"İnanırıq ki, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumuna məruz qalması faktı ciddi şəkildə araşdırılacaq, müvafiq tədbirlər görüləcək".
Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
O xatırladıb ki, Böyük Britaniyanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb, zəruri istintaq araşdırmanın aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi diqqətə çatdırılıb.
Soltan Məmmədov qeyd edib ki, baş vermiş hadisə Vyana Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır və Böyük Britaniyanın müvafiq qurumları mümkün qədər qısa vaxt ərzində hücumun bütün təfərrüatlarını üzə çıxarmağa borcludur:
"Diplomatik əlaqələr haqqında Konvensiyanın 22-ci maddəsinə görə, hər bir dövlətin üzərinə ərazisində olan diplomatik nümayəndəlik binalarına edilə biləcək hücumlardan qorumaq, diplomatik nümayəndəliyin fəaliyyətinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. İndiki halda, Böyük Britaniya hökumətinin də üzərinə götürdüyü bu öhdəliyin pozulması faktı var".
Deputat bildirib ki, səfirliyə edilən hücum Azərbaycan-Böyük Britaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri tərəfindən britaniyalı həmkarları ilə təmaslarda da diqqət mərkəzində saxlanılacaq:
"Bizim ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan və dinamik inkişaf edən münasibətlər mövcuddur. Azərbaycanla Böyük Britaniya müxtəlif sahələrdə və fərqli platformalarda sıx əməkdaşlıq edir. Bu baxımdan, istənilən məsələni müzakirə etmək, narahatlıq doğuran məqamlar ətrafında müzakirə aparmaq üçün kifayət qədər əlverişli mühit var. Biz, əlbəttə ki, baş vermiş hadisənin Azərbaycan ictimaiyyətində yaratdığı narahatlığı britaniyalı həmkarlarımızın diqqətinə çatdıracağıq".
Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.
İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılıb.