Azərbaycanda gender bərabərliyinə dair müzakirələr fonunda təkcə qadınların deyil, kişilərin də hüquqlarının pozulması ön plana çəkilir.
Əvvəlki illərlə müqayisədə məişət zorakılığına məruz qalan, hüquqlarının müdafiəsini tələb edən kişilərin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciətində nisbətən artım hiss olunur. Təkcə ötən il məişət zorakılığına məruz qalan 42 kişi komitəyə müraciət edib. Lakin qadınlarla yanaşı, kişilərin də hüquqlarını müdafiə etmək səlahiyyəti olan dövlət komitəsinin adının niyə məhz “qadın”, “uşaq” və “ailə” sözlərindən ibarət olması fikir ayrılıqlarına səbəb olur. Bu mənada təklif edilir ki, “kişi” sözü də komitənin adına əlavə olunsun, ya da qısaldılaraq Ailə Komitəsi olsun.
Bu barədə Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev dövlət komitəsinin adının dəyişdirilməsinə ehtiyac olmadığını deyib.
“Komitənin adında ailədən sonra qadın və uşaq sözlərinin əlavə edilməsi onların daha çox sosial müdafiəyə, bütövlükdə cəmiyyətin və qanunun müdafiəsinə ehtiyacı olduğunu göstərir. Burada kişilərin adının əlavə edilməsinin heç bir əhəmiyyəti yoxdur. Əslində, qadın və uşaqları ailənin mühüm tərkib hissəsi kimi göstərib fərqləndirməyimiz dövlətin o insanlara xüsusi münasibətini, yəni onlara sosial dəstəkdə daha maraqlı və istəkli olduğunu göstərir”.
M.Quliyevin sözlərinə görə, kişilərin də komitəyə müraciət etməsi təbii haldır:
“Əlbəttə, kişilər də müəyyən hallarda komitəyə müraciət edə bilərlər. Çünki bu, ailə komitəsidir. Ailə ata, ana və övladdan ibarət olur. Elə ailə var ki, tək ana və övladdan ibarətdir. Ancaq komitənin adının dəyişdirilməsinin mənası yoxdur. Düşünmürəm ki, buna zərurət var. Məsələ bundan ibarətdir ki, qadın və uşaqların dəstəyə daha çox ehtiyacı var. Biz gender siyasəti həyata keçirən dövlətik. Burada məqsəd odur ki, qadınaların da hüquq və imkanları kişilərlə bərabər olsun. Komitənin adında qadın sözünün işlənməsi xüsusi siyasi məna kəsb edir. Burada başqa məqsəd axtarmaq lazım deyil”.
Həmçinin oxuyun:
Komitənin adı dəyişdirilsin: Ailə, qadın və uşaq… - BƏS KİŞİ?