Modern.az

Deputat Məlahət İbrahimqızı yeni qadağaya qarşı çıxdı

Deputat Məlahət İbrahimqızı yeni qadağaya qarşı çıxdı

22 Fevral 2013, 10:06

“Ailə məsələlərindən savayı hər şey lentə alınmalıdır”

Yaxın zamanlarda Milli Məclisdə millət vəkillərinin, məmurların icazəsi olmadan onların şəklini çəkmək, yaxud da videokameraya almaqla bağlı sənəd müzakirəyə çıxarılacaq. Belə çıxır ki, hətta seçiciləri ilə görüşən anda deputatın şəklini onun icazəsi olmadan çəkmək qadağan ediləcək. Qadağa yalnız bununla bitmir.
Eyni zamanda icazəsiz şəkil və ya vide yayan da məsuliyyətə cəlb olunacaq.

Maraqlıdır, ictimai adamların qanuni şəkildə pərdələnməsi doğru haldırmı?

Millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, icazəsiz çəkiliş aparılması etikaya, mədəniyyətə yaraşmayan hərəkətdir və bu, qanunla tənzimlənməlidir.
O, Modern.az-a açıqlamasında deyib ki, millət vəkilləri, yüksək vəzifəli məmurlar millətin, xalqın önündə gedən insalardır. Onlar cəmiyyətə nümunə, örnək olmalıdırlar:

“Əgər qırx min seçici o insana səs verirsə, bunun nəticəsində o, yüksək kürsüdə oturmaq mandatı qazanırsa, həmin insan bu mandata layiq olmağa çalışmalıdır. Seçilmiş, etimad göstərilmiş insanlar nümunə olmalı,  etimadı doğrultmalıdırlar”.
 
Deputat qeyd edib ki, kimsə ailəsiylə, uşaqlarıyla istirahət edirsə və bu gizli şəkildə çəkilib mətbuata verilirsə, bu, qanunla tənzimlənməlidir: “Hətta mən bununla bağlı cinayət işinin açılmasının tərəfdarıyam.
Ancaq istər siyasətçi, istərsə də dövlət məmuru olsun, onlar hiss etməlidirlər ki, üzərlərində diqqət, nəzarət var. İnsanlar, xüsusilə gənc nəsil öndə gedənlərə baxır və özlərinə örnək götürürlər. Hər hansı etikaya yaraşmayan çəkilişi, kaseti olanda əlbəttə milli dəyərlər yox olar.
Ailəylə bağlı olan çəkilişlər qadağan olunmalıdır. Ancaq istər deputatın, istərsə də ictimai xadimin, məmurun yerdə qalan fəaliyyətinin çəkilişinə qadağa qoyulmamalıdır. Onların fəaliyyəti bütün cəmiyyət üçün açıq olmalıdır. Seçilmiş insanların fəaliyyəti niyə cəmiyyətə qapalı olmalıdır? Hesab edirəm ki, bu məsələ doğru deyil. Hər şey şəffaf olmalıdır. Deputat, yaxud məmur gedib cinayət tərədəcək, ancaq onu lentə almaq yasaqlanacaqsa, bunun mənfi nəticələri üzə çıxacaq. Bir daha söyləyirəm, mən nəinki deputatların, məmurların, hətta sıravi vətəndaşların da ailə həyatına müdaxilə edilməsinin əleyhinəyəm. Ancaq yerdə qalan işlərin tam şəffaf olmasının tərəfdarıyam, bunun lentə alınmasının yasaqlanmasına qarşıyam”.

Ulduz İbrahimova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım