Modern.az

Siyavuş Novruzovla İslam Partiyasının QALMAQALI başladı

Siyavuş Novruzovla İslam Partiyasının QALMAQALI başladı

27 Mart 2013, 14:29

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur son məktubunda Siyavuş Novruzovla virtual debata girdiyinə görə peşmanlığını etiraf edərək bu mübahisəyə son verməklə bağlı qərarını açıqlayıb. Bundan sonra YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov iranlı deputat haqqında bir neçə faktı sadalayaraq onu təxribat yaratmaqda təqsirləndirib. Bununla yanaşı, öz iranlı həmkarı haqqında cinayət dosyesi olduğunu da deyən YAP-çı deputat Həqiqətpurun əleyhinə ciddi şəkildə ittihamlar səsləndirib.  

Həmçinin millət vəkili qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən İslam Partiyasını da  Həqiqətpurun yaratması barədə onun əlində faktlar var. YAP-çı deputat İslam Partiyasının əməkdaşlarının Mənsur Həqiqətpurla İranda görüş keçirdiklərini və təlimatlandırıldıqlarını da vurğulayıb.
Modern.az İslam Partiyasının sədr müavini Rövşən Əhmədovdan bu məsələyə münasibət öyrənib. Rövşən Əhmədovun isə Siyavuş Novruzova cavabı ağır olub:

“Əvvəla cinayəti bilib, xəbər verməmək özü cinayət məsuliyyətidir. Əgər Siyavuş Novruzov əvvəldən bu barədə məlumatlı idisə, gərək deyəydi. İkincisi, belə bir fakt yoxdursa, onda  insanlara şər atdığı, şərəf və ləyaqətini alçaltdığı üçün cinayət məsuliyyəti daşıyır. Siyavuş Novruzov öz əxlaqı sferasında çıxış edib. Özü hansı məsləkdə və işdə varsa, digərlərini də özü kimi xarakterizə edir. Əlində fakt yoxdursa və kimlərinsə xoşuna gəlməkdən ötrü bu cür açıqlamalar verirsə, bu da cinayət tərkibi yaradır. Siyavuş Novruzovun əlində belə bir dəlil-sübut varsa, bu faktı ortaya qoymalıdır. İstənilən adam deyə bilər ki, Siyavuş Novruzov “Mossad” və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə xidmət edir. Həqiqətpur aşkarda olan şəxsdir və sözünü aşkar şəkildə deyir. Siyavuş Novruzov da buyursun öz arqumentləri ilə sözünü desin. Bunları bilmədiyi təqdirdə başqalarına böhtan atmaq heç kimə başucalığı gətirməz”-deyə R.Əhmədov kəskin şəkildə etirazını bildirib.  

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım