Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Banqladeş Xalq Respublikası parlamentinin sədri Şirin Şarmin Çaudhuri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan və Banqladeşin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq etdiyini vurğulayan Sahibə Qafarova deyib ki, Banqladeşin həm Qoşulmama Hərəkatı, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsində ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirirlər.
Spiker Sahibə Qafarova ölkələr arasında müsbət münasibətlərin mövcud olduğunu qeyd edərək, müxtəlif səviyyələrdə və sahələrdə qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkələr arasında hüquqi bazanın genişləndirilməsi daha sıx əlaqələrin qurulmasına töhfə verə bilər. Həmçinin parlamentlər arasında qarşılıqlı əməkdaşlıq dövlətlər arasında əlaqələrin inkişafına müsbət təsir göstərə bilər.
Banqladeş Xalq Respublikası parlamentinin sədri Şirin Şarmin Çaudhuri ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini söyləyərək, vurğulayıb ki, bu məqsədlə bir çox sahələrdə əlaqələrin qurulmasında maraqlıdırlar. O cümlədən, qanunverici orqanları arasında əlaqələrin daha da genişləndirilməsi münasibətlərin dərinləşməsi üçün yaxşı imkanlar yarada bilər.
Şirin Şarmin Çaudhuri Banqladeş parlamentinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə böyük önəm verdiyini bildirib. O, bu ölkənin nümayəndə heyətinin Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etdiyini qeyd edib, Konfransda qaldırılan məsələlərin əhəmiyyətindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.