Modern.az

“Özümüzü ərzaqla tam təmin edə bilmirik” – Komitə sədri

“Özümüzü ərzaqla tam təmin edə bilmirik” – Komitə sədri

Parlament

5 May 2022, 18:16

"İşğaldan azad olunmuş ərazilərin əlverişli şəraiti və kənd təsərrüfatı potensialına malik olması bu torpaqlarda pambıqçılığın, taxılçılığın, heyvandarlığın, eləcə də digər sahələrin inkişafı üçün imkanlar yaradır".

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. O bildirib ki, uzun illər erməni təcavüzkarları tərəfindən istismar olunmasına, vəhşicəsinə dağıdılmasına və infrastrukturun məhv edilməsinə baxmayaraq, tarixi qələbəmizdən sonra artıq bu ərazilərdə həyat canlanır:

 

"Burada yolların, körpülərin, kəndlərin bərpası, yeni yaşayış məntəqələrinin salınması, elektrik stansiyasının, hava limanlarının istifadəyə verilməsi, torpaqların minalardan təmizlənib əkin dövriyyəsinə daxil edilməsi istiqamətində əsaslı işlər görülür. Prezident cənab İlham Əliyev Zəngilan rayonuna Xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tədbirlərə, görülən möhtəşəm işlərə diqqət çəkməklə bu tədbirlərin vacib, uğurlu olduğunu bildirib, bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyinə əmin olduğun söyləyib. Bu sahədə aqrar sektorun inkişafı əlbəttə ki, diqqət mərkəzindədir və dövlətimizin rəhbəri də öz çıxışında bunu qeyd edərək bildirdi ki, azad olunmuş torpaqlarda kənd təsərrüfatı ilə bağlı çox böyük planlar var. Ərzaq təhlükəsizliyi ön plandadır. Ölkənin ərzaq buğdası ilə təminatının yaxşılaşdırılması qarşıya qoyulan əsas vəzifələrdəndir və xatırladılır ki, son illər bu sahədə çox işlər görülsə də, ancaq biz özümüzü ərzaqla tam təmin edə bilmirik".

 

Komitə sədrinin sözlərinə görə, böyük kənd təsərrüfatı imkanları olan torpaqlarımızda əkinçiliyin, heyvandarlığın, bağçılığın, balıqçılığın, arıçılığın, üzümçülüyün inkişafı dövlət rəhbərinin tövsiyə etdiyi kimi əkin yerlərinin düzgün seçilməsini, sudan qənaətlə istifadə olunmasını, kadrların hazırlığının artırılmasını tələb edir:

 

"Kənd təsərrüfatının canlandırılması işsizliyin aradan qaldırılması, əhalinin rifahının yüksəldilməsi, həm də regionların inkişafı üçün çox əhəmiyyətlidir. Cənab Prezidentin bildirdiyi kimi, azad olunmuş bütün torpaqlarda bütün işlər baş plan əsasında aparılacaq. Əlbəttə ki, “ağıllı kənd” layihələrinin uğurla həyata keçirilməsi və bütün kəndlərin bu istiqamətdə qurulması nəinki kəndlərimizi müasirləşdirəcək, eləcə də kənd təsərrüfatının ağıllı, müasir üsullarla idarə olunmasına yeni imkanlar yaradacaq. Bu da iqtisadi və sosial həyatın yaxşılaşdırılması, insanların nümunəvi həyat tərzinin təmin edilməsi deməkdir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi