Modern.az

Minsk qrupunu gündəmə gətirmək ağılsızlıqdır - Komitə sədri

Minsk qrupunu gündəmə gətirmək ağılsızlıqdır - Komitə sədri

Parlament

12 Sentyabr 2022, 14:38

"Son günlər Ermənistan tərəfindən Minsk qrupunun fəaliyyətini bərpa etmək, Qarabağın statusunu müəyyənləşdirmək haqqında tez-tez səsləndirilən fikirlər sülh danışıqlarını ləngitmək üçün bir bəhanədir".

 

Bunu Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Rzayev deyib. O qeyd edib ki, xaricdən diktə olunan bu məsələlər imzalanmış bəyanatların ruhuna ziddir və gələcək üçün yaxşı heç nə vəd etmir:

 

"Ermənistan rəhbərliyi dəfələrlə bu barədə Fransaya, ABŞ-a və Avropa İttifaqı ölkələrinə, eləcə də Rusiyaya müraciət edib. Ancaq Azərbaycan bütünlüklə bunun əleyhinədir. Çünki ATƏT-in Minsk qrupu fəaliyyətdə olduğu 30 ilə yaxın bir dövrdə münasibətlərin nizama salınması, Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi, Ermənistanın təcavüzkarlığının qarşısının alınması sahəsində heç bir iş görməyib. Buna görə də Minsk qrupu öz səmərəliliyini nümayiş etdirən, heç bir işə yaramayan, nəyisə tənzimləmək iqtidarında olmayan, əslində Ermənistanın tərəfini saxlayan bir qurum kimi tanınır.         

            

Minsk qrupu təkcə praktiki deyil, həm də hüquqi mənada fəaliyyətsizdir. Qrupun Rusiya təmsilçisi artıq başqa statusa malikdir. Aydındır ki, Paşinyan Fransanın regionda təsirini gücləndirmək üçün ATƏT - in Minsk qrupunun formatını ortalığa atır və nəyəsə ümid edərək vaxt qazanmağa çalışır".     

 

Qarabağın statusu məsələsinə gəldikdə isə komitə sədri hesab edir ki, bu, artıq birmənalı olaraq həll edilib:

 

"Qarabağ Azərbaycanın ərazisidir, ayrılmaz tərkib hissəsidir. Bu beynəlxalq sənədlərdə təsdiq edilib, dünya da bu fikirdədir. Üçtərəfli bəyanatı imzalayan Rusiya da eyni fikirləri dəstəkləyir - "Qarabağ Azərbaycandır" deyir və tərtib olunmuş sənədlərdə başqa statusdan söhbət getmir. Rusiyanın bu baxımdan mövqeyi dəyişməzdir.     Paşinyana və müəyyən siyasi dairələrə belə sərsəm fikirləri səsləndirməyi onların düşdüyü çətin və çıxılmaz vəziyyət diktə edir. Bu gün Paşinyana Qərbdən, Avropadan, eləcə də daxildən, erməni diasporasından təzyiqlər çox güclüdür. O, çıxılmaz hala düşüb, manevrlər etməklə canını qurtarmaq istəyir. Bu isə gülünc doğurur və Ermənistanı gündəlik siyasi - iqtisadi uçuruma aparır. Baş Nazir cürət tapıb sülh müqaviləsini imzalamaqla özünü ağır bəlalardan xilas edə bilər".                                                                                             

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI