30 illik işğal dövründə Ermənistanın Azərbaycana vurduğu ziyanın məbləği milyardlarla ölçülür. Torpaqlarımız düşmən tapdağından azad edildikdən sonra ilk olaraq ölkəmizə dəyən ziyanın hesablanmasına başlanılıb. Xarici ekspertlərin də cəlb olunduğu proses yekunlaşdıqdan sonra Ermənistanın vurduğu ziyanın dəqiq məbləği müəyyən ediləcək və bununla əlaqədar qarşı tərəfə kompensasiya ödənilməsi tələbi ilə beynəlxalq məhkəmələrdə iş qaldırılacaq.
Hazırda bu istiqamətdə hansı işlər görülür? Ziyanın yekun məbləği bəllidirmi?
Modern.az bu sualla işğaldan azad olunmuş rayonların deputatlarına müraciət edib.
Kəlbəcərin deputatı Aqil Məmmədov bildirib ki, 30 il ərzində işğal altında qalan rayon və şəhərlərimizdəki bütün yaşayış evləri, tarixi abidələr, sosial obyektlər, kommunikasiya xətləri, insanların var-dövləti ermənilər tərəfindən talan edilib.
“Hesablamalar aparılarkən ortaya müxtəlif rəqəmlər çıxır. Hazırda əsas məqsəd dəymiş ziyanı araşdırıb, Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Təzminatın ödənilməsi üçün ciddi addımlar atılır. Bu istiqamətdə işlər aparılır. Ermənilər törətdikləri cinayətlərə görə cavab verməli olacaqlar”.
A.Məmmədov qeyd edib ki, ermənilərin vurduğu mənəvi ziyanı ölçmək mümkün deyil:
“İnsanlara dəymiş mənəvi ziyanı ölçmək qeyri-mümkündür. Günahsız insanın əzizini gözünün qabağında işgəncə ilə öldürüblər, bunun təzminatı nə ola bilər? Yaxud ata-baba yurdundan didərgin salınıb, evi-eşiyi yandırılan, 30 il müddətində məcburi köçkün həyatı yaşamağa məcbur olan, öz əzizlərinin qəbrini ziyarət edə bilməyən adamların çəkdiyi zərərlər ölçülə bilən deyil. Ermənistanı vurduğu maddi zərərə görə beynəlxalq məhkəməyə vermək lazımdır. Bu məsələ nə vaxtsa öz həllini tapacaq. Onlar məhkəmə qarşısında cavab verməli olacaqlar. Dəymiş ziyan olduqca böyükdür”.
Füzuli rayonundan seçilən deputat Vüqar Bayramov bildirib ki, torpaqlarımızın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi prosesi hazırda davam etdirilir:
“Prosesə xarici ekspertlər, eyni zamanda, müxtəlif təşkilatlar cəlb olunub. Xarici metodologiya əsasında qiymətləndirmə həyata keçirilir. Son məlumatlar göstərir ki, dəymiş ziyanın ümumi məbləğinin hesablanması ilə bağlı işlər sürətlə gedir. Bu da imkan verəcək ki, 30 ilə yaxın işğal müddətində Azərbaycan iqtisadiyyatına dəymiş ziyanın tam məbləği müəyyən edilsin. Əldə edilmiş nəticələr növbəti mərhələdə dəymiş ziyanın konpensasiya edilməsi və təzminatın ödənilməsi ilə bağlı məsələnin beynəlxalq müstəviyə çıxarılmasına imkan verəcək”.
Deputat vurğulayıb ki, Ermənistan Azərbaycana təzminat ödəməyə məcburdur, İrəvan prosesdən boyun qaçıra bilməyəcək:
“Əvvəlki müharibələrdə də belə təzminatın ödənilməsi halları var. İraq-Küveyt müharibəsində 50 milyarda yaxın təzminat İraq tərəfdən müəyyənləşdirildi. Həmin təzminatın əhəmiyyətli hissəsi artıq ödənilib. Savaşlarda təcavüzkar və işğalçı tərəf təzminat ödəyir. Beynəlxalq hüquq, mövcud konvensiyalar Azərbaycanın tərəfindədir. Azərbaycan beynəlxalq hüquqi prinsiplərdən istifadə edərək Ermənistan tərəfindən ölkəmizə dəymiş ziyanın ödənilməsinə nail olmaq niyyətindədir”.
V.Bayramov bildirib ki, hələlik yekun məbləğ elan edilməyib:
“Dəymiş ziyanın məbləği çox böyükdür. Yaxın zamanlarda yekun məbləğ elan olunduqdan sonra prosesin beynəlxalq müstəvidə davam etdirilməsinə başlanacaq”.
Cəbrayılın deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri ermənilərin işğal etdikləri ərazilərdə törətdiyi vəhşiliklərin aktlaşdırılması və sənədləşdirilməsidir:
“Ziyanın həcmi çox böyükdür. İşğal dövründə yaşayış binaları, məktəblər, dövlət binaları yerlə-yeksan edilib. Torpaq sahələri vəhşicəsinə istismar olunub. Bizim xalçalarımız, muzeylərdəki eksponatlarımız, sərvətlərimiz Ermənistana, oradan da xaricə daşınıb. Burada söhbət Azərbaycana vurulan milyardlarla ziyandan gedir. Cənab Prezidentin tapırığına uyğun olaraq torpaqların işğaldan azad edilməsindən sonra qısa müddət ərzində dağıdılmış rayonların, şəhərlərin, kəndlərin hər birində video və fotoçəkilişlər həyata keçirilib. Aşkar edilmiş faktlar aktlaşdırılıb”.
C.Məmmədov Ermənistana qarşı iddia qaldırmaq üçün əldə edilmiş faktların vacibliyini vurğulayıb:
“Bizdə video və fotofaktların olması ona görə vacibdir ki, Azərbaycan Ermənistandan təzminat tələb edə biləcək. Cənab Prezident bir neçə gün bundan əvvəl Şərqi Zəngəzura, Zəngilana yeni xüsusi nümayəndə təyin edərkən bu məsələyə bir daha toxundu. Bu çox önəmli məsələdir. Bu istiqamətdə dövlət işləri həyata keçirilir. Hətta xarici ekspertlərin iştirakı ilə proses davam etdirilir. Biz bilirik ki, hər kəndimizdə, şəhərimizdə Ermənistanın vurduğu ziyan nə qədərdir. Yəni bunun üçün bütün zəruri tədbirləri dövlət həyata keçirir”.
Parlamentari qeyd edib ki, Ermənistanın təzminat ödəməsi üçün ciddi addımlar atılacaq:
“Hazırda sənədləşdirmə işləri gedir. Biz prosesə artıq hazırıq. Məlum olduğu kimi, beynəlxalq qurumlar və məhkəmələr qarşısında iddialar qaldırılıb. Azərbaycan sonadək bu işi davam etdirəcək. Ermənistan törətdiyi bütün vəhşiliklərə və vandalizm aktlarına görə cavab verəcək”.