"Mən xarici ölkələrdə səfərlərdə çox olmuşam, İsveçrəyə üçüncü dəfə idi ki, səfər edirdim. İsveçrənin dövlət olaraq, Azərbaycana münasibəti heç də həmişə yüksək səviyyədə olmayıb, hamar olmayıb, müəyyən problemlər olub. Amma bu dəfə mən İsveçrə dövlətinin tamamilə fərqli bir mövqeyinin şahidi oldum".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputatın fikrincə, görünür, 44 günlük Vətən müharibəsinin müsbət nəticəsi Azərbaycanın beynəlxalq aləmdə imicinə çox böyük təsir göstərib:
"Bütün görüşlərdə - istər parlamentin spikeri, istər vitse-prezidentlə görüşlərdə Azərbaycanda gedən proseslərə müsbət münasibəti gördüm. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin adını çox yüksək səviyyədə qeyd etdilər, onun gördüyü işlər yüksək qiymətləndirildi.
Hörmətli spiker Sahibə Qafarova Azərbaycanla bağlı məsələləri, o cümlədən, Azərbaycanın dövlət başçısının apardığı siyasəti, ölkəmizdə Vətən müharibəsindən sonra aparılan quruculuq işləri daha çox diqqətə çatdırırdı.
Bilirsiniz ki, tərəflərlə belə məsələləri müzakirə etmək heç də asan deyil. Çünki bir tərəfi başqa məsələ maraqlandırır, digər tərəfi başqa məsələ. Hərə öz mənafeyini müdafiə etməyə çalışır. Mən hesab edirəm ki, Sahibə Qafarova öz mövqeyini, ölkəmizin mövqeyini çox açıq şəkildə ortaya qoydu".