü və səmərəli ixrac siyasətinin yürüdülməsi ticarət dövriyyəsində 4 milyard dollar səviyyəsində müsbət saldonun əldə olunmasına səbəb olub. Ölkədə rəqabət mühitinin təmin olunması, ixracın təşviqi və ixracın stimullaşdırılması Azərbaycanın tədiyyə balansında müsbət dinamikanın yaranmasına gətirib çıxarıb. Ötən dövrdə xarici ticarət dövriyyəmiz 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə, qeyri-neft ixracı isə 45 faiz artıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyi möhkəmləndirib, maliyyə-valyuta bazarında sabitliyin güclənməsi milli valyutamızın məzənnəsinin möhkəmlənməsinə səbəb olmaqdadır”.
A.Hüseynov qeyd edib ki, xarici dövlət borcumuz da azalmaqda davam edir:
“Bir neçə il əvvəl xarici borc ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Cəmi bir il ərzində xarici borc təqribən 600 milyon dollardan artıq aşağı salınıb. Bu, həm borclanma ilə bağlı vəziyyətin normallaşması, həm də borcun idarə olunması ilə bağlı yeni strategiyanın tətbiqi ilə bağlıdır. Strategiyaya əsasən, Azərbaycanın maliyyə ehtiyaclarının ən az risk-xərc prinsipi əsasında təmin edilməsi və dövlət borcalmaları üzrə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulub. Hər il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər azalır. Strategiya özünün siqnallarını da verir, yəni ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olması təmin edilməsi yaxın 2-3 ildə özünü doğruldacaq”.
Deputat onu da vurğulayıb ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan və dövlətə məxsus qurumların xarici borclanmaları ilə əlaqədar verilən dövlət zəmanətləri də daxil olmaqla dövlətin digər xarici maliyyə öhdəliklərdən ibarətdir:
“Azərbaycan hər iki istiqamətdə çox təmkinli və yeni yanaşmalara əsaslanan siyasət yürüdür. Azərbaycan borclanmanın vəziyyətini xarakterizə edən bütün göstəricilərə görə dünya ölkələri arasında ən yaxşı yerlərdən birini tutur”.
Deputat, siyasi şərhçi Elşad Mirbəşiroğlu hesab edir ki, Prezident müşavirədə bir çox məsələlərin mahiyyətinə dəqiqliklə aydınlıq gətirdi:
“Xüsusi vurğulanmalı olan məqamlar da var idi. Birincisi, ölkə Prezidenti keçmiş münaqişə vəziyyəti ilə bağlı önəmli fikirlər səsləndirdi. Bunların içində çoxsaylı mesaj xarakterli fikirlər var idi. Prezident əvvəllər də vurğulamışdı ki, Ermənistanın manevr imkanları mövcud deyil. Bu gün Prezidentin fikirlərinin öz təsdiqini tapdığını bir daha görürük. Ermənistan Azərbaycanın təklif etdiyi şərtləri qəbul edib.
Yeri gəlmişkən, xatırlatmaq istəyirəm ki, baş nazir Nikol Paşinyan da 2020-ci ili qayıdaraq, Azərbaycanla sülh sazişi bağlamağa məcbur olduqlarını qeyd edib. Ermənistan Azərbaycanın şərtlərini qəbul edib, sülh sazişi imzalamağa məcburdur. Dəfələrlə vurğulamışıq ki, Azərbaycan düşməni, yəni Ermənistanı sülhə məcbur etmə strategiyasını həyata keçirir. Hesab edirəm ki, bu strategiyanın nəticələri görülməkdədir. Dövlət başçısı müşavirədə işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən, inşası davam edən hava limanlarından da danışıb. Bu il Zəngilanın Ağalı kəndində ilk məskunlaşma həyata keçiriləcək. Beləliklə, Böyük Qayıdışın ilk mərhələsi baş tutacaq. Hesab edirəm ki, bu, növbəti addımların atılması üçün böyük hadisədir”.
Elşad Mirbəşiroğlu söyləyib ki, Prezident İlham Əliyev çıxışı zamanı müəyyən paralellər aparıb, dünya siyasətində ikili yanaşmalara toxunub:
“Prezident diqqətə çatdırdı ki, Azərbaycan işğaldan azad etdiyi əraziləri öz hesabına bərpa etməkdədir. Həmçinin, Ermənistanın Azərbaycan ərazisində törətdiyi dağıntıları İkinci Dünya müharibəsi ilə müqayisə edərək bildirdi ki, o dövrdə belə Qarabağdakı kimi dağıntılar törədilməmişdi. Dağıntıların miqyasına baxmayaraq, Azərbaycan öz vəsaiti hesabına Qarabağı bərpa edir.
Rusiya-Ukrayna müharibəsinə gəldikdə isə Prezident vurğuladı ki, bütün dünya Ukraynaya dəstəkdir. Amma Azərbaycana münasibətdə eyni vəziyyəti müşahidə etmədik. Hətta torpaqlarımızın vaxtilə işğal edilməsi faktını da dünya qəbul etmirdi. Biz beynəlxalq təşkilatlar çərçivəsində qətnamələrdə öz ədalətli mövqelərimizin müdafiə olunması üçün çox səy göstərdik. Təbii ki, Prezidentinin vurğuladığı kimi ikili standartlar Qərbin əsas xarakterini ifadə edir.
Ölkə başçısı yenidən vurğuladı ki, işğaldan azad edilmiş ərazilərimizi dünyanın ən dilbər guşələrindən birinə çevirəcəyik. Son dövrlər cərəyan edən proseslərə toxunan Prezident Fərrux dağının artıq bizim nəzarətimizdə olduğunu, orada Azərbaycan bayrağının dalğalandığını söylədi. Aprel müşavirəsindən gəlinən nəticə budur ki, ölkə başçısı Azərbaycanın ümummilli məsələlərini qeyd etməklə yanaşı gələcək üçün mühüm mesajları ifadə etdi”.