Modern.az

Parlament jurnalistləri deputat Kamilə Əliyeva haqda: “Özünü reklam eləmir”

Parlament jurnalistləri deputat Kamilə Əliyeva haqda: “Özünü reklam eləmir”

7 Mart 2013, 14:41

Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlər səsləndirirlər. Parlamentdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər?

Modern.az parlament jurnalistləri ilə deputatlar barədə sorğuları davam etdirir. Bu dəfə həmkarlarımızdan Kamilə Əliyevanı millət vəkili kimi necə xarakterizə etdiklərini soruşduq.  

111 saylı Zaqatala - Balakən seçki dairəsindən mandat alan Kamilə Əliyeva Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür.  

“New Baku Post” qəzetinin müxbiri Fərəh Sabirqızı bildirib ki, Kamilə Əliyeva parlamentdə aktiv olmağa çalışan deputatlardandır. “Ara-sıra qanun layihələrinin müzakirəsində çıxışlarının, təkliflərinin şahidi olmuşam, komitə iclaslarında da təşəbbüsləri olur. Jurnalistlərlə münasibəti yaxşıdır, müsahibələrdən qaçan deyil. Amma seçicilərlə işi haqqında məlumatım yoxdur”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlının sözlərinə görə, Kamilə Əliyeva yeni seçilən deputatlar arasında ən fəallardandır. “Onun parlamentdə çıxışlarını çox eşitmişəm. Bəzi 20 illik deputatlar kimi mətbuatdan da qaçan deyil. Keçən ay Kamilə Əliyeva deputat seçildiyi Zaqatala rayonunda oldum. İnsanlar onun haqqında yüksək fikirdədirlər və mən buna sevinirəm”.

Millət vəkili Kamilə Əliyevanın parlamentin hər iclasında iştirak etdiyini deyən “Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu ancaq onun bir o qədər də aktivlik nümayiş etdirmədiyini deyir: “Bildiyim qədəri Elm və təhsil komitəsinin üzvlərindəndir. Amma təhsilimizdə, elmimizdə bu qədər problemlər olduğu halda, iclaslarda fikir bildirməyib, münasibətini sərgiləməyib. Açığı bu xanım deputatdan gözləntilər çox olsa da, həmin gözləntiləri doğrultmadı. Bu mənim fikrimdir. Xanım millət vəkilimizin iki dəfə mətbuatda çıxışını görmüşəm. Bir yeni deputat seçilən vaxt maraqlı müsahibə vermişdi. Bir də bu yaxınlarda “Nağıllar” kitabında yer alan “Arzuolunmaz kürəkən” lətifəsini “biabırçılıq” adlandırdı. Bəlkə də başqa açıqlamaları olub, mən görməmişəm. Subyektiv fikrimdir, mən onu  passiv deputat sayıram. Seçiciləri ilə necə işlədiyi barədə isə heç nə bilmirəm”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu qeyd edib ki, dördüncü çağırış Milli Məclis fəaliyyətə başlayan ilk andan yeni millət vəkilləri arasından tək-tük ən fəal mövqe nümayiş etdirənlərdən biridir. “O, həm parlamentin plenar iclaslarında, həm üzvi olduğu Elm və təhsil komitəsinin iclaslarında, həm də mətbuatda fəallığı ilə seçilir. Heç vaxt mətbuatla təmasdan yayınmır, bəziləri kimi mediaya yuxarıdan-aşağı baxmır. Özü də heç kimə fərq qoymur, siyasi mövqeyindən asılı olmayaraq, bütün media mənsublarının suallarını cavablandırır. Bildiyim qədər seçiciləri ilə də müntəzəm əlaqə saxlayır və onların problemlərinin həllinə kömək etməyə çalışır, amma özünü reklam etmədən”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy bildirib ki, parlamentin yeni tərkibində olan bir sıra yeni deputatlardan fərqli olaraq Kamilə Əliyeva ilk iclaslarda xeyli fəallıq nümayiş etdirirdi.
“Cəsarətli çıxışları olurdu. Eyni zamanda mətbuata açıqlamalarında problemlər barədə açıq danışmağı, bir sıra məqamlarda tənqidi fikir söyləmələri diqqəti çəkib. Sonradan isə ya təzyiqlərin olmasında, ya da Azərbaycan reallıqlarını nəzərə almasından onun bu aktiv fəaliyyətinin şahidi olmadıq. Seçiciləri ilə görüşlər barədə isə məlumatsızam. Onun seçildiyi Zaqatala rayonu zəlzələdən sonra xeyli problemlərin olduğu bir bölgəyə çevrilib, amma konkret seçiciləri ilə fəaliyyəti barədə məlumatım yoxdur”.

