Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 22-dən 26-dək keçiriləcək yaz sessiyasının gündəliyi açıqlanıb.
AzərTAc xəbər verir ki, aprelin 22-də öz işinə başlayacaq sessiyanın birinci günündə AŞPA sədri Jan-Klod Minyon ötən sessiyadan sonra görülən işlər barədə məlumat verəcək, Monakodan və Rumıniyadan AŞPA sədrinin müavinlərinin seçkisi keçiriləcək, sərbəst dinləmələr olacaq və sessiyanın gündəliyi təsdiq ediləcəkdir.
Həmçinin Almaniya Prezidenti deputatlar qarşısında çıxış edəcək, Nazirlər Komitəsi sədrinin, habelə büronun və daimi komitələrin hesabatları dinləniləcək və Ermənistanda keçirilən prezident seçkilərinin nəticələri müzakirə olunacaq.
Sessiyanın ikinci günü Gürcüstanın Baş naziri, İsveçrənin xarici işlər naziri və federal departamentin rəhbəri çıxış edəcək, uşaqlara qarşı zorakılıq hallarına qarşı parlamentlərin birgə mübarizəsi, qaraçı uşaqlara qarşı diskriminasiyaya son qoyulması məsələləri ətrafında fikir mübadiləsi aparılacaqdır.
Sonrakı günlərdə Türkiyə ilə müsbət dialoq, gənc avropalılar, fundamental hüquqlarda gənclərin iştirakı, milli parlamentlər tərəfindən təhsil və mədəniyyətə dair Avropa siyasəti, texnologiya elmində etika, ictimaiyyətin sağlamlığına təhlükələrin və üstünlüklərin balanslaşdırılması məsələləri müzakirə olunacaq, Avropa Şurası İnsan Haqları komissarının illik hesabatı dinləniləcək, Rumıniyanın Baş naziri və Andorra hökumətinin rəhbəri deputatlar qarşısında çıxış edəcəklər.
Sessiyada Azərbaycan ilə bağlı hər hansı məsələnin müzakirəsi nəzərdə tutulmayıb.
Modern.az