Azərbaycanın qanunverici orqanı daim cari məsələlər, qanun layihələrin müzakirəsi və qəbul olunduğu yer kimi xarakterizə edilir. Deputatlar parlamentin plenar və komitə iclaslarında bu və ya digər məsələlərlə bağlı fikirlər səsləndirir, təkliflər verir. Ciddi müzakirələrin getdiyi bu yerdə bir sıra hallarda maraqlı məqamlar da yaşanır. Modern.az bu dəfə həmin maraqlı məqamları izləyən parlament jurnalistləri arasında sorğu keçirib. Görəsən onlar parlament müxbiri olduqları zaman hansı maraqlı situasiyaları yaddaşlarında saxlayıblar?
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Milli Məclisdə “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi müzakirə olunurdu. Həmin ərəfədə də Fransa parlamentində “erməni soyqırımı”nı inkar edənlərin məsuliyyətə cəlb edilməsi məsələsi gündəmdə idi. Deputatlar bu məsələyə də münasibətlərini bildirirdilər. Millət vəkillərindən biri (adı yadımda deyil) adını çəkdiyim qanun layihəsi barədə çıxış edərək bu xəstəliyin müalicəsinin mümkünsüzlüyü və dünyada geniş yayılması barədə danışırdı. Hamı gözləyirdi ki, deputat hansı təklif verəcək. Birdən o, bildirdi: “Məsələn, Sarkozi dağınıq skleroz xəstəsidir. Onun müalicəsi mümkün deyil. Neçə dəfədir ki, “erməni soyqırımı” məsələsinə etiraz edilir, amma o, yenə də bu məsələni gündəmə gətirir””.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı deyir ki, parlamentə ilk getdiyi vaxtlarda hər şeydən xəbər çıxarmağa çalışırmış.
“Məsələn, mənim üçün çox maraqlı idi ki, 2 saatlıq iclas müddətində deputatlar bir yerdə oturmurlar, elə ora-bura gəzirlər. İstədim nəsə yazam, sonra gördüm ki, bu əvvəldən təməli belə qoyulmuş məsələdir”.
Elməddin Muradlı yadında qalan maraqlı situasiyanı isə belə izah edib: “Bir dəfə deputatlardan biri sabiq deputat Pənah Hüseynlə mübahisə elədi. Pənah bəy yerindən qalxıb yüksək səslə danışmağa başladı. Birdən spiker Oqtay Əsədov ona acıqlanıb dedi ki, “Pənah Hüseyn otur yerinə”. Pənah Hüseyn cavab verdi: “Oturmuram”. Onda Oqtay müəllim hirsləndi: “Oturmursan, onda uzan”. Çox gülməli məqam idi.
Bir dəfə parlamentdə qızğın mübahisələr gedirdi. Keçmiş deputat Gülər Əhmədova da çıxışa yazılmışdı. Spiker deyəndə ki, “Gülər Əhmədova buyursun”, gördük ki, sabiq deputat Əhəd Abıyev danışır. Hamı bir-birinə baxdı ki, bu necə ola bilər. Sonradan məlum oldu ki, Əhəd Abıyevin vacib çıxışı varmış və Gülər Əhmədovadan xahiş edib ki, onun növbəsində özü çıxış etsin və ona görə də gedib Gülər Əhmədovanın yerində oturmuşdu”.
Hadisələri o qədər də yadında saxlaya bilmədiyini deyən “Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev bildirib ki, parlamentin iclasları hər zaman maraqlı hadisələrlə zəngin olur.
“Yadımda qalan hadisələrdən biri jurnalist həmkarımız Faiq Qəzənfəroğlunun Kommunist Partiyasının mərhum sədri Ramiz Əhmədovla mübahisəsi idi. Faiqin kommunist ideologiyasına nifrəti var. Ona görə də sualları buna müvafiq olurdu. Günlərin bir günü Faiqin bu sualları Ramiz Əhmədovu hövsələdən çıxardı və az qala siyasətçi ilə jurnalist arasında əlbəyaxa davanın şahidi olacaqdıq”.
Amma İ.Quliyev həmkarı Natiq Cavadlının Sumqayıtdan olan millət vəkili Xıdır Alovlu ilə dialoqunu heç vaxt yadından çıxartmayacağını vurğulayıb.
“Mərhum Xıdır müəllim seçiciləri ilə necə işləməsindən danışırdı. Deyirdi ki, seçicilərin onunla görüşməsində heç bir problem yoxdur. Söhbəti kənardan izləyən Natiq qəfildən müdaxilə etdi: “Niyə yalan danışırsız? Mənim atam aylardır sizin qəbulunuza düşmək istəyir, amma buna nail ola bilmir”. Bundan sonra mübahisə daha da qızışdı. Deputat jurnalisti hətta ölümlə təhdid etdi. O qədər əsəbiləşmişdi ki, gözləri hədəqədən çıxmışdı”.
Aytən Əliyeva