Modern.az

Emənilərdən müsbət MESAJ: Proses başladı, Bakı istəyinə çatır

Emənilərdən müsbət MESAJ: Proses başladı, Bakı istəyinə çatır

Parlament

30 Aprel 2022, 18:52

Bütün dünyada dini, milli tolerantlıq, millətlərarası münasibətlər, normal birgəyaşayışın təmin edilməsi, xalqların bir-birinə münasibəti müzakirə olunan və müsbət nəticələr ortaya gətirən məsələyə çevrilib. Dini və milli tolerantlığın formalaşması mexanizmləri bütün ictimai münasibətlər sistemi, konstitusion demokratik hüquq və azadlıqların tam həyata keçirilməsi imkanları, şəxsiyyətin və cəmiyyətin mənəvi mədəniyyətinin səviyyəsi ilə bağlıdır. Azərbaycan ərazisində yaşayan millətlərin, müxtəlif dini qrupların, etnik mənsubların birgəyaşayışı, yüksək tolerantlıq göstəriciləri baxımından uğurlu nümunələrdən biri olan ölkədir. 


44 günlük Vətən Müharibəsində Zəfər qazanan Azərbaycan postmüharibə dövründə regionun aparıcı ölkələrindən biri olaraq, indiyə qədər düşmənçilik şəraitində yaşadığı Ermənistanla belə qonşuluq münasibətlərinin formalaşması üçün səylər göstərir. Belə ki, hazırkı prosesdə Azərbaycan ərazilərində, Qarabağda yaşayan ermənilərlə gələcəkdə birgəyaşayışın təmin olunması istiqamətində addımlar atılmağa başlayıb.

 

Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bir çox mühüm məqamlara toxunub. Dövlət başçısı Qarabağdakı ermənilərdən söz açaraq, onlarla təmaslara başlandığını və müsbət mesajlar alındığını söyləyib.


“Bizə artıq Qarabağdakı ermənilərdən mesajlar daxil olur. Bunlar çox müsbət mesajlardır. Biz artıq müxtəlif səviyyələrdə ilkin təmaslara başlamışıq. Bunun təfərrüatlarına varmaq istəmirəm, lakin proses artıq başlayıb və bu, bir daha bizim niyətimizi göstərir”, - Prezident vurğulayıb.

 


İşğaldan azad edilmiş Cəbrayıl rayonunun deputatı Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycanın Ali Baş Komandanın rəhbərliyi ilə apardığı siyasət göstərir ki, ermənilərin, xüsusilə Qarabağda yaşayan ermənilərin başqa çıxış yolu qalmayıb:


"Ermənilər reallığı dərk edirlər, bilirlər ki, Azərbaycanla silahlı mübarizə aparmaq mümkün deyil. Onların yalnız bir yolu var, azərbaycanlılarla birlikdə yaşayıb, münasibətləri bu istiqamətdə inkişaf etdirməlidirlər. Biz Qarabağda yaşayan ermənilərin hamısının revanşistlər olduğunu deyə bilmərik. Onların arasında reallığı qəbul edənlər də var. Ermənilər köhnə rejimin qalıqlarından çəkinərək bunu göstərə bilmirlər. Amma əmindirlər ki, Ermənistan hakimiyyəti və onun Qarabağdakı qalıqları heç bir inkişafa xidmət etmir. Ermənilər 30 ildir Qarabağda heç nə etməyib, əksinə viran qoyublar. Biz isə Vətən Müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, öz torpaqlarımızı bərpa edirik".


Deputatın fikrincə, erməni xalqının gələcəyini düşünən şəxslər azərbaycanlılarla birgə yaşamaq istədiklərini bildirirlər:


"Onlar mesajlar ötürürlər, bizimlə birlikdə yaşamaq istədiklərini bildirirlər. Onsuz da bu proses getməlidir, çünki qeyd etdiyimiz kimi, ermənilərin başqa yolu yoxdur. Bölgəyə sülhün gəlməsi üçün iki xalq arasında münasibətlər normallaşmalıdır. Uzun müddət düşmənçilik, qarşıdurma davam edə bilməz. 


Aidiyyatı qurumlar, dövlət orqanları bu istiqamətdə çalışırlar. Yaxın zamanda Azərbaycan öz istəyinə nail olacaq. Biz ermənilərin törətdiklərini unutmuruq, heç vaxt unutmayacağıq. Sadəcə, bölgəyə sülhün gəlməsi üçün normal münasibətlər olmalıdır".

 


İqtisadçı, deputat Vüqar Bayramov isə dünya praktikasında bu cür təcrübələrin olduğunu vurğulayıb. Deputat qeyd edib ki, xüsusilə inkişaf etmiş ölkələrdə müxtəlif etnik qruplar, fərqli millətlər yaşayır:


"Bu millətlər etnik baxımdan fərqli olmaqlarına baxmayaraq, yaşadıqları dövlətlərdə qanunlara tabe olurlar və həmin dövlətlərin vətəndaşı hesab olunurlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağda yaşayanlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunlarına riayət edərək yaşamaq hüququna malikdirlər. 
Gözlənilir ki, sülh müqaviləsi imzalanarsa, ermənilər bu şərtləri qəbul edib, Azərbaycan vətəndaşı olmaqla bizimlə birlikdə yaşaya bilərlər və bu vacibdir. 


Prezident qeyd etdi ki, bununla bağlı müsbət mesajlar gəlir. O deməkdir ki, sülh müqaviləsi üçün müəyyən meyillər formalaşıb. Nəinki ermənilər, digər millətlərdən olan etnik qruplar da Azərbaycan vətəndaşlığı ilə, qanunlarımız altında yaşaya bilər. Dayanıqlı sülhün formalaşması bunu tələb edir. Xüsusilə, konflikti olan ölkələrin sonradan razılaşması regionun inkişafı baxımından müsbət addımdır. Ermənistan kommunikasiyaların açılmasında maraqlıdır. Bu, Ermənistanda son illərdə müşahidə olunan ciddi sosial, iqtisadi problemlərin də nisbətən azalmasına səbəb ola bilər. Ona görə, ermənilərlə birgə yaşayışın qeyd etdiyimiz kimi, Azərbaycana sərf edən formada təmin olunması həyata keçirilə bilər".

 

Mövzu ilə əlaqədar fikirlərini bölüşən Milli Məclisin deputatı Ülvi Quliyevin fikrincə, Prezident İlham Əliyevin təkcə aprel ayında qəbul etdiyi nümayəndə heyətlərinin tərkibinə, keçirdiyi görüşlərə, dövlət başçıları və beynəlxalq qurumların rəhbərləri ilə telefon danışıqlarına dair rəsmi məlumatlara, iştirak etdiyi digər tədbirlərin forma və məzmununa diqqət yetirdikdə çox asanlıqla görmək olur ki, onların mütləq əksəriyyəti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, eləcə də ölkəmizin Avropanın enerji təhlükəsizliyində artmaqda olan rolu ilə bağlıdır: 


“Rəsmi təmasların intensivliyi və ali səviyyəli qonaqların Azərbaycana səfərlərinin nəzərəçarpacaq dərəcədə artması onu da deməyə əsas verir ki, istər Qərb, istərsə də region ölkələri rəsmi Bakının bölgədə yaratdığı yeni reallıqla artıq hesablaşır və bu reallığın arxasında dayanan Azərbaycanın imkanlarını adekvat şəkildə dəyərləndirirlər.


Aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında və aprelin 29-da ADA Universitetində təşkil olunan beynəlxalq konfransda Prezidentin səsləndirdiyi fikirlər bir daha ona dəlalət edir ki, bölgədə dayanıqlı sülhü təşviq edən və Ermənistanla sülh müqaviləsinin bağlanmasına təşəbbüs göstərən məhz Azərbaycandır. Rəsmi Bakı ilə təmasların və siyasi dialoqun dərinləşməsinə verilən önəm həm də onun göstəricisidir ki, 30 il gecikmə ilə olsa da, nəhayət, bəzi xarici dairələr ölkəmizin konstruktiv mövqeyini görməyə və onu qəbul etməyə başlayıblar. Baxmayaraq ki, elə həmin dairələr ötən illər ərzində işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsinin qoyulmasına, Xocalı soyqırımına, işğalçının birtərəfli və təmənnasız qaydada silahlandırılmasına, ermənilərin Qarabağda və Şərqi Zəngəzurda törətdikləri çoxsaylı vandallıq aktlarına, tarixi, mədəni və dini irsimizi bu torpaqlardan silmək cəhdlərinə, Ermənistandakı hakimiyyətlərin səngimək bilməyən hərbi-siyasi təxribatlarına və 44 günlük Vətən savaşındakı müharibə cinayətlərinə ya göz yumublar, ya da biganə qalıblar".

 

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında söylədiyi bu fikirlər elə bu səbəbdən təsadüfi deyildi və 30 ilin acı reallığına söykənirdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”. 

 

Aysel Aslan 

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi