Modern.az

Xaricdəki irsimizi də Qarabağa qaytarırıq

Xaricdəki irsimizi də Qarabağa qaytarırıq

Parlament

30 Avqust 2022, 17:46

Vətən müharibəsində Azərbaycan Ordusunun Zəfər qazanması ilə düşmən tapdağından azad edilən torpaqlarımızda dərhal bərpa quruculuq işlərinə başlanıldı. Mədəniyyət paytaxtımız Şuşa şəhəri ötən müddət ərzində bir çox önəmli tədbirlərə ev sahibliyi etdi.

 

“Şuşa ili” çərçivəsində həyata keçirilən mədəni, beynəlxalq tədbirlərə minlərlə əcnəbi diplomat, xarici ölkələrdə yaşayan soydaşlarımız, tanınmış şəxslər qatıldılar. Xüsusilə, bu il aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı önəmli məqamlarla yadda qaldı. Vaxtilə Azərbaycan üçün böyük xidmətləri olan tanınmış ictimai-siyasi xadimlərin, mədəniyyət və incəsənət adamlarının müxtəlif xarici ölkələrdə yaşayan varisləri, nəvə-nəticələri ölkəmizə dəvət edildi, onların azad edilmiş ərazilərimizə səfərləri təşkil olundu. Bu addımlar ilk növbədə həmvətənlərimizin soy-kökünə bağlılığına, vətənpərvərlik duyğularının yüksəldilməsinə, yaşadıqları ölkələrdə Azərbaycanı təmsil edərkən stimullaşdırılmasına xidmət edir.

 

Bununla bağlı Modern.az-a danışan deputat Fatma Yıldırım qeyd edib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, xüsusilə Şuşa şəhərində tədbirlərin keçirilməsi ənənə halını alıb. Tarixi şəhərimiz olan Şuşa mədəni, siyasi, humanitar və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir:

 

 

“İşğaldan azad olunmuş ərazilərimizə mütəmadi olaraq təşkil edilən səfərlər, keçirilən tədbirlər həm də rəmzi məna daşıyır. Bu, o deməkdir ki, bu ərazilər bizim tarixi, əzəli torpaqlarımızdır. Şuşaya sahib olmaq bütün Qarabağa sahib olmaq deməkdir. Şuşa Qarabağın onurğa sütunu, Qarabağın tacıdır. Biz tədbirləri Şuşada keçirməklə bütün dünyaya, beynəlxalq birliyə, ermənilərə və onların havadarlarına göstəririk ki, biz öz torpağımızdayıq, dəmir yumruq yerindədir.

 

Şuşaya və digər ərazilərə beynəlxalq ictimaiyyətin nümayəndələrinin, o cümlədən diaspor üzvlərinin səfərlərinin təşkil edilməsinin böyük əhəmiyyəti var. Çünki səfər edənlər müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, xarici jurnalistlər, elm, mədəniyyət xadimləri və digər nüfuzlu şəxslərdir. Onların bu səfərləri, reallıqları öz gözləri ilə görmələri çox yaxşı haldır. Bununla bütün dünyaya Qarabağın tarixi Azərbaycan torpağı olduğu sübut edilir”.

 

Fatma Yıldırım xatırladıb ki, Qarabağa səfər edənlər arasında xaricdə yaşayan soydaşlarımız, xüsusilə Qarabağ xanlarının nəslindən olan və hazırda xaricdə yaşayan insanlar da var:

 

“Bu yaxınlarda İrəvan xanının nəticəsi Şuşaya səfər etdi. Düşünürəm ki, belə səfərlərin təşkil edilməsi mütəmadi olaraq həyata keçirilməlidir. Azərbaycan tarixində iz qoymuş şəxsiyyətlərimiz var ki, onların varisləri xaricdə yaşayırlar və bu insanların Qarabağa səfərləri təşkil edilməlidir. Bu ənənənin davam etdirilməsi milli maraqlarımıza uyğundur. Çünki Qarabağ torpağı üzərində haqqımızı, Qarabağın hansı millətə məxsus olduğunu və ermənilərin bu torpağa heç bir dəxli olmadığını isbatlayır. Eyni zamanda, xaricdə yaşayan gənclərimizin  Şuşaya səfərlərinin təşkil edilməsini yüksək qiymətləndirirəm. Bütün bunlar o məqsədə xidmət edir ki, onlar xaricdə assimilyasiyaya uğramasınlar, Vətənə bağlı, vətənpərvər ruhda, azərbaycançılıq ideologiyasına uyğun böyüsünlər”.

 

 

Deputat Jalə Əliyeva da Ermənistanın kapitulyasiya haqqında bəyanatından qısa müddət sonra ərazilərimizdə quruculuq işlərinə başlandığını vurğulayıb. Deputat qeyd edib ki, Füzulidə Beynəlxalq Hava Limanının tikintisi ilə Qarabağ bütün dünyaya açıldı:

 

“Orada saysız mədəni tədbirlər keçirildi. Xarici qonaqları qəbul edən Şuşamız “Vaqif” poeziya günləri, Xarıbülbül Festivalı, Dünya Azərbaycanlılarının V qurultayı və digər önəmli tədbirlərə ev sahibliyi etdi. Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarabağda dəfələrlə önəmli tədbirlər keçirildi. Xarici səfirlər, diplomatlar davamlı olaraq azad edilmiş ərazilərə səfər etdilər, ermənilərin törətdiyi vandalizmin, barbarlığın birbaşa şahidi oldular. Bütün bunlar Böyük Qayıdışa xidmət edən addımlardır. Biz doğma torpaqlarımıza qayıdanda mədəniyyətimizi, sənətimizi, tariximizi də dirçəltmək üçün böyük layihələr həyata keçirdik.

 

Xarici ölkələrdə yaşayan həmvətənlərimizin Qarabağı, azad edilmiş ərazilərimizi görmək istəyi həddindən artıq yüksəkdir. Ona görə, Dünya Azərbaycanlılarının Qurultayı məhz Şuşada keçirildi, soydaşlarımız Şuşaya səfər etdilər, bu, həm onlar üçün, həm də bizim üçün böyük sevinc qaynağı idi. Mənfur düşmənə və onların havadarlarına sübut etdik ki, Azərbaycan xalqı həmrəydir, hər bir azərbaycanlı dövlətinin, prezidentinin yanındadır. İndi soydaşlarımız Qarabağdakı quruculuq işlərində də iştirak etmək istəyirlər. Bu torpaqlardan çıxan, əsli-kökü Qarabağdan olan, dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış şəxslərin, sənət adamlarının yenidən öz doğma yurduna qayıdıb, burada illərdən bəri baxımsız qalmış ata torpağını öz varlığı ilə işıqlandırması əhəmiyyətlidir. Hər bir soydaşımız addım atmaq üçün tələsir. Diaspor Komitəsi xaricdə yaşayan soydaşlarımızın yenidən Qarabağa qayıtması istiqamətində böyük layihələr həyata keçirir. Ölkə başçısının birbaşa nəzarətində olan layihələrdə dövlətin digər strukturlarının da xidmətləri var”.

 

Erməni lobbisinin fəaliyyətinə diqqət çəkən deputat qeyd edib ki, həm işğal zamanı, həm də 44 günlük müharibə ərzində erməni diasporunun qərəzli, “məqsədyönlü” fəaliyyətinin şahidi olmuşuq:

 

“Onlar Azərbaycan həqiqətlərini danmaq, dünyaya öz istədikləri kimi təqdim etmək üçün əllərindən gələni etdilər. Ermənilər lobbiçik fəaliyyətləri ilə illər ərzində özlərinə böyük istehkam qura bilmişdilər. Amma bu, başdan ayağa yalandan, iftiradan ibarət idi.

 

Qarşıdakı müddətdə biz xaricdə yaşayan soydaşlarımızı, Qarabağda müxtəlif layihələrə, mədəni və tarixi tədbirlərə cəlb edərək, onların yaşadıqları ölkəyə qayıtdıqdan sonra Azərbaycan haqqında daha təfsilatlı məlumat verə bilməsinə şərait yaratmalıyıq. Düşünürəm ki, digər ölkələrdə yaşayan hər bir azərbaycanlı Azərbaycan uğrunda mədəni-ideoloji ideyalarını yaymağa çalışacaq”.

 

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda hazırlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI