Məlum olduğu kimi, Baş Prokurorluq bazar ertəsi yaydığı məlumatda barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən Əvəz Zeynallı və Elçin Sadıqov haqqında Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (“külli miqdarda rüşvət alma”) ilə cinayət işinin başlandığını və istintaq aparıldığını bildirib.
Bu barədə Modern.az-ın suallarını cavablandıran Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli vurğulayıb ki, məlum hadisə ilə bağlı müxtəlif siyasi və ictimai dairələrdə fərqli mülahizələr səsləndirilməkdədir.
"Amma qanunvericilik hakimiyyətinin nümayəndəsi, Milli Məclisin deputatı Vahid Əhmədovun şəxsi mülahizələrə və fərziyyələrə əsaslanan fikirləri ilə hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salmaq cəhdi təəssüf doğurur. Bu cinayət işi məhz mediada yayımlanan məlumatlar və prokurorluğa daxil olmuş müraciət əsasında aparılan araşdırma nəticəsində qaldırılıb.
Sözsüz ki, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Amma deputatın istintaq və məhkəmə prosesi ilə bağlı fikirlərində və şərhlərində şəxsi mülahizələrindən qərəzli çıxış etməsi məhkəmə hakimiyyətinin fəaliyyətinə müdaxilə kimi dəyərləndirilə bilər.
Aydındır ki, hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Sözügedən hadisə ilə bağlı prokurorluq orqanlarında istintaq davam edir və məhkəmənin qəbul edəcəyi qərar ilə son hüquqi qiymət veriləcəkdir", - deyə Əli Hüseynli vurğulayıb.