Son günlər ölkəmizdə və dünyada geniş yayılan meşə yanğınları cəzaların sərtləşdirilməsi məsələsini yenidən gündəmə gətirib. Meşələrin əksər hallarda qəsdən yandırıldığını deyən vətəndaşlar təbii fəlakətə səbəb olan şəxslərin daha ağır cəzaya məhkum edilməsini təklif edirlər.
Ehtimal olunur ki, radikal addımlarla meşə yanğınlarının qarşısını nisbətən azaltmaq olar. Lakin inzibati cəza tədbirlərinin nə qədər effektiv olması isə sual doğurur.
Bu barədə Modern.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun sözlərinə görə, meşə yanğınlarında həm insan amilinin, həm də iqlimin böyük təsiri var:
“Təbiət özü-özünə alışmır. Demək olar ki, insan amili hər yerdə mövcuddur. Yanğınlar qəsdən və ya ehtiyyatsızlıqdan baş verə bilər. Məsələn, bir nəfər ziyarətçi meşəyə gedir, özü ilə şüşə butulkada su aparır. Həmin şüşəni meşədə atıb gəlir. İnsan bilməlidir ki, adi bir şüşə günəşin şüalarında qızıb, meşəyə od sala bilər. Bu kimi misalları nəzərə alaraq, meşə, qoruq kimi ərazilərə girişə nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu düşünürəm. Maarifləndirmə daha ciddi və geniş olmalıdır. Aidiyyəti orqanlar, xüsusilə icra hakimiyyətləri, Kənd Təsərrüfatı Nazirliyi, yerli sahibkarlarla işləyən qurumların əksəriyyəti əkin-biçin mövsümündən sonra aqrotexniki proseslərin aparılmasına önəm verməlidir.
Baxırsan ki, meşənin, ağaclıq sahənin yaxınlığında yaşayan sakin öz həyətyanı ərazisində buğda əkir. Biçindən sonra yerdə qalan quru samanı saxlayırsa, kiçik bir qığılcım, isti hava həmin samana od düşməsinə səbəb olur. Buradan başlayan yanğın isə meşələrə keçə bilir. Halbuki, əkin sahələri ilə bağlı xüsusi qaydalar var. 4-5 metr ərazidə şumlama olmalıdır, hər hansı yanğın baş verərsə, digər sahələrə keçməsin deyə, əkin-bişin qaydalara uyğun təşkil edilməlidir”.
Komitə sədri hesab edir ki, cəzaların sərtləşdirilməsi meşə yanğınlarının azaldılmasına kömək edə bilər. Amma bu tam həll yolu deyil:
“Mütləq şəkildə aidiyyəti orqanlar əkin-biçin sahələrində maarifləndirməni təşkil etməlidir. Kim nə qədər ərazini əkir, bəllidir, sakinlərin adları, siyahısı müvafiq strukturlarda var. Ərazilərə yaxın yerlərdə xəbərdarlıqlar, reklam lövhələrində məlumatlar olmalıdır. Tək cərimələr tətbiq etmək, cəzaları sərtləşdirmək işin müəyyən qədərinə kömək edə bilər. Amma tam həlli deyil”.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, əkin yerinin yandırılmasına görə Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə cərimə tətbiq etmək səlahiyyəti verilib.
İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
İndiyə qədər əkin yerinin yandırılmasına görə inzibati xətalar haqqında işlərə yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi və ya Kənd Təsərrüfatı Nazirliyi baxıb.