Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Məlahət İbrahimqızı xərçəng xəstəliyi kimi Azərbaycanın hər yerinə yayılan "Topaz” mərc obyektlərinin bağlanmasının vacibliyini vurğulayıb.
“Gənclər bütün vaxtlarını orada keçirirlər. Universitetlərin bir çoxunda tələbələr bu qumarxanalara toplaşır. Buna son qoymaq lazımdır. İnsanlar evlərini belə, burada uduzurlar”.
Millət vəkili bildirib ki, gənclərin asudə vaxtının təşkili adı altında "Topaz" oyunları artıq xeyli sayda problemlər yaradıb:
“13 nəfər ana mənə müraciət edərək bu oyunlardan şikayət edib. Elə şeylər baş verir ki, hətta evlərini uduzanlar da olur. Artıq belə hallar da var. Bunun qarşısını almaq lazımdır”
M.İbrahimqızının sözlərinə görə, prezidentin sərəncamı ilə gənclərin asudə vaxtlarının təşkili üçün olimpiya kompleksləri tikilir. Bunun üçün də belə oyunların keçirilməsi ilə bağlı araşdırmalar aparmaq lazımdır.
Spiker Oqtay Əsədov isə deputat cavabında “Topaz” qumarxana deyil” deyə bildirib. Onun sözlərinə görə, “Lotereya haqqında” qanun müzakirə olunarkən deputatlar buna səs veriblər. “Biz bu qanunu sizin iştirakınızla qəbul etmişik. Dediyiniz məsələni isə araşdırarıq”. Spiker onu da bildirib ki, bütün hallarda bununla bağlı araşdırma aparılmalıdır.
Modern.az