2020-ci ilin Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə edir.
Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsir göstərir.
Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə də canlanma müşahidə olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-22-də Özbəkistana rəsmi səfəri iki ölkə münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Səfər zamanı müxtəlif sahələrdə müzakirələr aparıldı, Özbəkistanla əlaqələrə yenidən nəzər salındı.
Bundan əlavə, Prezidentin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin köklərə dayanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir.
Dövlət başçısının səfərin son günündə səsləndirdiyi "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacaq" mesajı təkcə iki ölkənin deyil, Türk dünyasının birliyi yolunda böyük addımın atıldığını göstərir.
Prezidentin tarixi səfəri barədə Modern.az-a danışan Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Anar İsgəndərli xatırladıb ki, tarix boyu Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla çox səmimi münasibətlər qurub. İpək yolunun üzərində yerləşən bu xalqlar bir-biri ilə ticarət əlaqələrində olub:
“Elmi baxımdan xilafətin hansı görkəmli elm və din xadimləri olubsa, onların əsərləri Azərbaycana gətirilib və ya azərbaycanlı elm adamlarının əsərləri Orta Asiyaya aparılaraq tədris olunub. Sovet dönəmində Azərbaycanla Özbəkistan arasında elmi əlaqələr yüksək səviyyədə olub. Azərbaycan pambıqçıları ilə Özbəkistan pambıqçılarının təcrübə mübadilələri olurdu, həm də onlar arasında “sosializm yarışı” keçirilirdi.
Tarixin sonrakı məqamlarında 1930-cu illərin repressiyaları zamanı azərbaycanlı elm və din xadimləri Qazaxıstana, Özbəkistana, Orta Asiyaya sürgün olunmuşdular. Həmişə özbəklər, Özbəkistan dövləti tərəfindən həmin sürgün olunan şəxslərə isti münasibətdə olub. Bu gün də Özbəkistandan minlərlə on minlərlə azərbaycanlı yaşayır”.
Deputat qeyd edib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında Ulu Öndər Heydər Əliyev və İslam Kərimovun xüsusi rolu olub:
“Həmin dövrdə münasibətlər yüksək xətlə inkişaf edib. Özbəkistanda Heydər Əliyev Meydanı yaradılıb Tale elə gətirib ki, mən də Özbəkistanda, o cümlədən Buxara, Xivə, Daşkənd şəhərlərində olmuşam. Sonuncu dəfə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə ora səfər etdik. Dövlət və hökumət rəsmiləri tərəfindən qəbul edildik. Bu iki xalq qədər bir-birinə dərin hörmət edən, musiqisinə, elminə hörmət edən başqa xalqlar yoxdur, buna bir daha əmin olduq”.
Anar İsgəndərovun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistana səfərləri Azərbaycan dövlət başçısının yüksək özbək hərarəti ilə qəbul olunması, Heydər Əliyevin adını daşıyan meydanın açılması göstərir ki, türk dünyasında əvəzsiz xidməti, xüsusi rolu və nüfuzu olan Özbəkistan-Azərbaycan dostluğu, qardaşlığı tarix boyu hökm sürüb və bu gün də ən yüksək səviyyədə inkişaf edir.
“Mən əminəm ki, türk birliyinin möhkəmlənməsi üçün bir tərəfdən Türkiyə Cümhuriyyəti, Azərbaycan və Özbəkistan əlindən gələni edir ki, vahid mədəniyyətin daşıyıcısı olan bu xalqlar dünyanın inkişafında töhfəsini verə bilsinlər. Azərbaycanla Özbəkistan dost və qardaş dövlətdir, vahid dilə və dinə sahibdir. Bu inkişaf gələcəkdə öz bəhrəsini verəcək”, - deyə deputat Azərbaycan-Özbəkistan dostluğunun tük dünyası üçün tarixi əhəmiyyət daşıdığını sözlərinə əlavə edib.