Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Etibar Hüseynov Bakıdakı ali məktəblərin, hərbi hissələrin və bir sıra nazirliklərində şəhərdən köçürülməsi məsələsini qaldırıb.
Modern.az bildirir ki, E.Hüseynovun sözlərinə görə, Bakı şəhərində həddən artıq çox sıxlıq var və bir sıra inzibati binaların burada yerləşməsi vəziyyəti daha da gərginləşdirib.
Millət vəkilinin fikrincə, Bakının statusunun əvəzinə, paytaxtın xilası üzərində düşünmək lazımdır.
“Təxirəsalınmaz tədbirlər görülməsə, Bakı çökə bilər. Mən təklif edirəm ki, inzibai mərkəz formalaşdırılmalıdır. Bu mərkəzə Bakının bir sıra ali məktəbləri, hərbi hissələri və bir neçə nazirlik ora köçürülməlidir”-deyə deputat qeyd edib.
Onun sözlərinə görə, nazirliklərin əyalətlərdə fəaliyyət göstərməsi daha məqsədə uyğundur. E.Hüseynov ilk olaraq bildirib ki, ali məktəblər köçürülməlidir. Deputat hesab edir ki, pedoqoji yönümlü məktəblərin şəhərdən köçürülməsinin vaxtı çatıb.
Bundan əlavə deputat sovet dönəmindən Bakı şəhərində olan bir sıra hərbi hissələrdən də narazılıq bildirib. Qeyd edib ki, Bakıdakı hərbi hissələrin şəhərdən çıxarılması vacibdir.
E.Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin şəhərdən köçürülməsini istəyib.
“Kənd Təsərrüfatı Nazirliyinin bu sahənin həsas yeri olan qərb bölgəsinə köçürülməsi məqsədə uyğun olardı. Kənd Təsərrüfatı Nazirliyi Gəncədə yerləşdirilə bilər”-deyə deputat təklif edib.
Milli Məclis üzvünün daha bir maraqlı təklifi Müdafiə Nazirliyi ilə bağlıdır. “Müdafiə Nazirliyi cəbhə bölgəsinə yaxın rayonların birində öz işini qura bilər”.
Modern.az