Modern.az

Deputatlar mərhum Hikmət Atayev haqda: “Hikmət həkimdən narazı adam tapılmaz”

Deputatlar mərhum Hikmət Atayev haqda: “Hikmət həkimdən narazı adam tapılmaz”

Parlament

9 Mart 2013, 16:23

Milli Məclisin deputatları 2006-ci ildən deputatlıq fəaliyyəti ilə məşğul olan və 7 mart 2013-cü il tarixində avtomabil qəzasında həlak olan mərhum millət vəkili Hikmət Atayevlə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüblər.

Deputat Fuad Muradov Hikmət Atayevi yaxşı insan kimi xatırlayır. O, Hikmət Atayevlə yaxşı ünsiyyəti və birgə işləri olduğunu qeyd edib.
“O gənclərlə, xüsusilə tibbi təhsil alan tələbələrlə çox maraqlanırdı. Allah ona rəhmət eləsin. Göründüyü kimi, çox sadə, intellektual, alicənab  insan idi, həmişə astadan danışardı. Heç vaxt heç kimin məsələsinə müdaxilə etməzdi. Bizim onunla yaxşı ünsiyyətimiz olub, çox vaxtlar söhbətləşir, dərdləşirdik”.

Millət vəkili Kamilə Əliyeva Hikmət Atayevin ölüm xəbərini eşidəndə çox pis olduğunu və bu günəcən hələ özünə gəlmədiyini qeyd edib.
“Heç inanmağım gəlmirdi Hikmət müəllimin ölümünə. O gündən özümə gələ bilmirəm. Hikmət həkimlə az müddətdə - 3 ilə yaxın həmkar münasibətində olmuşuq. Çox gözəl insan, gözəl yoldaş, gözəl ata, gözəl millət vəklili idi. İclaslarda fikirlərini sərbəst söyləyən, heç nədən çəkinməyən şəxsiyyət idi. Məndən onun mənfi xüsusiyyətinin nə olduğunu soruşsalar, tapa bilmərəm. Əfsuslar olsun ki, aramızdan tez getdi. Siyasi arenada çox işlər görəcək, çox sözlər deyəcək insan idi”.
K.Əliyeva mərhumun dəfnində çox insanın iştirak etdiyini və qonşu rayonlardan da xeyli insanın yas mərasiminə gəldiyini vurğulayıb.
“Hələ çox adam onun ölüm xəbərini bilmirdi. Hikmət həkim haqqında kiminsə narazı söz deyə biləcəyini inanmaram”.

Millət vəkili Musa Quliyev bildirib ki, Hikmət Atayevin ölümü həm parlament, həm də millət üçün çox ağır itkidir.
“Dəfn mərasimində xeyli insan var idi. Hamısı da onu gözəl insan və həkim kimi, dövlətçiliyə sadiq YAP-çı kimi xarakterizə edirdilər. Yüzlərlə xəstənin həyatını xilas edən bir adam bu cür ölümün qurbanı oldu”.
M.Quliyev mərhumu fəal deputat kimi xarakterizə edir. “Komitə və plenar iclaslarda sosial və səhiyyə məsələləri ilə bağlı aktual çıxışlar edirdi, özünəməxsus təklifləri var idi. Razılaşmadığı məsələlər barədə çox çəkinmədən, açıq şəkildə öz fikirini bildirirdi, tənqidini deyirdi, lazım olan müsbət işləri qiymətləndirirdi. 2005-ci ildən bəri birgə çalışdığımız bir zamanda onun mənfi xüsusiyyətini görmədik, həmişə deputat kimi fəal, insan kimi mehriban, ünsiyyətcil, davranışında mədəni, səhiyyə problemlərini dərindən bilən gözəl millət vəkili idi. Heyf ki biz onu tez itirdik”.

Qeyd edək ki, Milli Məclisin Zaqataladan seçilən deputatı Hikmət Atayev martın 7-də Gürcüstan-Balakən yolunda keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib. Mərhum dünən doğulduğu Zaqatala rayonunda torpağa tapşırılıb. Xəbər verdiyimiz kimi, deputatın vəfat etdiyi yol qəzası ilə bağlı cinayət işi açılıb.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım