"Azərbaycan Türkiyə birliyi iki qardaş ölkənin ortaq dəyərlər ətrafında birləşərək, siyasi arenada yeni sistem formalaşdırmağa qadir olduğunu dünyaya nümayiş etdirir".
Bu sözləri Modern.az-a Türkiyə və Azərbaycan prezidentlərinin "TEKNOFEST" festivalında çıxışı, dünyaya ötürdüyü mesajlar haqqında danışan deputat Asim Mollazadə deyib. O qeyd edib ki, istəyimiz yaxın müddətdə regionda sabitlik və əməkdaşlıq istiqamətində böyük işlər görməkdir:
"Bölgəmizdə təhlükəsizlik, sabitlik və sülh mühitini yaratmaq üçün görülən işlər önəmli əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə üçün ən böyük dəyər müstəqil siyasət yürütməkdir. Bunun üçün dövlətlərimiz daha güclü olmalıdır. Yeni nəsil texnologiyaları qavrayaraq, müasir dövlət kimi inkişaf etmək, əməkdaşlıq qurmaq böyük imkandır. Biz digər ölkələri də yaratdığımız yeni sistemə cəlb edəcəyik, onların bu birlikdə maraqlı olmasına çalışacağıq. Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarında və dünyaya mesajlarında da bu mühüm yer tuturdu. Azərbaycan və Türkiyənin birliyi ümumi dəyərləri və məqsədləri digər dost və qardaş ölkələr üçün cazibə yaradır".
Deputatın fikrincə, iki ölkə arasında texnoloji və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məhz "TEKNOFEST"lə bir qədər də önə çıxdı:
"Əminəm ki, Azərbaycan-Türkiyə birliyi gənc nəsil üçün təhsil, bilik və bacarıqların inkişafı üçün də şərait yaradacaq. Bakıda keçirilən "TEKNOFEST" festivalı bu inkişafın rəmzi xarakteri idi. Bu gəncliyin bayramı oldu və gənc nəslin texnologiyaların inkişafında yeni mərhələyə qədəm qoyması üçün imkanlar yaradılmışdı. Gələcəkdə də belə əhəmiyyətli tədbirlərin keçiriləcəyi, birliyin gücləndiriləcəyi istisna deyil".