Siyasi partiyalara dövlət tərəfindən göstərilən maliyyə yardımının qaydaları müəyyənləşib.
Modern.az xəbər verir ki, bu barədə "Siyasi partiyalar haqqında" yeni hazırlanan qanun layihəsinin ilkin versiyasında qeyd edilib.
Layihəyə əsasən, siyasi partiyalara dövlət tərəfindən maddi yardım ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə vəsait nəzərdə tutulur.
Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulan vəsait (bundan sonra - vəsait) yeni çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə iştirak edərək etibarlı səslər qazanmış siyasi partiyalara qazanılmış etibarlı səslərin sayı barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi səlahiyyətli tərkibdə formalaşdırıldığı gündən etibarən ayrılır və siyasi partiyalar arasında aşağıdakı qaydada bölünərək bu Qanunun 25.6-cı maddəsinə uyğun olaraq rüblər üzrə onların bank hesabına köçürülür:
- vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür;
- vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür;
- vəsaitin 50 faizi Azərbaycan Respublikası Milli Məclisinin say tərkibinə bölünür və bunun nəticəsində alınan məbləğ Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılır. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qayda tətbiq olunur. Bu maddənin birinci cümləsində siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılır;
- vəsaitin 5 faizi Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bu Qanunun 25.2.2-ci maddəsinə əsasən aparılmış bölgü nəticəsində hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə ayrılır.
Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bu Qanunun 25.2.4-cü maddəsinə uyğun olaraq ayrılacaq vəsait həmin seçkilərin yekunları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən sonrakı rübdən hesablanır.
Fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara deputatların sayına görə ayrılacaq vəsait həmin deputatların:
- dövlət qeydiyyatdan keçmiş siyasi partiyanın üzvü kimi qeydə alındığı tarixdən sonrakı rübdən və ya;
- üzv olduğu siyasi partiyanın dövlət qeydiyyatına alındığı tarixdən sonrakı rübdən hesablanır.
İl ərzində bu Qanunun 25.2.4-cü maddəsinin tətbiqi zamanı vəsait çatışmazlığı yarandıqda həmin çatışmazlıq bu Qanunun 25.1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin istifadə edilməmiş hissəsi hesabına, istifadə olunmamış hissə mövcud olmadıqda və ya kifayət etmədikdə isə dövlət büdcəsinin ehtiyat mənbələrindən əlavə maliyyə yardımının ayrılması hesabına aradan qaldırılır.
Bu Qanunun 25.1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 25-ci maddəsinin tələbləri nəzərə alınmaqla, rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülür. Siyasi partiyalara dövlət maddi yardımının verilməsi üçün vəsaitin rüblük bölgüsü aparıldıqdan sonra rüb üzrə ayrılan vəsaitin istifadə olunmamış hissəsi (bu Qanunun 25.2.3-cü maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş vəsait istisna olmaqla) bu Qanunun 25.5-ci maddəsi üzrə il ərzində yarana biləcək öhdəliklər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər rübün sonunda Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür.
Siyasi partiyalar Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, dövlət büdcəsindən ayrılan vəsait bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hər bir siyasi partiyaya ayrıca verilir.
Siyasi partiya dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdikdə həmin vəsait bu Qanunun 25.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq istifadə olunur.