Modern.az

Müzəffər Xalqın Müzəffər Birinci Xanımı

Müzəffər Xalqın Müzəffər Birinci Xanımı

Parlament

25 Avqust 2022, 20:00

“Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qəhraman qardaşlarım var”

 

Mehriban Əliyeva

 

Azərbaycan Respublikasının Birinci vitse Prezidenti möhtərəm  Mehriban Əliyevaya mədəniyyətimizin təbliğatçısı, səhiyyənin və  təhsilin hamisi, mərhəmət ünvanı, ümid qapısı, çarəsizlərin çarəsi, kimsəsizlərin dayağı dedilər. O, həyata keçirdiyi sərhədlərə sığmayan, əzəmətli layihələrə görə, milli və bəşəri dəyərlərin qoruyucusu adlandırıldı. Beynəlxalq səviyyədə həyata keçirdiyi humanitar və sosial layihələrlə,mədəniyyət diplomatiyası ilə, qazandığı şöhrətlə  dövlətimizə və xalqımıza baş ucalığı gətirdi. Uğrunda fədakarlıq etdiyi nəcib missiyalı yol xəritəsi ilə insanların könlünü fəth etdi. O, həm ölkəsində həm də, çox-çox uzaqlarda sonsuz rəğbət qazanaraq, sevildi.

 

O, bəşəriyyətin minillər ərzində yaratmış olduğu maddi-mənəvi  irsin  müdafiəçisi oldu. İnsanlığı bu tükənməz mədəniyyətin qorunması üçün səfərbərliyə çağırdı. Onun təşəbbüsü və təşkilatçılığı ilə xaricdə və Azərbaycanda keçirilən onlarla yüksək səviyyəli tədbirlər  sivilizasiyalarası dialoqa mühüm töhfələr verdi.Onun səmimiyyətinə inandılar və etimad göstərdilər. Təmənnasız  fəaliyyətinə, təmiz niyyətinə  və xoş məramına görə UNESCO və İSESCO kimi mötəbər təşkilatların dünyada ilk  Xoşməramlı Səfiri tituluna layiq görüldü. Müxtəlif beynəlxalq təşkilatların və ölkələrin ali mükafatları ilə təltif olundu. Respublikamızda və beynəlxalq aləmdə bir çox ilklərə imza atdı. 

 

 

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun qurucusu, Gimnastika Federasiyasının Prezidenti,  Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, deputat,  Yeni Azərbaycan Partiyası sədrinin I müavini,  I Avropa və IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Sədri, Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti kimi mötəbər vəzifələrə etimad göstərildi. Hansı  işi və ya layihəni  gördüsə məqsəd və  hədəfi  dövlətinə, xalqına və insanlığa xidmət oldu. Bütün vəzifələrdə milli və bəşəri dəyərlərə  xidmət etməklə o missiyanın  həqiqi elçisinə və rəmzinə çevrildi. Yüksəldikcə sadəliyin və səmimiyyətin, kamilliyin əsil nümunəsi və hər kəs üçün “Sizin Mehriban” oldu.

 

O,dünyanın gələcəyi naminə  fərqli mədəniyyətlərə, dinlərə, dillərə və inanclara, rənglərə  mənsub insanları dialoqa çağırdı. Gözəlliyi fərqlilikdə  və birgəlikdə gördü. Xalqımızın timsalında birgə yaşamağın mümkünlüyünü sübut etdi. Ucalmağın və  ucaltmağın, insanların inamını və etimadını  qazanmağın,onlar üçün ümid yeri olmağın yolunu göstərdi.

 

“Kimsənsə, elə də olmalısan,bax, budur bizim həyatımız” deyərək, insanlara və insanlığa xidmət etməkdən zövq aldı. Həyat  fəlsəfəsində  vicdan, məsuliyyət və ləyaqət Vətənə və vətəndaşa  münasibətdə təməl prinsipləri oldu. Harada oldusa, təmsil etdiyi xalqın və dövlətinin milli marağını hər şeydən uca tutdu.

 

Yüksək kürsülərdə və mötəbər təşkilatlarda Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. “Qarabağın, qaçqın və köçkünlərin eşidilməyən səsi” oldu, “Xocalıya Ədalət” deyərək, ədalətsizliyə yox etdi. Hər bir  layihəsində “Qarabağ Azərbaycandır!” dedi. İnsanları  güc və zor dili ilə deyil, sevgi, hümanizm dili ilə ünsiyyətə dəvət etdi. Mədəniyyəti, məğrurluğu, dahiyanə təmkini və səbri ilə təcavüzkarı, işğalçını və qəsbkarı rüsvay etdi. Hansı işi görsə də, ən böyük arzusu Qarabağın azad edilməsi idi.

 

44 günlük Vətən müharibəsinin ən təhlükəli anlarında bütün səfərlərdə Müzəffər Ali Baş Kamandana  silahdaş və sirdaş oldu. Qalib Sərkərdənin Qalib Xatunu kimi düşmənə göz dağı oldu. Qürurlu görkəmi və əzəməti ilə dünya mediasında Azərbaycan qadınının portreti oldu. Müzəffər Xalqın Müzəffər Birinci Xanımı oldu.

 

O, təkcə öz oğlunun Anası deyil, Zəfər qazanmış  Ordumuzun hər bir əsgərinin də Anası və  Duası oldu. Ürəyi  onların ürəyi ilə  bir vurdu və bir döyündü. Ana şəfqətilə qəhraman Qazilərimizə məlhəm oldu. Şəhid Anasının göz yaşı onun göz yaşı oldu.

 

Onun missiyası məcrasına sığmadı, tükənməz oldu.... Qarabağın tarixi şöhrətinin yenidən bərpası üçün neçə-neçə möhtəşəm layihələr...,Şuşada keçiriləcək beynəlxalq tədbirlər...,Bu tədbirlərdən dünyaya sülh çağırışları..., Xaribülbül festifalları və daha nələr...

 

Bu gün fəxrlə deyə bilərik ki, Qalib Dövlətin Müzəffər Birinci vitse prezidenti yüksək işgüzarlıq və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən bütün vəzifələri layiqincə davam etdirir. Ömür gün yoldaşı Müzəffər Ali Baş Kamandan, möhtərəm Prezidentimizlə gecəni gündüzə qataraq, Qarabağın dirçəlişi və tezliklə Qarabağa böyük qayıdışın uğurla başa çatması üçün fədakarlıq göstərir.

 

Bu gözəl fürsətdən istifadə edərək, əziz və möhtərəm  Mehriban xanımı ümumxalq bayramına çevrilmiş doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, ailəsinə xoşbəxtlik və Azərbaycanımızın gələcəyi naminə həyata keçirdiyi müqəddəs missiyasında uğurlar arzulayıram. Əminik ki, Onun nəcib əməli, xoş niyyətli, sonsuz Vətən sevgisi, xalqına xidməti müasir dövlətçilik tariximizin şanlı və şərəfli səhifələrinə və xalqımızın qan yaddaşına əbədi yazılacaqdır.

 

Məlahət İbrahimqızı,

Deputat, siyasi elmlər üzrə fəlsəfə doktoru

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi