Modern.az

Parlament partiyalarının Artur Rasizadə üçün sürpriz təklifləri olacaq

Parlament partiyalarının Artur Rasizadə üçün sürpriz təklifləri olacaq

12 Mart 2013, 12:58

Martın 15-də hökumətin 2012-ci il hesabatı Milli Məclisin keçiriləcək iclasında dinləniləcək. Artıq bir həftədir ki, parlamentdə təmsil olunan millət vəkillərinə tanış olmaq üçün hesabat verilib. Bəs parlamentdə təmsil olunana ayrı-ayrı partiya rəhbərləri Nazirlər Kabinetinin 2012-ci il hesabatını necə qiymətləndirir?

Modern.az bir sıra partiya rəhbərlərindən münasibət öyrənməyə çalışıb.

Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı hökumətin 2012-ci il hesabatı ilə artıq tanışdır.
“Hesabatda bəzi məsələlərin detalları ilə verilməsini, xüsusilə ölkə rəhbərliyi tərəfindən müəyyən olunan sosial iqtisadi proqramların icrasının mərhələlər üzrə hökumət tərəfindən yerinə yetirilməsinə nəzarətin açıqlanmasını müsbət qiymətləndirirəm. Nazirlər Kabinetinin hesabatını başdan ayağa oxumuşam. Orada dövlət, qeyri dövlət və yaxud icmal büdcədən ayrılan vəsaitlərin istiqamətləndirilməsi yönündəki məlumatlar tamamilə qənaətləndiricidir”.

Hesabatla tanış olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bununla bağlı Milli Məclisin martın 15-də keçiriləcək iclasında çıxış edib, fikir bildirmək niyyətindədir.
“Hökumətin 2012-ci il hesabatını müsbət qiymətləndirərəm. Dünya iqtisadi böhrandan hələ tam xilas olmadığı bir zamanda ölkə iqtisadiyyatının inkişaf tendensiyasının qorunub saxlanması çox müsbət hadisədir. Bizi cəlb edən məsələlərdən biri də ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artmasıdır ki, bu yaxşı tendensiyadır və prezidentin uzun illərdən bəri həyata keçirdiyi siyasət öz bəhrəsini verir. Lakin bununla bərabər parlamentdə bir sıra məsələlərlə bağlı deyəcəyim fikirlər və təkliflər də var. Bunları martın 15-də hökumətin hesabatında səsləndirəcəyəm”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hesab edir ki, hesabatda göstərilən optimizm real həyatda öz əksini tapmır.
“Əhalinin yaşayış səviyyəsinin guya yaxşılaşdığı, müəyyən sahələrdə islahatların aparıldığı və başqa məsələlər qeyd olunsa da, faktiki olaraq bunların böyük əksəriyyəti real həyatda yoxdur. Hesabata münasibətim bu konteksdədir. Yəni belə bir hesabatla əhalinin maraqlarını hər hansı bir şəkildə təmin etmək məsələsi real görünmür. Amma bütün hallarda Azərbaycanda aztəminatlı ailələrin daha yaxşı yaşaması üçün normal bir şərtlər formalaşmalıdır. Çox təəssüf ki, bu, hələlik müşahidə olunmur”.

Ədalət Partiyasının sədri İlyas İsmayılov hələ hesabatı tam oxumadığını və öyrənməkdə davam etdiyini bildirib. “Rayonda olduğum üçün mənə hesabat gec verildi. Hələ öyrənirəm və Milli Məclisin martın 15-də keçiriləcək iclasında fikirlərimi bildirəcəyəm”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesabatla tanış olduğunu bildirib. “Amma hesabatı qiymətləndirməyim parlamentdə çox böyük çıxışla olacaq”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də hesabatla tanış olduğunu və üzərində işlədiyini qeyd edib. “Bununla bağlı münasibətimi isə Milli Məclisdə çıxışım zamanı bildirəcəyəm”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı hələ hesabatla tanış olmadığını bildirib. “Hesabatla tanış deyiləm, çünki xaricdə idim, srağagün qayıtmışam. Bu gün, sabah tanış olacağam, ona görə hələlik heç nə deyə bilmərəm”.

 

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım