“Necə ki, bütün xalqımız el birliyi, əl birliyi, güc birliyi, ruh birliyi və can birliyi ilə "dəmir yumruq" nümayiş etdirərək Qarabağı düşməndən təmizlədi, eyni əqidə və amalla da 1988-ci ildən İrəvan, Zəngəzur və Göyçə kimi tarixi, dədə-baba torpaqlarından deportasiya olunmuş soydaşlarımızın hüquqları bərpa olunacaq”.
Bunu Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Qərbi Azərbaycan İcmasının gələcək hədəfləri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu gün bizim coğrafi ərazi mənasında istifadə etdiyimiz Qərbi Azərbaycan sözü Qarabağ kimi, ölkəmizin müxtəlif bölgələri kimi Vahid Azərbaycanın ayrılmaz hissəsidir:
“Müstəqilliyin ilk illərində işğal olunmuş Qarabağ azad edildi, tarixi torpaqlarımız düşməndən təmizləndi və bu bölgədən didərgin düşmüş, öz Vətənində məcburi köçkünə çevrilmiş soydaşlarımızın dədə-baba yurdları düşmən tapdağından xilas oldu. Bu gün Allaha çox şükür ki, ermənilərin, onların havadarlarının inana bilmədiyi və hətta ağıllarına gətirə bilmədikləri "Böyük Qayıdış" prosesi gedir. Azərbaycan xalqı həqiqətən də var olduqca, başda Müzəffər Ali Baş Komandanımıza, Milli Ordumuza, şəhid və qazilərimizə buna görə minnətdarlıq edəcək.
Necə ola bilər ki, 90-illərin əvvəllərində Qarabağda etnik təmizlənməyə və soyqırımına məruz qalmış soydaşlarımızın hüquqlarını bərpa edək, onların yurd yerlərini azad edək, amma bu hadisədən bir neçə il öncə, 1988-89-cu illərdə eyni məşəqqətlərə və cinayətlərə məruz qalmış 300 minə yaxın soydaşımızın taleyinə, faciəsinə laqeyd olaq... Hər birimizə aid olan bu haqsızlığı, ədalətsizliyi, millətimizə qarşı tötədilmiş qeyri-insani və vəhşilikləri unuda bilmərik. Bəli, biz Vətən müharibəsində düşmənin başını "dəmir yumruq"la əzdik, amma düşmən ölməyib və hər fürsətdə faşist əməllərini davam etdirir. Elə Laçında baş verən son olaylar düşmənin xislətinin dəyişməz olduğunu sübut edir. 44 günlük savaşdan dərs almayan tarixi düşmənimizi tam zərərsizləşdirməliyik. Bu mənada növbəti mərhələdə əcdadlarımızın daimi yaşadığı tarixi torpaqlarımızdan qovulmuş 300 minə yaxın soydaşlarımızın öz yurd yerlərində hüquqlarını bərpa edənədək mübarizəmiz və davamız olacaq”.
M.İbrahimqızı Prezidentin İrəvan, Zəngəzur və Göyçə ilə bağlı mesajlar verdiyini xatırladıb:
“Xüsusi vurğulamaq istəyirəm ki, ötən dövr ərzində möhtərəm Prezidentimiz AŞPA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri olduğu dövrdə Qarabağın azad edilməsi üçün həm xaricdə, həm də daxildə böyük işlər gördüyü zaman belə "İrəvan, Zəngəzur və Göyçə Azərbaycanın tarixi torpaqlarıdır" mesajını səsləndirirdi. Hətta o, çəkinmədən qətiyyətlə bu tarixi ədalətsizliyin qəbuledilməz olduğunu vurğulayırdı. Həqiqət də budur. Bu mesajlardan hər kəs də dərs çıxarmalı idi. Müzəffər Ali Baş Kamandan, güclü strateq və uzaqgörən qalib sərkərdə isə nəyi, nə zaman edəcəyini özü dəqiq bilirdi. Möhtərəm Prezidentimizin İrəvan, Zəngəzur və Göyçə messjları davamlı və yerində səslənirdi.
O bir tətəfdən beynəlxalq təşkilatların diqqətini bu problemə çəkirdi, digər tərəfdən Azərbaycan xalqına bu problemin unudulmasının hər kəsin səhvi və məsuliyyətsizliyi olduğunu bildirirdi. Eyni zamanda "Qaçqınlar Cəmiyyəti"nə və bu kimi təşkilatlar ətrafında fəaliyyət göstərənlərə, tarixi yurd yerlərindən didərgin düşmüş soydaşlarımıza haqlı mübarizələrində inam verirdi".
Deputatın fikrincə, Qərbi Azərbaycan İcmasının yaranması zərurət idi:
"Məhz Qarabağ işğaldan azad edildikdən sonra uzun illər fəaliyyət göstərmiş və hər birimizin də fədakarlıqla dəstək verdiyimiz Qarabağ icmasının öz fəaliyyətini dayandırması, ardınca Qərbi Azərbaycan İcmasının yaranması zərurət idi.
Sözsüz ki, yaranmış bu reallıq səbəbindən 34 ildən bəri fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti günümüzün çağırışlarına uyğun, həm milli, həm də beynəlxalq təcrübədən yararlanaraq, daha geniş müstəvidə fəaliyyətini davam etdirmək üçün öz fəaliyyətinə yenidən baxdı. Azərbaycan Qaçqınlar Cəmiyyəti bu günə kimi əsasən, 1988-1991-ci illərdə Qərbi Azərbaycandakı ata-baba yurdundan qovulmuş qaçqınların problemləri ilə məşğul olub. Qeyd etdiyim kimi, bu gün bölgəmizdə yaranmış reallıqlar, dövlətimizin gücü artıq qarşımızda daha böyük, yeni məqsəd və hədəflər qoyur.
Təkcə son yüz ildə zaman-zaman, fürsət düşdükcə o dövrdə respublikamızın biganə rəhbərlərinin susqunluğu nəticəsində tarixi Azərbaycan torpaqlarından qanunsuz olaraq ermənilərə verilməsi faktları ilə necə barışa bilərik?”.
M.İbrahimqızı bildirib ki, yeni təsis edilmiş Qərbi Azərbaycan İcmasının da Qarabağ İcması kimi müqəddəs tarixi missiyası var:
"Bütün bunları nəzərə alaraq deyə bilərik ki, təşkilatın ən əsas vəzifəsi Qaçqınlar Cəmiyyətinin görmüş olduğu işi davam etdirmək, daha böyük məqsədlərə çatmaq üçün yeni hədəflər uğrunda mübarizə olacaqdır. Konkret ifadə etsək, Qərbi Azərbaycan İcmasının qarşısında son 200 il ərzində əcdadlarımızın yaşadığı Azərbaycanın tarixi torpaqlarından ermənilərin və onların havadarlarının soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə, bu ərazilərdə Azərbaycan tarixi-mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi vəzifələr dayanır.
Bu təşkilatın vacib vəzifələrindən biri də ictimaiyyətin, xüsusilə də Azərbaycan gəncliyinin diqqətini Qərbi Azərbaycan probleminə çəkmək və bu istiqamətdə mübarizəmizin hədəfə çatanadək dayanmayacağına əmin etməkdir”.
M.İbrahimqızının sözlərinə görə, bu təşkilat ətrafında, eləcə də hədəflər uğrunda təkcə Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımız birləşməyəcək:
“Necə ki Qarabağ uğrunda mübarizədə hansı bölgədən, millətdən, dindən asılı olmayaq bütün əhalimiz birləşdi, eləcə də Vahid Azərbaycan uğrunda, milli dövlətçiliyimiz, milli maraqlarımız və tarixi ədalətsizliyi, haqqsızlığı bərpa etmək uğrunda məqsəd və hədəflərə çatmaq yolunda Qərbi Azərbaycan İcması ətrafında tək yumruq kimi birləşəcəyik.
Bir daha qeyd edirəm ki, Qərbi Azərbaycan məsələsi ümummilli məsələdir. Hətta açıq deyirəm, Qərbi Azərbaycan məsələsi ümumtürk məsələsidir. Qərbi Azərbaycandan deportasiya olunmuş onminlərlə soydaşlarımız var. Bu coğrafiyanın hər qarışı tarixi Azərbaycan torpağıdır.
Türkiyədə keçən əsrin otuzuncu illərinin sonunadək Qərbi Azərbaycandan deportasiya olunmuş onminlərlə soydaşımız var.
44 günlük Vətən müharibəsi həm dostlara, həm də düşmənlərə Azərbaycan xalqının qəhrəmanlığını, prinsipiallığını, şərəfi və əcadlarının uyuduğu torpaq uğrunda hətta canından keçə bildiyini göstərdi.
Bizim, Azərbaycan xalqının tarix boyu heç kəsin torpağında gözü olmayıb və bundan sonra da olmayacaq. Amma öz yurdlarımızdan da vaz keçməyəcəyik. Çünki, o torpaqların hər qarışında dədələrimizin məzarı var. Onların perik düşmüş, narahat ruhları məhz İrəvan Zəngəzur, Göyçə, Dərələyəz səmalarından bizi çağırır.
Azərbaycan xalqının milli dəyərlərindən biri də əcdadının vəsiyyətinə müqəddəs baxmaqdır. Bu mənada Azərbaycan xalqı Ata vəsiyyətinə sadiq olan, o vəsiyyətin yerinə yetirilməsi yolunda hər cür çətinliklərə dözən Liderinin yolçularıdır.
Bütün dünya bilir ki, Azərbaycan xalqı sülhsevər xalqdır. Xalqımız, liderimiz düz 30 il səbr və təmkinlə məsələni sülhlə həll etmək istədi. Ancaq məcburən müharibəyə cəlb edildik.
Sonda onu qeyd etmək istərdim ki, Qərbi Azərbaycan İcması da qarşısına qoyduğu hədəflərə çatmaq, erməni saxtakarlığını, vandalizmini beynəlxalq müstəviyə çıxararaq dünya erməniliyinin yalanlarını ifşa etmək üçün sona qədər mübarizə aparacaqdır”.