“Novosti-Azerbaydjan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov millət vəkili Kamilə Əliyevanı nə aktiv, nə də passiv deputat kimi qiymətləndirir. “Onun fəaliyyəti ilə yaxından tanış deyiləm. Arada parlamentin plenar və komitə iclaslarında iştirak edib, müəyyən məsələlərlə bağlı fikir bildirib. Yəni tam aktiv deputat hesab etmirəm”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı millət vəkili Kamilə Əliyevanın fəaliyyətini müsbət qiymətləndirir. “O, Milli Məclisdə tez-tez olmasa da, aktual mövzular haqqında çıxışlar edir, maraqlı təkliflər verir. Eyni zamanda, mətbuata da açıq deputatdır”.

“Ann.az” saytınlın əməkdaşı Elkin Xəlilov deyir ki, bir neçə dəfə mətbuatda haqqında yazı oxuyub. “Yəni haqqında müəyyən informasiyalar bilirəm. Amma seçiciləriylə hansı səviyyədə görüşlər keçirir, nə kimi işlər görür, xəbərsizəm”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli qeyd edib ki, Kamilə Əliyeva fəallığı ilə fərqlənən millət vəkillərindəndir.
“O, fəaliyyəti müddətində bir sıra təklif və təşəbbüsləri ilə yadda qalıb. İstər qanun layihələrinin, istərsə də cari məsələlərin müzakirəsi zamanı öz mövqeyini ortaya qoya bilir. Xanım deputat beynəlxalq təşkilatlarda da Azərbaycanı layiqincə təmsil edir. O, həm də jurnalistlərlə  sərhəd  saxlamır, istənilən halda ona yaxınlaşıb müsahibə götürmək  mümkündür. Ancaq onun parlament müzakirələrində daha da fəal olmasını arzulardıq. Ümumilikdə Kamilə Əliyevanı fəal deputat kateqoriyasına aid etmək mümkündür”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə bildirib ki, Kamilə Əliyeva Yeni Azərbaycan Partiyasının üzvü olmasına baxmayaraq müstəqil şəxs kimi namizədliyini verib və seçilib. “Müxtəlif məsələlərlə bağlı çıxışlarını eşitmişəm. Xüsusilə bəzi sahələrdə tənqidli, bir neçə cəsarətli çıxışları olub. Bu çıxışları ilə hətta rezonans doğurub ki, YAP-ın üzvü olan millət vəkili belə çıxış edib. Seçildiyi bölgənin problemlərini hər zaman qaldırır. Mətbuata da açıqdır, istənilən məsələlərə bağlı açıqlamalar verir”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev isə vurğulayıb ki, Kamilə Əliyeva parlamentin təcrübəsiz deputatlarındandır. Amma yeni olmasına baxmayaraq müxtəlif mövzular ətrafında fəallıq göstərməyə çalışır. “Xüsusilə də beynəlxalq təşkilatlardakı fəaliyyəti təqdirəlayiqdir. Amma parlamentdə cəmiyyətin sosial həyatı ilə bağlı məsələlərin müzakirəsində fəallıq göstərməməsi təəssüf doğurur. Seçicilərlə işi hansı səviyyədə qurması barədə məlumatsızam”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev deputat Kamilə Əliyevanın Milli Məclisin iclaslarında xüsusi fəallığını müşahidə etməyib. “Bununla belə, komitə iclaslarında müzakirələr zamanı bəzi fikirlərini eşitmişəm. İstənilən halda Zaqatala seçiciləri Kamilə xanımın bir millət vəkili kimi fəaliyyəti barədə daha obyektiv fikir söyləyə bilərlər”.

“Lent.az” saytının əməkdaşı Ramiz Mikayıloğlu Kamilə Əliyevanın fəaliyyətini bir deputat kimi normal qiymətləndirir. “Fəaliyyətini izləyirəm, amma seçicilərlə görüşü barədə heç nə deyə bilmərəm, çünki şahidi olmamışam”.

Modern.az-ın əməkdaşı Elşad Eyvazlı: “Kamilə Əliyeva Milli Məclisdə dəfələrlə seçicilərinin problemini qaldırıb. Hətta bəzən o bununla bağlı məmurları ittiham da edib. Ona görə də Kamilə xanımı fəal deputat hesab etmək olar. Seçiciləri ilə də tez-tez görüşür. Dəfələrlə seçiciləri ilə görüşündən bizə məlumatlar göndərib. Mətbuata da açıqdır. İnanmıram ki, Kamilə Əliyeva hansısa jurnalistin sualını cavabsız qoysun”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xəqani Səfəroğlu bir cümlə ilə bildirib ki, millət vəkili Kamilə Əliyevanın fəaliyyətini izləmir. “Odur ki, heç nə deyə bilmərəm”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım