Modern.az

İlham Əliyevin İtaliyaya səfərində TARİXİ HADİSƏ

İlham Əliyevin İtaliyaya səfərində TARİXİ HADİSƏ

Parlament

3 Sentyabr 2022, 09:30

"Prezident İlham Əliyevin İtaliyaya səfəri ölkələrimiz arasındakı çoxşaxəli əlaqələrin inkişafı baxımdan tarixi əhəmiyyət daşıyır. Cənab Prezidentin bu səfərdə zəngin proqramla iştirakı qarşılıqlı münasibətlərin inkişafına təkan verəcək".

 

Bunu Modern.az-a açıqlamasında Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri barədə danışan İtaliya-Azərbaycan Parlamentlərarası işçi qrupunun sədri Azər Kərimli deyib.

 

Deputatın sözlərinə görə, məhz bu zəngin proqram nəticəsində ikigünlük səfər zamanı böyük hadisələrin şahidi olundu:

 

"İlk növbədə İtaliyanın paytaxtı Romada Azərbaycan səfirliyinin yeni binasının açılışı oldu. Cənab Prezident İtaliya Prezidenti ilə görüşündə Romada Azərbaycan səfirliyinin yeni binasının açılmasını Azərbaycan-İtaliya dostluq əlaqələrinin çox mühüm nümunəsi kimi qiymətləndirdi. Digər tərəfdən dünyanın ən qədim tarixi mədəni irsinin yerləşdiyi Roma kimi bir şəhərdə Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başladı ki, bu da ölkəmizin tarixi mədəni irsinin təbliği istiqamətində atılan ən önəmli addımlardan biridir. Bu mənada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Uzun illərdir ki, Heydər Əliyev Fondu bütün dünyada olduğu kimi, İtaliyada da Azərbaycan tarixinin, mədəniyyətinin, Azərbaycan reallıqlarının bu ölkənin xalqına çatdırılması sahəsində fəaliyyət göstərir. Hətta İtaliyada olan müxtəlif mədəniyyət mərkəzlərinin bərpasında çox böyük işlər görülüb. Prezidentin səfəri çərçivəsində həm də İtaliya-Azərbaycan universiteti üzrə sənədlər mübadiləsi həyata keçirildi. Bu gün Azərbaycanın ən nüfuzlu universitetlərindən olan ADA universitetinin İtaliyada hansı ali təhsil müəssisələri ilə sənədlər müqaviləsi imzaladığına nəzər yetirsək, görərik ki, burada İtaliyanın ən məşhur universitetləri yer alır. Bu da Azərbaycan-İtaliya əlaqələrinin təkcə siyasi, iqtisadi cəhətdən deyil, eyni zamanda humanitar, təhsil cəhətdən inkişaf etdiyini göstərir".

 

 

A.Kərimli vurğulayıb ki, Azərbaycan Prezidentinin İtaliya səfərinin baş tutması İtaliyanın Azərbaycana verdiyi önəmin bariz nümunəsidir:

 

"Çünki hazırda İtaliyada hökumət və parlament buraxılıb. Bu ayın 25-də yekun seçki olacaq. Bundan sonra hökumət formalaşacaq. İtaliya qanunlarına görə, bu dönəmdə hökumət çox məhdud fəaliyyət göstərir. Belə vaxtda İtaliyaya başqa ölkələrin birinci şəxslərinin işgüzar səfərləri olmur. Məhz bu dönəmdə Azərbaycan Prezidentinin İtaliya səfərinin baş tutması məhz İtaliyanın Azərbaycana strateji partnyor kimi verdiyi önəmi bir daha bariz nümayiş etdirir.

 

Eyni zamanda, İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu baş tutub. Bu forumda əsasən müxtəlif ölkələrin birinci şəxsləri iştirak edir. Belə görüşdə Prezident İlham Əliyev fəxri qonaq kimi iştirak etdi və enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu haqqında çıxış etdi. Bunu İtaliya səfəri zamanı baş verən ən mühüm hadisə kimi qeyd etmək olar. Hesab edirəm ki, Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri zamanı keçirdiyi bütün görüşlər, tədbirlər iki ölkə arasındakı münasibətləri uğurla irəli aparacaq".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi