Azərbaycan çempionu “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. G qrupunda yer alan komandamız ötən gün Bakıda Fransanın “Nant” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. "Qarabağ"ın heyətində Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç fərqləniblər.
Ağdam klubunun möhtəşəm qələbəsindən sonra Prezident İlham Əliyev rəsmi tviter hesabında paylaşım edərək “Qarabağ”ın Fransa klubunu darmadağın etdiyini yazıb.
Paylaşımda deyilir: “Qarabağ (Azərbaycan) - Nant (Fransa) - 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!”
Ölkə başçısının “Qarabağ”la bağlı paylaşımı maraqla qarşılanıb. Bəzi şərhçilər bunun son günlər sərhəddə baş verən hadisələr fonunda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Fransaya siyasi mesaj olduğunu düşünürlər.
Bununla bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, “Qarabağ”ın belə möhtəşəm qələbə qazanması hər birimizi sevindirir. Onun sözlərinə görə, Ağdam komandasının Fransa klubuna qalib gəlməsi qürurverici hadisədir.
“Qarabağın adı hər kəs üçün əziz, doğma və müqəddəsdir. Bu günlərdə xalqımız 71 şəhidini yad edir. Xalqın kədərli olduğu belə həssas məqamda futbol komandamızın qələbə qazanması hər birimizi sevindirdi. Bu, həm də onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğalla, təxribatlarla barışmayacaq. Bütün səy və cəhdlərə baxmayaraq, öz qələbəsini təmin edəcək. Bu baxımdan qələbə münasibətilə baş məşqçi Qurban Qurbanovu və komandanın üzvlərini təbrik edirəm. Çox böyük qələbədir. “Qarabağ” həqiqətən də Azərbaycan xalqına böyük sevinc bəxş etdi, bizə növbəti dəfə qürur yaşatdı”.
Ceyhun Məmmədov Prezidentin atdığı tvitdən söz açaraq deyib:
“Oyundan sonra cənab Prezidentin paylaşdığı tvit yerinə düşdü. Məlumdur ki, cənab Prezidentin "Qarabağ" komandasına çox böyük diqqət və qayğısı var. Prezident dəfələrlə "Qarabağ" komandasını qəbul edərkən, onlarla bağlı müsbət fikirlər səsləndirib. Prezident “Qarabağ”ın üzləşdiyi ədalətsizliklə heç vaxt barışmayıb”.
Deputat, həmçinin Prezidentin paylaşdığı tvitin Fransaya mesaj olduğuna dair fikirləri belə şərh edib:
“Fransanın bizə qarşı ədalətsiz mövqe bəsləməsinin əleyhinəyəm. Ancaq bu futboldur. Futboldakı işlərimizi digər işlərlə qarışdırmamalıyıq. Çünki biz böyük xalqıq, biz tolerant və multikulturalıq. Futbolda qalib gəlmək də, məğub olmaq da var. Bunun sırf xalqlar, millətlər, dövlətlər üzrə qurulmasının tərəfdarı deyiləm. Belə bir yanaşmaya Fransanın bizə münasibəti səbəb ola bilər. Ancaq biz öz hislərimizi cilovlamağı bacarmalıyıq”.
Milli Məclisin deputatı Fazil Mustafa isə bildirib ki, ümumiyyətlə, futbolda və digər idman növlərində erməniyə, fransıza, yaxud, hansısa millətə qalib gəlmək anlayışı yoxdur:
"Biz idmançıları pressinq altında saxlamamalıyıq. Deməməliyik ki, fransız, ya erməniyə qalib gəlsən qəhrəmansan. Bəs uduzanda necə olacaq? Bəxti gətirməyib məğlub olanda idmançını düşmən elan edəcəyik? Ümumiyyətlə, mədəni cəmiyyətlərdə belə oyunlarda hansısa millətə qalib gəlmirsən. Araşdırsaq, “Nant” komandasının oyunçularının bəlkə yarısına qədəri fransız deyil. Ümumilikdə Qarabağ komandası möhtəşəm oyunu ilə Azərbaycan xalqını qürurlandırdı. Bu qələbə çox ağır şəraitdə əldə olundu. Komanda sanki 71 şəhid verdiyinə görə kədərli olan Azərbaycan cəmiyyətinə təsəlli üçün oynadı. Mən hiss etdim ki, meydanda sanki 71 şəhidə borcunu yerinə yetirən komanda var idi. Bu da sevindirici faktdır. Çünki bu, millətin futbol komandası, azerkeşi, Prezidenti və digər fərdlərinin də eyni duyğunu paylaşdığını göstərir. Buna sevinmək lazımdır”.
Parlamentarinin sözlərinə görə, "Qarabağ" bu gün istənilən güclü komandanı məğlub etmək imkanına sahibdir:
"Komanda üzvləri hər biri öz funksiyasını yerinə yetirir. Bu da Qurban Qurbanovun məşqçi zəkasının məhsuludur. Məşqçi ortabab oyunçulardan güclü komanda yaratdı. Kollektiv güclə istənilən komandanın oyununu poza bilir. Fransa kubokunu almış "Nant" komandası ikinci yarıda demək olar ki, yox idi. Bundan öncə Almaniyanın Bundesliqasına liderlik edən "Frayburq" komandası da hakim köməyi ilə qalib gəldi. Hesabın 2:0 olmasına baxmayaraq, "Qarabağ" oyunu çevirə bilmişdi. Budur, "Qarabağ". Bunu qeyd etməliyik".
Deputat qeyd edib ki, Prezident qələbədən emosional olaraq aldığı zövqü tvitlə ifadə edib:
"Prezident peşəkar siyasətçidir. Siyasətçi bu cür situasiyalardan həm də Azərbaycanın siyasi təbliğatı üçün istifadə edir. Ölkə başçısı bu fürsəti qaçırmayıb, Azərbaycanın siyasi təbliğatını aparıb. Biz hər fürsətdə bunu etməliyik. Bunun xüsusi siyasi səbəbi yoxdur. Bundan öncə Prezident “Qarabağ” komandasını qəbul edərkən də bildirmişdi ki, haqsızlıq hər sahədə olur. Siyasətdə də, "Qarabağ"da da. Təbii ki, bunlar deyilməlidir".