Modern.az

Milli Məclisdə Hesablama Palatası korrupsiyaya göz yummaqda suçlandı

Milli Məclisdə Hesablama Palatası korrupsiyaya göz yummaqda suçlandı

5 Aprel 2013, 14:00

“Palatanın hesabatında bu məsələyə cəmi 2,5 səhifə ayrılıb və orada yalnız 2-3 xırda təşkilatın yoxlanılması haqda məlumat verilir”

Milli Məclisin bugünkü iclasında Hesablama Palatasının sədri Heydər Əsədovun hesabatı dinlənilib. Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov da hesabatla bağlı müzakirələrdə iştirak edib.

Modern.az-ın məlumatına İlyas İsmayılov ilk növbədə qeyd edib ki, son illər Hesablama Palatasının əsas fəaliyyət göstəricilərində müsbət dinamika müşahidə olunur: “Doğrudan da, bu qurum çox kiçik aparatla böyük işlər görür. Ölkənin büdcə həyatının, demək olar ki, bütün növ subyektləri yoxlamalarla əhatə edilir - Palata “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” Qanunda göstərilən bütün  müddəaları, ələlxüsus, özünün əsas funksiyalarını, demək olar ki, əsasən yerinə yetirir”.

Bununla belə, İ.İsmayılov Palataya gələcək fəaliyyətində bəzi məsələlərə daha çox diqqət ayırmağı tövsiyə edib: “Ötənilki hesabatı təqdim edərkən Palata sədri, hörmətli cənab Heydər Əsədov göstərmişdi ki, "Nöqsanların əsas hissəsi dövlət alışlarında, kommunal-mənzil sistemində normativlərin düzgün tətbiq edilməməsində və s. aşkarlanıb". Builki hesabatda da əsas nöqsanlar eyni sahələrdə aşkar olunub. Bu isə o deməkdir ki, burada hansısa sistemli problemlər mövcuddur. Yəni, göstərilən sahələrdə artıq idarəçilik islahatlarına, o cümlədən dövlət alışlarının tam şəffaf keçirilməsini təmin edən,  kommunal-mənzil sisteminin strukturu, onun kadr heyətinin düzgün formalaşması, işçilərin peşə hazırlığının artırılması kimi sahələrdə ciddi islahatlara ehtiyac var”.

Məlum olduğu kimi, Hesablama Palatasının işində yoxlamalar əsas yer tutur. İkinci əsas istiqamət isə dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə, dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verməkdir. Məhz bu baxımdan deputat bildirib ki, qanun layihələri Milli Məclisin müzakirəsinə çıxarılmazdan əvvəl rəy üçün Hesablama Palatasına təqdim olunarkən, onlara, prioritet sayılan məsələlərə dair daha dərin analitik rəylərin verilməsini məqsədəuyğun sayır: “Büdcə xərclərinin əsas istiqamətləri hansılar olmalıdır? Bu suala cavab vermək üçün bir faktı xatırladım. Yadınızdadırsa, Avropa İnkişaf Bankı  2011-ci ildə əhali arasında rəy sorğusu keçirmişdi. Verilən sualların biri dövlət xərclərinin prioritetlərinə aid idi və sorğu iştirakçılarının 55 faizi  büdcə vəsaitlərinin əsasən təhsil, səhiyyə və kasıbların müdafiəsi məsələlərinə yönəldilməsini arzuladığını bildirmişdi.  Təsadüfi deyil ki, keçid dövrü ölkələri içərisində Azərbaycan kasıblarla varlılar arasında kəskin fərqin azaldılması və bərabərliyin müdafiə edilməsi sahəsində, təəssüf ki, sonuncu yerlərdədir.  Zənnimcə, Hesablama Palatası məhz təhsil, səhiyyə və kommunal təsərrüfatı təşkilatlarında qayda-qanunun yaradılmasına indikindən də çox vaxt ayırmalı, əhalini narahat edən məsələləri daha prinsipial həll etməlidir”.

İlyas İsmayılov xüsusi vurğulayıb ki, Palata öz işində tarif məsələlərini də diqqətdən kənar qoymamalıdır: “Təbii inhisarçılar olan “Azərsu”, “Azərenerji”, Dövlət Neft Şirkəti və başqalarının öz xidmət qiymətlərini hansı prinsiplər əsasında və nə dərəcədə düzgün təyin etdikləri daim dövlətin və ictimaiyyətin nəzarəti altında olmalıdır”.

İ.İsmayılov ölkənin inkişafına əngəl törədən ən ağrılı məsələyə - korrupsiyaya qarşı mübarizəyə də toxunub: “Palatanın hesabatında bu məsələyə cəmi 2,5 səhifə ayrılıb və orada yalnız 2-3 xırda təşkilatın yoxlanılması haqda məlumat verilir. Mənə elə gəlir ki, büdcə xərclərinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirməli olan Palatamız büdcədən maliyyələşən nəhəng infrastruktur layihələri üzərində daha ciddi nəzarət qurmalı, il ərzində həyata keçirilən belə layihələrin hamısının icrasını mütəmadi şəkildə yoxlamalıdır” .

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım