“Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevin Azərbaycana səfəri siyasi, iqtisadi, habelə mənəvi cəhətdən mühüm tarixi əhəmiyyət kəsb edir. Bu səfər hər iki dövlət üçün olduqca faydalıdır. Səfər zamanı qarşılıqlı iqtisadi, sosial, humanitar, logistika məsələrini əhatə edən sənədlərin imzalanması, Azərbaycan Prezidentinin Qazaxıstanın ən ali ordeni olan “Qızıl Qartal” ordeni ilə təltif edilməsi və digər məsələlər olduqca mühüm tarixi xarakter kəsb edir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Qazaxıstan Parlamentlərarası işçi qrupunun üzvü Musa Quliyev deyib.
Deputatın sözlərinə görə, Azərbaycan-Qazaxıstan əlaqələri tarixən strateji əməkdaşlıq və tərəfdaşlıq xarakteri daşıyıb: “Son dövrlərdə bizim münasibətlərimiz cənab Prezident İlham Əliyevin xüsusi səyləri nəticəsində daha yüksək müstəviyə çatıb. Strateji əməkdaşlığın dərinləşdirilməsi və müttəfiqlik çərçivəsində münasibətlərin genişləndirilməsi barədə sənəd münasibətlərimizin bundan sonra daha yüksək səviyyədə inkişaf edəcəyini göstərir. Bütün beynəlxalq səviyyəli platformalarda siyasi, diplomatik qərarların qəbulu zamanı Qazaxıstan və Azərbaycan bir-birilərini daim dəstəkləyib. Bu bizim həm tarixi yaxınlığımızdan, milli-mənəvi dəyərlərimizin eyniliyindən, həm də dövlətlərimiz arasındakı qardaşlıqdan xəbər verir”.
M.Quliyev onu da qeyd edib ki, Qazaxıstanın Azərbaycanla münasibəti bütövlükdə Türk birliyinin təzahürüdür:
“Qazaxıstan 30 il ərzində Qarabağ məsələsində ədalətli mövqe sərgiləyərək, Azərbaycanın haqlı mövqeyini bütün platformalarda dəstəkləyib. Buna görə də biz Qazaxıstan xalqına və dövlətinə minnətdarıq. Eyni zamanda əsası ümumilli lider Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulan strateji əməkdaşlıq xətti bu gün cənab Prezident İlham Əliyev və Tokayev tərəfindən uğurla davam etdirilir. Millətlərimizin qardaşlığı, yaxınlığı, iqtisadi humanitar, mədəni sahələrdə getdikcə möhkəmlənir. Məhz bu qardaşlığın bariz nümunəsidir ki, Qarabağın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərən dövlətlər və şirkətlər sırasında Qazaxıstan da yer alır. Bu səfər çərçivəsində qazaxıstanlı qardaşlarımızın Füzulidə Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin tikintisini öz üzərinə götürməsi bizə dost olan digər dövlətlərə nümunədir. Yəni bu addım dost dövlətlər üçün bir fürsətdir".
M.Quliyevin fikrincə, Azərbaycan və Qazaxıstan əlaqələrinin kökündə tarixi münasibətlər dayansa belə, mövcud əlaqələrin inkişafında iqtisadi münasibətlərin də böyük əhəmiyyəti və rolu var:
"Ticarət əlaqələrimizin yüksəlməsi, mal dövriyyəsinin bir milyard dollara qədər artırılaraq inkişaf etdirilməsi, logistik əlaqələrin möhkəmləndirilməsi istər Qazaxıstan məhsullarının Azərbaycan üzərindən dünya bazarına çıxarılması, istərsə də, uzaq şərqdən qədim ipək yolu vasitəsilə gələn və Qazaxıstandan keçən marşrutun Azərbaycan üzərindən Avropaya çatdırılmasının, eləcə də Şimal-Cənub xətti ilə Rusiyanın müxtəlif nöqtələrinə, o cümlədən Fin körfəzi vasitəsi ilə dünyaya çatdırılması böyük əhəmiyyət daşıyır”.
Deputat iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini sözlərinə əlavə edib:
“Heç şübhəsiz ki, bizim əlaqələrimiz bundan sonra da artan sürətlə inkişaf edəcək. Cənab Prezident İlham Əliyevin Qazaxıstanın ən ali ordeni olan “Qızıl Qartal” ordeni ilə təltif olunması Qazaxıstan dövlətinin və qazax xalqının cənab Prezidentə məhəbbətinin və ona verdiyi qiymətin ifadəsidir. Qazaxıstanın inkişafında, onun dünya çapında mövqelərinin müdafiə olunmasında Azərbaycanın böyük rolu var. Ümumiyyətlə, cənab Prezidentin türk dünyasının inkişafındakı rolu tarixidir. Qazaxıstanın başladığı bu missiya davam edəcək. Türk dövlətləri bir-birinə daha sıx inteqrasiya edəcək. Dünyada yeni türk birliyinin yaradılmasında Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxstan da öz töhfəsini verəcək”.
Qeyd edək ki, ötən gün Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər edib. Səfər zamanı Azərbaycan və Qazaxıstan prezidentlərinin əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüşü keçirilib. Ardınca iki ölkə arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb.