Türkiyə ilə İsrail arasında diplomatik əlaqələrin bərpası və normallaşma prosesinə rəsmən start verilib. Tərəflər uzun sürən danışıqlardan sonra qarşılıqlı olaraq hər iki ölkədə səfirliklərin açılması barədə yekun razılığa gəliblər. Türkiyə və İsrail rəhbərləri mətbuata açıqlamalarında barışığın əldə olunmasını müsbət addım kimi qiymətləndirib, münasibətlərin qaydasına düşəcəyinə əmin olduqlarını söyləyib.
Siyasi proseslər göstərir ki, qardaş Türkiyə ilə strateji müttəfiqimiz İsrail arasında buzların əriməsində Azərbaycanın rolu böyükdür. Rəsmi Bakı barışcıl mövqedən çıxış edərək Ankara və Təl-Əvivin bir araya gəlməsi üçün müxtəlif platformalarda ciddi səylər göstərib. Bu mənada deyə bilərik ki, Türkiyə-İsrail barışığına üçüncü tərəf olaraq ən çox sevinən məhz Azərbaycandır.
Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan-İsrail Parlamentlərarası işçi qrupunun üzvü Asim Mollazadə bildirib ki, qardaş Türkiyə ilə dost İsrail arasında münasibətlərin inkişafı, səfirliklərin açılması Azərbaycanın maraqlarına uyğundur:
“Biz barışıq prosesini alqışlayırıq. Əminəm ki, İsraillə Türkiyə arasında təhlükəsizlik və iqtisadiyyat sahəsində çoxşaxəli münasibətlərin potensialı var. Bu münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına uyğundur. Bundan başqa, Türkiyə və İsrail enerji, nəqliyyat, yüksək texnologiyalar sahəsinə böyük maraq göstərirlər. Türkiyə-İsrail münasibətlərinin bərpası və inkişafı bölgəmizə böyük sabitlik gətirə bilər”.
Deputat hesab edir ki, bundan sonra əlaqələr qarşılıqlı şəkildə inkişaf edəcək:
“Əlbəttə, bu da Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan həmişə çalışıb ki, bizə qardaş olan ölkə ilə, dost və müttəfiq İsrailin münasibətləri yüksək səviyyədə olsun. İndi bu prosesin başladığını görürük. Azərbaycan Türkiyə-İsrail əlaqələrinin inkişafında maraqlıdır. Düşünürəm ki, hər iki ölkənin münasibətlərinin normallaşmasında Azərbaycanın da müəyyən qədər rolu var”.
Deputat Aydın Mirzəzadə isə Azərbaycan ictimaiyyətinin Türkiyə-İsrail əlaqələrinin normallaşmasını çox böyük razılıqla qarşıladığını bildirib. Deputatın sözlərinə görə, iki ölkə arasında tarixən yaxşı əlaqələr olub.
“Türkiyədə yəhudi icması cəmiyyətdə öz yerini tuta bilib. Türk xalqı ilə yəhudi xalqı arasında əlaqələr həmişə normal olub. Heç bir zaman qarşıdurma olmayıb. İsrail müstəqil olduqdan sonra onun Türkiyə ilə əlaqələri daha yüksək səviyəyə qalxıb. Siyasi, iqtisadi, hətta hərbi-texniki sahədə birgə əməkdaşlıq kifayət qədər yüksək olub.
Soyuq münasibət heç bir ölkə tərəfindən arzulanmır. Yaxşı haldır ki, artıq dövlətlər arasında anlaşılmazlıq aradan qaldırıldı, artıq normal münasibətlərin qurulmasında doğru addımlar atılır. Bundan sonra Türkiyə-İsrail münasibətlərinin yüksələn xətlə gedəcəyi, hətta əvvəlki dövrdən daha yaxşı olacağına inanırıq. Dostlarımızın dost olması bizi ürəkdən sevindirir”,- deyə A.Mirzəzadə bildirib.