Ölkəmizdə fəaliyyət göstərən 39 siyasi partiyanın müraciəti əsasında Milli Məclisdə "Siyasi partiyalar haqqında" qanun layihəsinin ilkin variantı hazırlanaraq, ictimai müzakirəyə təqdim olunur.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov deyib. Deputat xatırladıb ki, Azərbaycan son 30 ildə böyük inkişaf yolu keçib, demək olar, cəmiyyətin hər bir sahəsində böyük dəyişikliklərə imza atılıb:
"Ölkədə iqtisadi və idarəetmə sistemində islahatlar aparılmış, siyasi mühitin daha demokratikləşdirmə prosesi davam etməkdədir. Ötən müddətdə bütün siyasi partiyalar arasında dialoq mühiti formalaşıb, milli maraqları kəsb edən məsələlərdə vahid mövqedən çıxış etmək mədəniyyəti aşılanıb. 44 günlük Vətən müharibəsində siyasi baxışlarından asılı olmayaraq, təxmini bütün partiyaların birləşməsi və xalqımızın haqq işinin dəstəklənməsi yeni reallıqdır. Müharibədə qazanılmış qələbədən sonra yaranmış yeni reallıqa uyğun siyasi partiyaların aktivliyinin artırılması və siyasi proseslərdə iştirak edərək cəmiyyətin aktiv qüvvəsinə çevrilməsi aktuallaşıb.
Passiv mövqedə dayanan və siyasi proseslərdən kənarda qalmağa üstünlük verən siyasi partiyaların fəaliyyətlərinə yenidən baxılması da zəruri olub. İctimai müzakirələrə təqdim olunmuş qanun layihəsinin hazırlanmasında Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Qanun layihəsində siyasi partiyaların fəaliyyətində keyfiyyətin artmasına xidmət edəcək dəyişikliklər nəzərdə tutulub".
Qanun layihəsinin Milli Məclisdə geniş şəkildə müzakirə ediləcəyini diqqətə çatdıran deputatın sözlərinə görə, səsləndiriləcək yeni və səmərəli təkliflər nəzərə alınacaq:
"Milli Məclisin payız sessiyasında geniş müzakirələr aparılmaqla "Siyasi partiyalar haqqında" qanun layihəsi plenar iclasa tövsiyə edilə bilər. Hesab edirəm ki, qəbul olunacaq qanun layihəsi ölkəmizdəki siyasi mühiti keyfiyyətcə yeni mərhələyə daxil edəcək".